Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-374/2022 26.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı “X8” MMC-nin qanuni təmsilçisi Məmmədov Mirməhəmməd Həmid oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X8” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı ünvan 1 ünvanında yerləşən “X8” MMC əmlak kompleksi müəssisəsinin Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: “X8” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanında yerləşən “X8” MMC əmlak kompleksi müəssisəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26.04.2022-ci il tarixdə iddiaçı “X8” MMC-nin qanuni təmsilçisi X3 “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən “X8” MMC əmlak kompleksi müəssisəsinin Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən İddiaçı MMC əmlak kompoeksi müəssisənin texniki pasportu vardır. Həmçinin müəssisə özəlləşdirilmişdir. Buna baxmayaraq müəssisəyə dair çıxarış verilməsindən 3 saylı Gəncə Ərazi İdarəsi 20.10.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli məktubla imtina edilmişdir. “X8” MMC-nin rəhbəri olduğu, eyni statusa malik "xxxx" ASC cavabdeh tərəfindən qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı “X8” MMC-nin iddia ərizəsində qeyd etdiyi Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanında yerləşən qeyri-yaşayış binasına dair “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş 07677 nömrəli Texniki pasport 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasına əsas hesab olunur. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüqüqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsullarla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə Gəncə İnzibati Məhkəməsinin 15.02.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin **********54 nömrəli, 03.11.2021-ci il tarixli imtina məktubu, Dövlət Əmlak Komitəsi tərəfindən veilmiş, 07677 nömrəli, 17.06.1998-ci il tarixli texniki pasport, cavabdehin iddiaçıya ünvanlanmış **********60 nörəli, 15.02.2013-cü il tarixli məktubu, kommersiya qurumunun dövlət reyestindən çıxarış, dövlət Əmlak Komitəsinin 12.09.1997-ci il tarixli, 734 nömrəli sərəncamı, cavabdehin **********95 nömrəli, 23.12.2021-ci il tarixi məktubu, cavabdehin **********62 nömrəli, 24.12.2021-ci il tarixli etirazı, cavabdehin **********83, **********17 və **********44 nömrəli, 27.12.2021-ci il, 28.12.2021-ci il və 31.01.2022-ci il tarixli məktubları, Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* nömrəli çıxarışları, 17.08.1998-ci il tarixli sərəncam, dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında məlumat, akt təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Kommersiya qurumunun dövlət reyestindən çıxarışdan görünür ki, “X8” MMC 15.08.2000-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.09.1997-ci il tarixli, 734 nömrəli Sərəcamından görünür ki, ünvan 7 ünvanında yerləşən Gəncə Metal-plastik kütlə məmulatları zavodunun bazasında “X8” açıq tipli səhmdar cəmiyyəti yaradılması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçıya ünvanlanmış **********60 nömrəli, 15.02.2013-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na və Azərbaycan Respublikasının 29.11.1996-cı il tarixli, 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsanamə”yə uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 12.09.1997-ci il tarixli, 734 nömrəli Sərəncamı ilə “Sənaye- Ticarət” X6 X9 məmulatları zavodunun bazasında “X8” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 15.03.2011-ci il tarixinə tam özəlləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 17.06.1998-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən tikintilərin və torpaq sahəsinin plan cizgisi çəkilmişdir. Cavabdehin **********83 nömrəli, 27.12.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Elektron kadastr məlumat bazasında torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi bildirmişdir ki, rəhbəri olduğu "xxxx" ASC çıxarışın alınması üçün cavabadehə müraciət edərkən eyni sənədləri təqdim etmiş, cavabdeh həmin müəssisəni dövlət qeydiyyatına alaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. Məhkəmə iddiaçının göstərdiyi bu faktın araşdırılması məqsədi ilə cavabdehə 19.01.2021-ci il tarixdə sorğu göndərərək "xxxx" ASC-nin adına verilmiş çıxarışların verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını tələb etmiş, məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilən **********44 nömrəli, 31.01.2022-ci il tarixli məktubda "xxxx" ASC-nin adına verilmiş çıxarışların verilməsinə əsasın Özəlləşdirilmə barədə Sərəncam, rayonlar üzrə səhmdar cəmiyyətlərin yaradılması şöbəsi üzrə dövlət müəssiələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında məlumat, müəssisə əmlakının inventarlaşdırılması, uçotu və qiymətləndirilməsi haqqında akt təşkil etdiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Maddə 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; Maddə 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Məhkəmə yuxarıda sadalanan maddi hüququ normalarına və işin faktiki hallarına əsaslanaraq cavabdehin, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi barədə dəlilini əsassız sayaraq bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun (bundan sonra mətndə Qanun) 10-cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, habelə torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportu, plan cizgisini təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması imtina üçün əsas ola bilməz. Ona görə ki, cavabdehin məhkəməyə göndərdiyi 27.12.2021-ci il tarixli, **********83 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyət növü elektron kadastr məlumat bazasında dövlət kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qurum sözügedən torpaqlara münasibətdə sərəncam vermək (mülkiyyətə, icarəyə, istifadəyə) səlahiyyətlərinə malikdir. Bundan əlavə məhkəmə cavabdehin diqqətinə çatdırılmasını zərur hesab edib qeyd edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Məhkəmə bu istiqamətdə cavabdehin inzibati praktikasını yoxlayarkən müəyyən etmişdir ki, "xxxx"ASC-yə dövlət reyestrindən çıxarış verilərkən cavabdeh hazırki işdə iddiaçı tərəfindən ona təqdim olunmuş sənədlərdən əlavə sənəd tələb etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanun 19.1-cu maddəsində qeyd olunmuşdur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə həmçinin qeyd edir ki, imtina üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən “X8” MMC əmlak kompleksi müəssisəsinin üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi hüququna malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən “X8” MMC əmlak kompleksi müəssisəsinin Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-374/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-374/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver