Məhkəmə qərarları › İş №2-1(114)-3740/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3740/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3740/2023 05.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 114 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 126 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən ştata təyin olunmuş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 152 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən hesab edilməklə yenidən ştat üzrə vəzifəyə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 52 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1994-cü il tarixdən getmiş (h/hospitala) hesab edilmiş və ərzaq təminatından çıxarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 848 nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il, yanvar-dekabr 1995-ci il, yanvar-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar olunmamışdır. İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin 23-cü səhifəsindəki və hərbi kartasındakı qeydə əsasən iddiaçı barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarı tətbiq edilmiş və həmin qərara əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçmiş xidməti hərbi xidmət müddəti hesab edilməmişdir. İddiaçıya xx.xx.2001-ci il tarixdə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən M/V 061874 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin vəsiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 174 nömrəli qərarına və keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 4/1968 nömrəli məktubuna əsasən ləğv olunması üçün Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43-90/2-271/2023 nömrəli məktubuna əsasən qeyd olunan vəsiqə xx.xx.2012-ci il tarixli aktla ləğv edilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-6372 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-170 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək hərbi xidməti barədə məlumat olmadığına iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtinanın əsası olan Azərbaycan Respublikası müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-170 nömrəli arayışına əsasən iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 114 No-li əmrilə (əsas: səh.-16, §3; qeyd: əmrdə adı Bəhrəm yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 126 №-li əmrilə (əsas: səh.-21, §3, sıra-6; qeyd: əmrdə adı Bəhrəm yazılmışdır) İddiaçı V Məhəmməd oğlu xx.xx.1993-cü il tarixdən ştata təyin olunmuşdur. Şəmkir RHK-dan çağırılmış, sıravi X4 N No-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 152 №o-li əmrilə (əsas: səh.-47, $4) xx.xx.1993-cü il tarixdən "mexanik" vəzifəsinə təyin olunmuşdur. Rabitə bölüyünün hərbi qulluqçusu İddiaçı Mamed oğlu N No-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 52 No-li əmrilə (əsas: §1, sıra-27; qeyd: əmrdə adı Bəhrəm, atasının adı Mamed yazılmış, hərbi rütbəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən hərbi hospitala getmiş hesab edilərək, ərzaq təminatından çıxarılmışdır. Qeyd edirik ki, N №o-li hərbi hissənin 1993-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və komandirin noyabr-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N No-li hərbi hissənin 1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Şəmkir royonunda anadan olmuş, hal- hazırda Şəmkir şəhəri R.Behbudov küçəsi 23 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. O, xx.xx.1993-cü il tarixdə Şəmkir rayon hərbi komissarlığından toplanışa çağırılaraq N nömrəli hərbi hissənin, rabitə bölüyünün tərkibində Birinci Vətən müharibəsində iştirak etmiş, Murovdağ və Kəlbəcər rayonu uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ilin fevral ayının 16-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə digər döyüşən əsgərlər kimi o, da donmuş və donvurma ilə əlaqədar Toğana səhra hospitalında müalicə olunmuşdur. 1994-cü ilin mart ayında hospitalda müalicə olunduqdan sonra, yenidən N nömrəli hərbi hissəyə qayıtmışdır. Orada məlum oldu ki, N nömrəli hərbi hissə Seyfəli poliqonuna köçürülüb. Ona görə də iddiaçı 1994-cü ilin aprel ayının əvvəllərində qayıdıb Seyfəli poliqonuna getmiş və orada bildirilmişdir ki, artıq onun hərbi hissəsi buradan köçüb Fizuli rayonuna gedib. İddiaçı ona görə də Şəmkir rayon komissarlığına müraciət edib, hərbi hissəyə göndərilməsini bildirsə də, ona demişlər ki, onlarla mütəmadi əlaqə saxlayın, eləcə də komissarlıqda telefon nömrələrini şəxsi işinə yazdılar və lazım olan anda iddiaçı ilə yenidən özləri çağıracaqlarını dedilər. Lakin 1994-cü ilin may ayının əvvəllərində atəşkəs olduğundan iddiaçını çağırmadılar. Atəşkəsdən sonra Şəmkir rayon komissarlığı tərəfindən veteranların siyahı tutularkən ona müharibə veteranı adı və vəsiqəsi verildi. Həmin illərdə beş şirvan veteran pulu alırdı. Bir neçə il veteran pulu aldıqdan sonra iddiaçı komissarlığa gedib vəsiqədə ata adının Məhəmməd deyil, diqqətsizlikdən Məmməd kimi yazıldığını demiş, komisar iddiaçıdan vəsiqəsini almış və demişdir ki, Bakı şəhərindən yeni vəsiqə gələndə gəlib götürər, özləri çağıracaqlar. Lakin sonralar hərbi komissar Abdullayevin yerini Bakı şəhərinin hansısa rayonuna dəyişdilər. İddiaçının isə yeni vetaran vəsiqəsi gəlsə də it-bata düşdü, tapıb ona vermədilər. İddiaçının Birinci Vətən müharibəsində döyüşlərdə iştirak etməsi Arxiv arayışından da təsdiq olunur. Onunla döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün vetaran olsalar da, iddiaçının veteranlığı bərpa edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da iddiaçının konstitusiya ilə müəyyən edilmiş hüquqlarımın pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-4/2-3615/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənəyə istinad etmişdir. Bildirmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2020ci il tarixli, 9/2-170 nömrəli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1993-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildiyi, xx.xx.1994-cü il tarixdən hərbi hospitala getdiyi müəyyən olunmuşdur. Lakin, müalicədən sonra (iddiaçı özü də etiraf etmişdir) hərbi hissəyə qayıtması və ya iş materiallarında iddiaçının uzun müddət stasionar müalicədə olması, aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyildir. Belə olan vəziyyətdə iddiaçı müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmalı olduğu halda, bunu etməmişdir. Həmçinin, iddiaçı barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarı tətbiq edilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçmiş xidməti hərbi xidmət müddəti hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar