Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3750/2025 02.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdehnə qarşı «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1963-cü il tarixdə aparılmış doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Yegeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. Ona məxsus olan doğum haqqında şəhadətnamədə doğulduğu tarix xx.xx.1963-cü il göstərilmişdir. Bu həmin şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş variantı ilə də təsdiq edilir. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində doğum tarixi texniki səhv olaraq xx.xx.1969-cu il göstərilmişdir. Bu halın mövcud olması ona gələcəkdə pensiyaya çıxan zaman əngəl törədəcəkdir. Bununla bağlı Daşkəsən rayon Polis şöbəsinə müraciət etsə də, aidiyyəti üzrə Qeydiyyat Şöbəsinə müraciət etməli olması bildirilmişdir. Həmin orqan isə müraciətini təmin etmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbinin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq göstərdi ki, doğum haqqında şəhadətnamədə doğum tarixi düzgün qeyd olunmuşdur. Onun doğum ili xx.xx.1963-cü ildir. Ona məxsus şəxsiyyət vəsiqəsində lakin doğum tarixi texniki olaraq səhv qeyd olunmuşdur. Bu gün üçün onu narahat edən həmin şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv olmasıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Belə ki, iddiaçıya məxsus xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, onun doğum tarixi xx.xx.1963-cü ildir. Hansı ki, iddiaçı özü də doğum tarixinin həmin tarix olmasını təsdiq edərək ona məxsus şəxsiyyət vəsiqəsində doğum tarixinin texniki olaraq səhv qeyd edilməsini göstərir. Bu həm iddia ərizəsindən, həm də, məhkəmə iclası zamanı iddiaçının özünün sədrlik edənin suallarına verdiyi cavablardan bəlli olmuşdur. Əgər iddiaçının doğum haqqında şəhadətnaməsində onun doğum tarixi xx.xx.1963-cü il qeyd olunubsa və iddiaçı da doğum tarixinin həmin tarix olmasını əsas tutub özünə məxsus şəxsiyyət vəsiqəsində doğum tarixinin düzəldilməsinə nail olmağa çalışırsa, bu zaman iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Odur ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçının müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarına qarşı ona məxsus şəxsiyyət vəsiqəsində doğum tarixi hissəsində düzəlişin edilməsi tələbi ilə iddia qaldırmaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdehnə qarşı «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3750/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3750/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver