Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-378/2025 28.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gədəbəy rayonu Söyüdlü bələdiyyəsinin 27 avqust 2012-ci il tarixli, 10 saylı qərarından çıxarışa əsasən Gədəbəy rayonu Söyüdlü kəndində daimi yaşayan və beş il artıq müddətdə qeydiyyatda olan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bu barədə A seriyalı 429524 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X1 kitabında xx.xx.2013-ci il tarixdə 360 nömrə ilə uçota alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2013-ci il tarixdə Gədəbəy rayon torpaq şöbəsində 23 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli 115 nömrəli rəyə əsasən Gədəbəy rayonu, Söyüdlü kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılacaq torpaq sahəsi Söyüdlü kəndində yerləşir.Söyüdlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Gədəbəy rayonunda keçirilən son torpaq hərracının nəticələrinə əasən 0,01 ha torpaq satış qiyməti 40 manat olmuşdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətin aid olduğuna görə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən ona alqı-satqı qaydasında satıla bilər. 23 iyun 2013-cü il tarixli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Söyüdlü bələdiyyəsinin hesabına 480 manat məbləğində ödəniş edilmişdir. 27 iyun 2013-cü il tarixli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Söyüdlü bələdiyyəsinin hesabına 40 manat məbləğində ödəniş edilmişdir. İddiaçı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-Q-1048- 8/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı Gədəbəy rayonu Söyüdlü bələdiyyəsinin 27 avqust 2012-ci il tarixli,11 saylı qərarı ilə ayrılmışdır. Qeyd olunan qərarın əsasında sözügedən torpaq sahəsinə dair 25 sentyabr 2013-cü il tarixli “Torpaqların alqı satqısına dair Akt”, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 11 sentyabr 2013-cü il tarixli, AN-429524 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.Sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı ayrıldığı müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, 1 dekabr 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahələrinə dair qərar qəbul edə bilərlər. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayonu, Söyüdlü bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 saylı qərarı ilə keçmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına tərtib edilmiş, X1 kitabında xx.xx.2013-cü il tarixdə 360 nömrə ilə uçota alınmış A 429524 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona məxsus olan, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.Elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan (iddia etdiyi) torpaq sahəsi KPİ torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid biçənək torpaq sahəsidir. 2.Həmin torpaq sahəsi başqa şəxsin,şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmayıb. 3.Torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların,ğöllərin və sənaye .nəqliyyat , rabitə,müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür . 4.Qeydə alınması nəzərdə tutulan torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. 5.Faktiki istifadə edilən torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi 0.1122 hadəkdir. 6.Gədəbəy rayonu Söyüdlü bələdiyyəsinin xx.xx.2012 -ci il tarixli ,11 saylı qərarı ilə İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin satıldığı zaman Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (KPİ) aid olmuşdur. 7.İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi ) torpaq sahəsi Torpaq Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin tərtib etdiyi yerquruluşu planına miqyas 1:1000 uyğundur. 8.İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi ) torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilən A № 429524 seriyalı “Torpaq sahəsinin olanı və ölçüsü “sənədinə uyğundur. 9.Rəy kompleks yerquruluşu xəritəsinə və elektron məlumat (TEKUİS) bazasına əsasən hazırlandı. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gədəbəy rayonu, Söyüdlü Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 saylı qərarı ilə satılmış və A№ 429524 seriyalı “torpaq sahəsinin planı və ölçüsü “ sənədində qeyd edilmiş 0.1122 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Gədəbəy rayonu Söyüdlü bələdiyyəsinin 27 avqust 2012ci il tarixli, 10 saylı qərarı əsasında bələdiyyə torpağından 0,12 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsində xx.xx.2013-ci il tarixdə 23 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı ayrılmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan (iddia etdiyi) torpaq sahəsi KPİ torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid biçənək torpaq sahəsidir, faktiki istifadə olunan (naturada təqdim etdiyi ) torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilən A № 429524 seriyalı “Torpaq sahəsinin olanı və ölçüsü “sənədinə sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi, torpaq sahəsi üzərində qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların,ğöllərin və sənaye .nəqliyyat , rabitə,müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsinin müşahidə olunmadığı, torpaq sahəsinin torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunması halı aşkarlanmadığı, rəyin kompleks yerquruluşu xəritəsinə və elektron məlumat (TEKUİS) bazasına əsaslanmışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Gədəbəy rayonu, Söyüdlü Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 saylı qərarı ilə satılmış və A№ 429524 seriyalı “torpaq sahəsinin planı və ölçüsü “ sənədində qeyd edilmiş 0.1122 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva