Məhkəmə qərarları › İş №2-1(114)-3751/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3751/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3751/2023 06.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X2rşı diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin 30 iyun 2022-ci il tarixdə onun adına verilmiş, qeydiyyat nömrəsi 2614 olan Bakalavr Diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, həmin fakultənin 1-ci (birinci) kursunu əyani təhsilalma formada oxumuş, ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında 2-ci (ikinci) kursun əvvəlində qiyabi təhsilalma formasına keçmiş, 2-ci (ikinci), 3-cü ( üçüncü) və 4-cü (dördüncü) kursu qiyabi təhsilalma formasında oxumuş, 4-cü (dördüncü) kursun yaz semestrində imtahanların 5-ni (beşini) müvəffəqiyyətlə verdikdən sonra təhsilini dayandıraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 2021-ci ilin yanvar ayında Vladimir Dövlət Universitetinin rektoruna ərizə ilə müraciət edərək hüquq fakultəsində təhsilimi davam etdirmək üçün həmin universitetə bərpa olunmağını xahiş etmiş, ərizəsi əsasında həmin universitetin hüquq fakultəsinin 4-cü ( dördüncü ) kursunun yaz semestrinə bərpa olunmuşdur. Rusiya Federasiyasının Təhsil Nazirliyinin apardığı islahatlar nəticəsində bir neçə il əvvəl Vladimir Dövlət Universitetinin Hüquq institutunda (2013-cü ildən hüquq fakultəsi hüquq institutu adlandırılmışdır) qiyabi təhsilalma forması ləğv edilərək əyaniqiyabi təhsilalma forması ilə əvəz edildiyinə görə 4-cü kursun yaz semestrini (əvvəl 4-cü kursun yaz semestini qiyabi təhsilalma formasında oxumuşdur) və 5-ci kursu əyani-qiyabi təhsilalma formasında oxumuşdur. 2022-ci ildə Vladimir Dövlət Universitetinin Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir.Rusiya Federasiyasının Moskva şəhərində diplomuna Apostil verilmişdir. İddiaçı diplomunun Azərbaycan Respublikasında tanınması üçün qanuna müvafiq olaraq tələb olunan bütün sənədlərini 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1yn qaydada göndərmiş və 250 AZN xidmət haqqı ödəmişdir. Təhsildə X7 tərəfindən diplomu, diploma əlavə, Apostilin verilməsi, xarici pasportu və s. tələb olunan təqdim etdiyi bütün sənədlər yoxlanaraq nə təqdim edilən sənədlərdə, nə də təhsilində heç bir saxtakarlıq aşkar edilməmiş, doğruluğu təsdiq edilmişdir. Ekspertiza yoxlamaları başa çatdıqdan sonra sonuncu mərhələ olan müsahibə mərhələsinə buraxılmışdır. Təhsildə X7 tərəfindən iddiaçıya mesaj göndərilərək müsahibə mərhələsinə buraxılmağı bildirilmiş, karantinlə əlaqədar müsahibənin onlayn qaydada xx.xx.2023-cü il tarixdə keçiriləcəyi haqqında məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə onlayn qaydada tədris dilində (rus dilində) müsahibə keçirilmiş və müsahibədən müvəffəqiyyətlə keçmişdir. xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyətə Təminat Agentliyi tərəfindən ona mesaj göndərilərək bildirilmişdir ki, diplomumun əlavəsində təhsilalma forması əyani-qiyabi yazıldığına görə onun diplomumun tanınması mümkün deyildir. İddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X7 ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı oğludur, 1-ci kursu əyani formada, 2, 3 və 4-cü kursları qiyabi formada oxumuşdur, 2022-ci ildə isə təhsilini bitirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 2614 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli diplomdan görünür ki, İddiaçı Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin « hüquqşünaslıq » fakültəsi üzrə bakalavr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir, tədrisin forması isə « qiyabi-əyani » olmuşdur. -surəti işə əlavə edilmiş Təhsildə X7nin xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı təhsilalma forması üzrə təhsil qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər hansı qanunvericilik aktları ilə tənzimlənmədiyindən onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. -surəti işə əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-3862/23 nömrəli məktubundan görünür ki, İddiaçı 2012-2022-ci illərdə Rusiya Federasiyasına giriş-çıxışı olmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin « hüquqşünaslıq » fakültəsi üzrə bakalavr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş, tədrisin forması isə « qiyabi-əyani » olmuşdur və yekunda ona müvafiq diplom təqdim edilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının təhsilalma forması üzrə təhsil qaydalarının, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənmədiyindən onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş, lakin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmçinin qeyd olunmalıdır ki, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə cavabdehin imtinasına nəzərən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təhsilalma forması (“qiyabi-əyani”) üzrə təhsil qaydalarının, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənməməsi iddiaçının ziyanına şərh edilməli olan məsələ deyil. Belə ki, işdə olan sənədlərlə iddiaçının təhsil müddəti ərzində, yəni 2012-2022-ci illərdə Rusiya Federasiyasına hər il gedib gəlməsi müvafiq dövlət orqanın sorğuya cavab məktubu ilə, eləcə də onun təhsilalma formasının “qiyabi-əyani” olması təhsil aldığı təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş diplomla öz təsdiqi tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən formal əsaslara görə imtina etmişdir. Bu səbəbdən də məhkəmə iddianın əsaslı olması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya məxsus diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 2614 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi Təhsildə X7nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar