Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-376/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ləğv edilmiş əlilliyinin və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən-2001-ci ilədək Naxçıvan MR "N" saylı DSX-də xidmət etmiş, 1999-cu ildə Sərhəd Qoşunlarının hospitalında "sidik kisəsində olan ağrılar və qanlı sidik ifrazına" görə "sistolitotomiya cərahiyyə əməliyyatı" olunmuşdur. 2002-2013-cü illərdə AR MN-nin "888; 706; 703" saylı hərbi hissəsində xidmət etmiş, 1999-2013-cü illər ərzində mütamadi stasionar müalicə olunsa da səhətində heç bir müsbət irəlləyiş olmamışdır. Hərbi xidmət dövründə 2013-ci ildə hərbi əllil kimi ona "hər iki böyrəyin sidik daşı xəstəliyi,hər iki böyrəyin çox saylı müxtəlifölçülü mərcənvari daşları,sağ sidik axarına düşən daşı, Hidrenevroz İİ mərhələ diaqnozu,xroniki pieonefrit natamam remissiyası mərhələsində Vegetativ damar distoniyası" diaqnozu qoyularaq 2-ci qrup əlillik verilərək pensiya təyin edilmişdir. 2021-ci ildə Bakı şəhərində X2 təkrar həkim komisiyasında olsa da heç bir əyani yoxlama edilmədən xəstəlik sənədlərinə baxılmadan onun əlilliyi ləğv edilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh quruma ərizə ilə müraciətlər etsə də nəticəsi olmamışdır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edərək iddianı müdafiə etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və "X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers…; Diaqnozun mətni: Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası.; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. **********9 nömrəli məktuba əsasən." səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş –Tam Reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə tibb müəssisəsinin 0319003AAJP2 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş va Göndərişin natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1408 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı böyrək ağrısından şikayətlənmişdir. Baxış zamanı boyu 182 sm, çəkisi 113 kq, A/T-160/110 mm.c.s. olmuş, üzündə və aşağı ətraflarında ödem müşahidə olunmamış, sağ saidin aşağı 1/3- də termiki yanıqdan sonrakı vəziyyət izlənmişdir. Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz "Hər iki böyrəyin çoxsaylı daşları. İkitərəfli hidronefroz İİ dərəcə. Xroniki pielonefrit" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1408 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, "Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası" diaqnozlu İddiaçı xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələri barədə məlumatlardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli müayinə nəticəsində “Tez-tez residivləşən iki tərəfli xr. pielonefrit. Böyrək axarı və sidik daşı ilə tutulmus hidronefrozu. Sistolitotomiya cərrahi əməliyyatdan sonrakı hal ” diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinə Tərtər Rayon Mərkəzi Xəstəxanasının 0319003AAFYJ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılılmış və beş il müddətinə 2ci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyətinə “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və əlilliyin təyinindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2.7-ci bəndinə görə 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13- N13.9, N14-N14.4, N18-N18.9) halında ikinci dərəcə əlillik təyin edilir. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli göndərişində iddiaçının əsas diaqnozu ("X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers…; Diaqnozun mətni: Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası.;” kimi qiymətləndirilmişdir. Göründüyü kimi Əsasnamənin 2.2.6-cı bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N11) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində qeyd edilmişdir ki, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1-cı maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun 3.3-cü maddəsində qeyd edilmişdir ki, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-376/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-376/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver