Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-379/2023 10.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi və buna dair müvafiq sənədlərin verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı X15 və X7 adlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-1914A KOD 61101004 nömrəli şəhadətnamədən çıxarılması, onun qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən ünvan 1 ünvanda iddiaçının və onun ailə üzvlərinin (X4, X5, X2) mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmış və və buna dair “Torpagın mülkiyyətə verilməsinə dair” JN-1914A, kod 61101004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən qanunsuz və əsassız olaraq X15 və onun övladı X7 adları da şəhadətnamədə göstərilmişdir. Onların adlarının şəhadətnamədə qanunsuz və əsassız göstərilməsi onunla sübut olunur ki, X15 1993-cü ildən iddiaçının ailəsinin evindən qeydiyyatdan çıxaraq Rusiyaya getmiş və onun oğlu X7 isə həmin ünvanda ümumiyyətlə qeydiyyatı olmamışdır. İddiaçı qeyd edir ki, hazırda həyətyanı torpaq sahəsini satmaq istəyir, lakin həmin şəxslərin adlarının şəhadətnamədə göstərilməsi ona maneçilik törədir. Ona görə də hesab edir ki, daşınmaz əmlakın dövlət revestrində düzəliş aparılaraq həmin şəxslərin adları “Torpagın mülkiyyətə verilməsinə dair” JN-1914A, kod 61101004 nömrəli şəhadətnamədən çıxarılmalı və ailənin sağ qalan üzü kimi (X12 xx.xx.2006-cı ildə, X13 xx.xx.2018-ci ildə və X9 xx.xx.2018-ci ildə vəfat etmişdir) onun qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-1914A saylı Şəhadətnamədə hansı səbəbdən qardaşı X15 və qardaşının oğlu X7 adlarının qeyd olunması İdarəyə məlum deyildir. Həmin sənədin iddiaçının ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda X15 və X7 adlarının şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi ldarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -JN-1914A KOD 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-824/2021 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı Qərarı ilə 0,06 ha torpaq sahəsinə görə verilmiş JN 1914A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə X3 Sara Aydın qızı, X14, X6 və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilmişdir. -Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 184-16404-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1954-cü il tarixdə Tərtər rayon Sarov kəndində anadan olmuş, X15 xx.xx.1994-cü il tarixdə ünvan 2 ünvanından qeydiyyatdan çıxmışdır, övladı X7 isə Tərtər şəhərində qeydiyyatda olması barədə Tərtər RPŞ-nin Q və ŞV qrupunda heç bir məlumat yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -surəti işə əlavə edilmiş Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X15 və X7 da adı həmin siyahıda iddiaçı və onun ailə üzvləri ilə birlikdə, eyni təsərrüfat kimi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi X14, X13, İddiaçı, X15, X11 və X7 mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün JN-1914A KOD 61101004 seriyalı şəhadətnamədə X15 və X7 adının şəhadətnamədən çıxarılaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, adların şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlərin siyahısında iddiaçı ilə birlikdə torpaq sahəsi verilən subyektlərin dairəsində X15 və X7 da adı yazılmışdır. Belə olan halda həmin şəxslərin adının şəhhadətnamədən çıxarılması istisna olunur. Başqa sözlə şəhadətnamə ilkin sənəd olan Tərtər rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adı olduğu halda şəhadətnamədən onların adlarının çıxarılması yolverilməzdir. Digər tərəfdən X15 və X7 adının şəhadətnamədən çıxarılması şəhadətnamədə adları qeyd olunan digər payçıların pay həcminin artması və İslahat Komissiyasının müəyyən etdiyi normadan artıq olmasına zəmin yaradacaq. Odur ki, iddiaçı və şəhadətnamədə adları qeyd olunan digər payçılar hər biri, yaxud birlikdə özlərinin pay haqqına münasib həcmdə hissənin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüquqları izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi və buna dair müvafiq sənədlərin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-379/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-379/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver