Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3752/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ürəyində olan gərginlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, aorta və tac damarların aterosklerozu, qan dövranı çatmamazlığı və s. xəstəliklərdən əziyyət çəkmişdir. Xəstəliyi 2015-ci ildə daha da şiddətləndiyinə görə müalicə üçün Respublikadan kənara getməli olmuş, Belarusiyada,Rusiya Federasiyasında müalicə almışdır, hazırda da xəstədir. TSEK-in səhlənkarlığından təkrar müayinədən keçməsi haqqında məlumatlar əlillik alt sisteminə daxil edilməmişdir. Özündə olan və DSMF-ə təqdim olunan hissələrdə 1-ci qrup müddətsiz əlilliyinin olduğu qeyd olunmuşdur. 2020-ci ilin əvvəllərində əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş vəsaitin geriyə qaytarılması haqqında bildiriş verilmişdir. Əlilliyi dayandığından pensiyanın ödənişi də dayandırılmışdır. İddiaçı Respublikadan kənarda müalicədə olduğu üçün bunları biləndə artıq 5 il müddət ötürülmüşdür. 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytara bilmişdir. Bu yaxınlarda məlumatı olmuşdur ki, artıq ödənilmiş əmək pensiyalarının 3 ildən əvvələ olan dövrü "amnistiya"ya düşür. Belə ki, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən pensiyaçılara artıq ödənmiş vəsait son üç il üçün tutulur. Qanunda edilmiş dəyişiklikdən yararlanmaq məqsədi ilə iddiaçı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əlilliyinin dayandırılmasını əri bilməmiş, ona görə də pensiyanı alaraq istifadə etmişdir. Həmçinin işdə olan razılıq ərizəsini ərinin etibarnamə üzrə nümayəndəsi kimi o, yazmış və imzalamışdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, hal-hazırda iddiaçı aktiv əmək pensiyaçısı olmadığı üçün Qanununun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin ona tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-112059/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İddiaçı 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytarmışdır. Sonradan iddiaçı cavabdehə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılmasını xahiş etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. -39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının nümayəndəsi tutulma üçün razılıq verib, məhkəmə iclasında da bunu etiraf etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3752/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3752/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver