Məhkəmə qərarları › İş №2-1(114)-3733/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3733/2023

31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3733/2023 31.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdehlər Ağstafa rayon Xətai kənd bələdiyyəsinə, Astafa rayon torpaq şöbəsinə, Tovuz rayon Yerquruluşu Layihə-Tədqiqat və xəritəçəkmə mərkəzinə və X1 qarşı zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və ya başqa torpaq sahəsinin verilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Ağstafa rayon Xətai kənd bələdiyyəsinə, Astafa rayon torpaq şöbəsinə, Tovuz rayon Yerquruluşu Layihə-Tədqiqat və xəritəçəkmə mərkəzinə və X1 qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və ya bələdiyyə tərəfindən həmin həcmdə başqa torpaq sahəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın torpaq sahəsinin zəbtdən azad edilməsi hissəsi inzibati məhkəmə icraatının predmeti deyil və bu qəbildən olan mübahisələrə ümumi (rayon) məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə iddiaçı bir neçə inzibati orqanı (Astafa rayon torpaq şöbəsi istisna olmaqla) cavabdeh qismində cəlb etsə də ayrı-ayrılıqda hər orqana qarşı tələbini əsaslandırmamış, həmçinin məhkəməyə müraciət etməzdən əvvəl həmin orqanlara müvafiq müraciət etməmişdir. Bu hal isə öhdəliyin icrası haqqında iddia növü üzrə mümkünlük şərtlərinə əməl olunmadığını deməyə əsas verir. Həmçinin qeyd olunur ki, “Astafa rayon torpaq şöbəsi” adlı qurum mövcud deyil və cavabdeh qismində cəlb edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, AR İPM-nin tələblərinə görə inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən iddiaçıya izah olunur ki, tələbinin konkret hansı quruma qarşı yönəldiyini dəqiqləşdirməklə həmin quruma müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə bilər. Həmçinin tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan cavabdeh qismində, tələb üzrə hüquq və maraqlarına toxunulan subyekt isə üçüncü şəxs qismində cəlb edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Ağstafa rayon Xətai kənd bələdiyyəsinə, Astafa rayon torpaq şöbəsinə, Tovuz rayon Yerquruluşu Layihə-Tədqiqat və xəritəçəkmə mərkəzinə və X1 qarşı zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və ya başqa torpaq sahəsinin verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar