Məhkəmə qərarları › İş №2-1(114)-3778/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3778/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3778/2024 04.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilə qulluq edən şəxs təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qanuni əsaslarla təyin edilmiş birinci qrup əlil, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə yəni X2 qulluq edən şəxs kimi təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qızı X3 xx.xx.1978-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. O, ailə üzvlərilə birlikdə Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsində yaşayır. X1 barəsində ağıl zəifliyi və ruhi xəstəliyi diaqnozu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birinci qrup əlillik dərəcəsi müəyyən olunmuşdur. Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin müvafiq orqan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı DSMF-yə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi tanınmağı üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulmasına səbəb olmuş hərəkətlər kimi qiymətləndirilməli və qeyri qanuni sayılmalıdır. TSEK tərəfindən verilmiş müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İbrahimova Kifayətə birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Yuxarıda qeyd olunanlar onun X3 üzərində qulluq edən şəxs kimi tanınmağı üçün əsasdır. Bununla bağlı cavabdeh orqana müraciət etsə də ƏƏSMN tərəfindən imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmuş və İddiaçı “əlilliyi müəyyən olunmuş şəxsə qulluq edən şəxs kimi prezident təqaüdünün təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, X2 xx.xx.1994-cü il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz (İİ qrup) pozulmasına görə əlilliyə görə müavinət təyin edilmişdir. Göründüyü kimi qanunvericilikdə yalnız orqanizmin funksiyalarının 81-100 faiz (İ grup) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Buna görə də, İddiaçı əlilliyi müəyyən edilmiş X2 qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, hazırkı tələblə cavabdehə müraciət etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı tərəfindən qızı X2 qulluq edən şəxs təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə hazırkı tələblə cavabdeh orqana müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının özü və cavabdehin nümayəndəsi izahat verərkən iddiaçı tərəfindən hazırkı tələblə cavabdeh orqana müraciət edilmədiyini bildirdilər. Halbuki hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan cavabdehin orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilə qulluq edən şəxs təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilə qulluq edən şəxs təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar