Məhkəmə qərarları › İş №2-1(114)-375/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-375/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-375/2020 12.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. N nömrəli hərbi hissənin tərkibində xidmətdə olmuş və 1992-ci ildə erməni quldur birləşmələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək eyni zamanda onu da bildirmişdir ki, N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1992-ci il tarixdə hər iki budun və baldırın arxa səthlərinin yumşaq toxumalarının odlu qəlpə yarası almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin diaqnoz ilə müalicə almışdır. Göstərilənlərə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 11/6140 nömrəli iddia ərizəsinə etirazda N () nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissədən təxris olunması barədə məlumat aşkar olunmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/M-7664 nömrəli məktubu; - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - medalla təltif edilməsi barədə iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli, 1358 nömrəli vəsiqənin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1237 nömrəli qərarının surəti; - Gəncə Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli, HP-15/756 nömrəli məktubunun surəti; - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli, 19HP1078 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2-2407 nömrəli arxiv arayışının surəti; - Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli arayışının surəti; - 1164 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin surəti; - Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığının xx.xx.1994-cü il tarixli, 4/894 nömrəli arayışının surəti; - xx.xx.1989-cu il tarixli NZ seriyalı, ******* nömrəli hərbi biletin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X1 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin 1-ci maddəsinin tələblərinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1237 nömrəli qərarının surətindən görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı hərbi hissədə müayinə və mülaicə olunduğu yaralanma-diaqnozu “hər iki budun və baldırın arxa səthlərinin yumşaq toxumalarının odlu qəlpə yaralanmaları”, “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alımışdır” kimi müəyyən edilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx.xx.2018-ci il tarixli, 1358 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı medalı ilə təltif olunmuşdur. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunanTərtər hərbi prokurorluğunun xx.xx.2017-ci il tarixli, 19HP1078 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təsdiqləndirici material və ya cinayət işi olmamışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2-2407 nömrəli arxiv aryışının surətindən görünür ki, Xanlar rayon Hərbi Komissarlığından çağrılmış İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 3 nömrəli əmrilə (əsas: səh-5, sıra- 242, əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) hər cür təminatlarla təmin edilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığının xx.xx.1999-cü il tarixli, 4/672 nömrəli arayışının surətindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı yaralandığı Ağdərə rayonunda hərbi xidmət keçmiş və hazırda hərbi biletini almaq üçün Ağdərə rayonuna gedir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli, 1/418 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının silahlı qüvvələrinin tərkibində əsgəri xidmətdədir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və Respublikamızın Ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdfiə edən hər bir qulluqçuların və könüllülərinin ailələrinin sosial müdafiəsi haqqında” 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı vardır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan çıxarış epikrizinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hər iki budun və baldırın arxa səthlərinin yumşaq toxumalarının odlu qəlpə yaralanmaları diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığının xx.xx.1994-cü il tarixli, 4/894 nömrəli arayışının surətindən görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmiş, Tərtər rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış və əlildir. Həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış İddiaçı məxsus qeydiyyat kartasının təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdə hər iki budun və baldırın arxa səthlərinin yumşaq toxumalarının odlu qəlpə yarası almışdır. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissənin tərkibindəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1992-ci il tarixdəhər iki budun və baldırın arxa səthlərinin yumşaq toxumalarının odlu qəlpə yarası almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin diaqnoz ilə müalicə almışdır. Yuxarıda tədqiq edilən sənədlər də onun həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edir. O, müharibə veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, oradan onun ərizəsinə müsbət cavab verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, hazırki vəziyyətdə cavabdeh orqanın yalnız iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunmasını təsdiq edən hər-hansı sənədin olmaması iddiaçının döyüşlərdə iştirak etməməsi anlamına gələ bilməz və onun veteran hesab olunmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, İddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar