Məhkəmə qərarları › İş №2-1(114)-377/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-377/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-377/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci ilə və xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü illərdə işlədiyi dövrlərin şahid ifadələri əsasında ümumi iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-ci il tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas Qanununun 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman xx.xx.2006-cı il tarixədə nəzərə alınmış iş stajı 32 il 2 ay 26 gün olmuşdur. Daha sonra xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yarandığını və Cəbrayıl rayon Təhsil Şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmadığını əsas gətirərək xx.xx.2006-cı il tarixədək ümumi iş stajını Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı olmaqla nəzərə alaraq pensiyasının məbləğini azaltmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək guya yaşa görə pensiyasının məbləğində 379,89 manat artıq ödəmə müəyyən edilmişdir. Dəfələrlə cavabdeh təşkilata pensiyasının məbləğinin düzgün hesablanaraq ödənilməsi haqqında müraciətləri olsa da, hər dəfəsində bir-birini təkzib edən müxtəlif cavablar almışdır. Sonuncu dəfə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-21- 150253/2/2023 saylı məktubunda qeyd etdikləri düzgün deyil və iddiaçı hesab edir ki, konstitusional hüquqları bilərəkdən pozulmuşdur. İddiaçı onu da qeyd edir ki, cavabdehin xx.xx.2006-cı il tarixədək qəbul etdiyi 25 il umumi iş stajına görə hesabladığı məbləğ belə ona tam ödənilməyib. Belə ki, müvəkkil bankdan hesabına köçürülmüş vəsaitlə "cavabdehin hesabladığı" vəsait arasında uyğunsuzluq var. Belə ki, onların iddiaçıya borcu qalır. Onların hesabı ilə iddaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli idi. 7704,10 manat hesabına keçmişdir, 7032,62 manat. 671,48 manat əksik ödəmə yaranır. Əmək kitabçasına əsasən onun xx.xx.1973-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək cəmi 32 il 2 ay 26 gün iş stajı var, bunu əmək kitabçasında 1994-cü il tarixdə aparılmış qeydlər təsdiq edir. Onu da qeyd etmək istəyir ki, həmin dövrdə işlədiyini onunla bir yerdə təhsil şöbəsində işləmiş (əmək kitabçaları və işlədiyini təsdiq edən qüvvəyə minmiş məhkəmə qərarı var) iş yoldaşları da təsdiq edə bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, məcbur köçkün kimi Gəncə şəhərində qeydiyyatdadır. 1974-1982-ci illərdə qiyabi oxumuşdur. Əmək kitabçasını 1994-cü ildə məktəb direktoru Bakı şəhərində yazmışdır. Həmin məktəb Bakı şəhərinə köçürülmüş, direktor da onu tanıdığına görə əmək kitabçasını doldurmuşdur. Direktor məktəbin arxiv sənədlərini özü ilə gətirməmiş, sadəcə yaddaşına əsaslanaraq 1973-1194cü illərə dair dövrləri əmək kitabçasına yazmışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh 1977-1993-cü illəri qəbul etmir, çünki həmin dövrün arxiv sənədləri yoxdur. Qalan dövrləri 2006-cı ilədək təqribən 16 ildir, həmçinin 2006-cı ildən sonra sığorta kapitalı nəzərə alınaraq iddiaçıya avtomatik qaydada pensiya təyin edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçıya əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17916,48 manat pensiya sığorta kapitalına əsasən aşağıda verilmiş qaydada hesablanmışdır: 25 il tam iş stajı x 306 manat = 7650 manat: 7650 manatın xx.xx.2021-ci il tarixinədək indeksləşdirilmiş məbləği. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixinədək cəmi 36968,08 manat (17916,48+19051,60=36968,08 manat) pensiya sığorta kapitalına əsasən 256,72 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən Əmək pensiyası Qanunun 22-1.3-cü maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək 32 il 2 ay faktiki sığorta stajı əsasında yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 294,58 manata çatdırılmışdır. Bildiririk ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən onun xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajının 16 il 5 ay 11 gün olduğu müəyyən edilərək ümumi iş stajı Qanunun 22-1.2.1-ci maddəsinə 25 il saxlanılmışdır. Nəticə etibarilə iddiaçıya xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 220,28 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. Qeyd edək ki, iddiaçının təqdim etdiyi xx.xx.1994-cü il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və 9 saylı Regional ərazi filialının xx.xx.2021- ci il tarixli qarşılıqlı yoxlama aktının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975- ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, 133962 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən faktiki ümumi iş stajı 16 il 5 ay 11 gün təşkil edir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli xx.xx.1994-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü tarixdən xx.xx.1975-ci tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işləməsi barədə qeydlər latın qrafikalı əlifba ilə yazılmışdır. -işə sürəti əlavə edilmiş Cəbrayıl rayon Dövlət Arxiv İdarəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cəbrayıl rayon Təhsil Şöbəsinin Şahvəlli kənd orta məktəbinin əmr kitabları arxivdə saxlanılmadığından İddiaçı aid əmrləri yoxlamaq mümkün olmamışdır. -işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-150253/2/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1973-cü tarixdən xx.xx.1975-ci tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyini iddia edərək həmin dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -5.3. maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərdir. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən olunur ki, onun xx.xx.1973-cü tarixdən xx.xx.1975-ci tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Şahvəlli kənd orta məktəbində işləməsi qeyd olunsa da, həmin qeydlər latın qrafikalı əlifba ilə yazılmışdır. Qeyd edilməlidir ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 25 dekabr 1991-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu həmin gündən qüvvədən düşmüş hesab edilmiş və 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi dövrdə (xx.xx.1973-cü il tarixdən xx.xx.1991-ci il tarixədək) kiril qrafikalı Azərbaycan əlifbası qüvvədə olduğu halda ona məxsus əmək kitabçasında müvafiq qeydlər latın qrafikalı əlifba ilə qeyd olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında işlədiyi dövrlərin Cəbrayıl rayonunun işğalından sonra, yəni 1994-cü ildə məktəbin direktoru tərəfindən arxiv sənədləri olmadan doldurulduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar isə iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlərin mötəbər olmadığını deməyə əsas verir. Bu səbəbdən də həmin dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınması və bu əsasla da əmək pensiyasının yenidən hesablanması tələbi əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar