Məhkəmə qərarları › İş №2-1(114)-379/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-379/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-379/2025 10.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Tərtər bələdiyyəsi) qarşı Tərtər şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı ilə bələdiyyənin ərazisindən İddiaçı həyətyanı məqsədilə 0.07 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. DT və XK-nin Tərtər rayon şöbəsi və Tərtər RİHB Memarlıq və tikinti şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə, eyni zamanda torpaq sahəsinin satılmasının məqsədəmüvafiqliyi barədə rəylər vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 238 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmışdır.

4. İddiaçının adına xx.xx.2014-cü il tarixdı 2403 nömrə ilə qeydə alınmış, A№372963 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

5. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan 0.07 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Tərtər rayon Dövlət Arxivindən təsdiq olunmuş surəti təqdim olunmamışdır.

6. Məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-43RA/1-18/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda göstərilən Tərtər şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına tərəflərindən baxış keçirilmiş, vətəndaş İddiaçı verilmiş torpaq sahəsi barədə heç bir məlumat aşkar olunmamışdır.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə həyətyanı məqsədlə satılmış Tərtər şəhərində yerləşən 700 kv.m torpaq sahəsi barədə Tərtər şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində həmin ərazi Tərtər şəhər İnzibati ərazisindən kənarda yerləşir. Bu səbəbdən yalnız TEKUİS məlumat bazasına əsasən sözügedən torpaq sahəsinə aid məlumat verilməsi mümkün olmuşdur. TEKUİS-də isə mülkiyyət forması xüsusi mülkiyyət, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı həyətyanı torpaq sahəsi, hüquqi rejmi tikinti altında olan torpaqlara aiddir. 2) xx.xx.2014-cü il tarixdə tərtib edilmiş A№372963 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi məhkəmə göstərilmiş koordinatları məhkəmə qərardadına əlavə edilən sxematik planında göstərilmiş həndəsi ölçülər ilə uyğunluq təşkil edir. 3) TEKUİS məlumat bazasına əsasən mübahisələndirilən 0.07 ha torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 4) Mübahisələndirilən 0.07 ha torpaq sahəsi yer səthinin üzərində qaz kəməri, elektrik xətti, çaylar, göllər və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşmür.

8. Məhkəmənin sorğusuna Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-78-1/2-47/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər RİHB-nin Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 272 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Tərtər şəhərii, Ş.Allahverdiyev küçəsində 1998-ci ildən hazıradək yaşayır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 3045/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Tərtər şəhərində naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinin (göstərdiyi torpaq sahəsinin) koordinatları naturada təyin olundu. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən həyətyanı torpaq sahəsi 0.07 hektardır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu. Tərtər rayonunun ərazisində aparılmış ilkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planından kənarda qaldığından və ilkin torpaq islahatı aparılmadığından kateqoriyasının müəyyənləşdirilməsi mümkün olmamışdır. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 05 dekabr tarixli 1043-VİQ nömrəli Qanununun tətbiqi və bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Tərtər rayonunun inzibati ərazisinə aiddir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmış məlumat bazasına əsasən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanı, mülkiyyəti xüsusi, təyinatı həyətyanı kimi qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş A№372963 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində gösdərilən və iddiaçı tərəfin faktiki naturada təqdim olunan sahənin koordinatları digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

10. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16-9/2-30262/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı Bələdiyyələrlə iş baş idarəsində aşkar edilməmişdir.

11. Məhkəmənin sorğusuna Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-43RA/1-12/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda göstərilən Tərtər rayon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı protokoluna tərəflərindən baxış keçirilmiş, İddiaçı verilmiş torpaq sahəsi barədə məlumat aşkar olunmamışdır.

12. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-1508/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı adına A№372963 (kod **********0402) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir.

13. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-2920/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən Tərtər rayon bələdiyyəsinə məxsus bələdiyyə qərarlarının qeydiyyatı kitabları 7 saylı Bərdə ərazi idarəsinin arxivində aşkar edilmədi. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər şəhərində fərdi yaşayış evi tikmək məqsədilə aldığı 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər bələdiyyəsinin 21 aprel 2007-cı il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Tərtər şəhərində Tərtər bələdiyyəsinin mülkiyyətində olan ərazidən 0,07 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. Bundan sonra, sözügedən torpaq sahəsinin dəyərini təşkil edən 238 manat Tərtər bələdiyyəsinin bank hesabına ödəniş edilərək alqı-satqısını həyata keçirmişdir. Daha sonra, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon Şöbəsinin rəyi, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaq sahəsinin yerquruluşu planı və sxematik planı verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2014-cü il tarixdə, 2403 nömrə ilə qeydə alınmış, A№372963 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Yuxarıda qeyd edilən sənədlərlə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestrii publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-5415 saylı məktubla cavab verilmişdir “təqdim etdiyi 0,07 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Tərtər rayon Dövlət Axivindən təsdiq edilmiş surəti təqdim edilmədiyinə görə sənədlərinin icrası mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrasından imtina olunur”.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

23. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

25. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişlər.

27. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

28. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi Tərtər şəhəri ərazisində yerləşməklə, həyətyanı məqsədli torpaq sahəsidir. İddiaçı torpaq sahəsi ona ayrıldıqdan sonra həmin torpaqda ev tikdirərək, uzun müddətdir ailəsi ilə birlikdə yaşayır. Bələdiyyə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına etiraz etmir.

29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı ünvan 2i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2023-cü il tarixli **********15 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə bildiriş göndərilmişdir. Tərtər rayon Tərtər bələdiyyəsinin 21 aprel 2007-ci il tarixli 05 nömrəli qərarı ilə ayrılmış ünvan 2i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən Tərtər rayon Tərtər Bələdiyyəsinin 21 aprel 2007-ci il tarixli 05 nömrəli qərarı, torpaqların alqı-satqısına dair 30 aprel 2007-ci il tarixli 27 nömrəli akt, yerquruluşu planından çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin A 372963 saylı 16 may 2014cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədləri təqdim olunmuşdur. Lakin təqdim edilən 0.07 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Tərtər rayon Dövlət Arxivindən təsdiq olunmuş surəti təqdim olunmadığı üçün sənədin icrası mümkün olmamışdır. Həmçinin müraciətlə bağlı, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün sənədlər ekspertiza edilmiş və təqdim edilən sənədlərin arxiv məlumatlarının alınması üçün tərəflərindən "xxxx" MMC-yə sorğu göndərilmişdir. Bununla əlaqədar bildirirlər ki, "xxxx" MMC-nin arxivində sözügedən sənədlərlə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.4-cü maddəsinə əsasən daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Bu səbəbdən də hesab edirlər ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı; - DT və XK-nin Tərtər rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2007-ci il tarixli 27 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2014-cü il tarixdı 2403 nömrə ilə qeydə alınmış AN 372963 №-li Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 43RA/1-18/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-78-1/2-47/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 3045/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Bələdiyyələrlər İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16-9/2-30262/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48- 43RA/1-12/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-1508/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-2920/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı ilə bələdiyyənin əraisindən İddiaçı həyətyanı məqsədilə 0.07 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. DT və XK-nin Tərtər rayon şöbəsi və Tərtər RİHB Memarlıq və tikinti şöbəsi rayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə, eyni zamanda torpaq sahəsinin satılmasının məqsədəmüvafiqliyi barədə rəylər vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 238 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının adına xx.xx.2014-cü il tarixdı 2403 nömrə ilə qeydə alınmış, A№372963 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

33. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ona imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunan 0,07 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Tərtər rayon Dövlət Arxivindən təsdiq olunmuş surəti təqdim olunmamışdır.

34. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır və qeyd edir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Tərtər rayon Dövlət Arxivindən təsdiq olunmuş surətinin cavabdeh inzibati orqana təqdim edilməməsi özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.

35. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.

36. Göründüyü kimi, cavabdeh inzibati orqan olaraq qanunvericiliklə üzərinə düşən səlahiyyətləri icra etməmiş, yəni vətəndaşa hüquqi yardım etmə və sübut toplama kimi vəzifələrinin olmasına baxmayaraq, araşdırma aparmamış, tələb etdiyi sənədi əldə etməmişdir. Hansı ki, arxiv arayışının təqdim edilməsinin zərurəti imtina məktubunda əsaslandırılmamış, eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində hüququn qeydiyyatı barədə ərizəyə əlavə edilməli mütləq sənəd kimi nəzərdə tutulmamış, habelə həmin Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina hallarına aid edilməmişdir.

37. Buna baxmayaraq, məhkəmə həmin halı araşdıraraq, Tərtər şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı əldə edilmiş və ona baxış keçirilən zaman məlum olmuşdur ki, həmin qərarda İddiaçı torpaq sahəsi ayrılması barədə məlumat yoxdur.

38. Lakin bununla belə, məhkəmə hesab edir ki, bu hal da hüququn qeydiyyatından imtina əsası deyildir. Ona görə ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tərtib edilməsi həmin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olan və həmin dövrdə bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq qurumun məsuliyyət sferasına aiddir. Vətəndaşın isə belə bir səlahiyyəti yoxdur. Vətəndaşın bu prosesdə üzərinə düşən öhdəlik torpaq sahəsinin ayrılması barədə ərizə ilə müraciət etmək, ərizəsi müsbət nəticələnəcəyi halda torpağın dəyərini ödəyərək, naturada təhvil almaqdır.

39. İddiaçının iş materiallarına əlavə etdiyi Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı mövcuddur, hansı ki, bələdiyyə sədri tərədindən qəbul edilmiş və möhürlə təsdiqlənmişdir. Torpaq sahəsinin ayrılmasına dair digər orqanların (DT və XK-nın Tərtər rayon şöbəsinin və Tərtər RİHB Memarlıq və tikinti şöbəsinin) torpaq sahəsinin satılmasının məqsədəmüvafiqliyi barədə rəyləri alınmış, bundan sonra iddiaçı torpaq sahəsinin dəyərini ödəmiş, alğı-satqı aktı bağlanaraq, həm bələdiyyə, həm torpaq şöbəsi tərəfindən möhürlə təsdiqlənmiş, torpaq sahəsinin koordinatlarını əks etdirən plan-ölçü sənədi işlənərək, iddiaçıya təqdim edilmişdir.

40. Bütün bu sənədlərin tərtib edilərək, iddiaçıya təqdim edilməsi halında, iddiaçı qərarın arxivə təhvil verilən nüsxəsində ona torpaq sahəsinin ayrılması barədə qeydin aparılmamasına şübhə etməyə, bunu təftiş etməyə nə borclu olmmaış, nə də buna səlahiyyəti, imkanı çatmamışdır.

41. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (hazırkı mübahisədə bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə qərarını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

42. Məhkəmənin qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilə kimi qiymətləndirilməlidir.

43. Məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.07 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, Tərtər bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 05 saylı qərarı ilə həyətyanı məqsədilə satılmış Tərtər şəhərində yerləşən 700 kv.m torpaq sahəsi barədə Tərtər şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində həmin ərazi Tərtər şəhər İnzibati ərazisindən kənarda yerləşir. Bu səbəbdən yalnız TEKUİS məlumat bazasına əsasən sözügedən torpaq sahəsinə aid məlumat verilməsi mümkün olmuşdur. TEKUİS də isə mülkiyyət forması xüsusi mülkiyyət, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı həyətyanı torpaq sahəsi, hüquqi rejmi tikinti altında olan torpaqlara aiddir. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş A№372963 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi məhkəmə göstərilmiş koordinatları məhkəmə qərardadına əlavə edilən sxematik planında göstərilmiş həndəsi ölçülər ilə uyğunluq təşkil edir. TEKUİS məlumat bazasına əsasən mübahisələndirilən 0.07 ha torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisələndirilən 0.07 ha torpaq sahəsi yer səthinin üzərində qaz kəməri, elektrik xətti, çaylar, göllər və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşmür.

44. Daha sonra məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-46/2-3045/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Tərtər şəhərində naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinin bizə göstərdiyi torpaq sahəsinin koordinatları naturada təyin olundu. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən həyətyanı torpaq sahəsi 0,07 hektardır. a) Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu. Tərtər rayonunun ərazisində aparılmış ilkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planından kənarda qalıdığından və ilkin torpaq islahatı aparılmadığından kateqoriyasının müəyyənləşdirilməsi mümkün olmadı. b) "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 05 dekabr tarixli 1043-VİQ nömrəli Qanununun tətbiqi və bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Tərtər rayonunun inzibati ərazisinə aiddir. c) "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmış məlumat bazasına əsasən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanı, mülkiyyəti xüsusi, təyinatı həyətyanı kimi qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş A372963 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində gösdərilən və iddiaçı tərəfin faktiki naturada təqdim olunan sahənin koordinatları digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

45. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən 0.07 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

46. Üçüncü şəxs qismində cəlb edilmiş Tərtər bələdiyyəsi sədri də iclas zamanı göstərmişdir ki, sözügedən torpaq sahəsi Tərtər şəhəri ərazisində yerləşməklə, həyətyanı məqsədli torpaq sahəsidir. İddiaçı torpaq sahəsi ona ayrıldıqdan sonra həmin torpaqda ev tikdirərək, uzun müddətdir ailəsi ilə birlikdə yaşayır. Bələdiyyə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına etiraz etmir.

47. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və torpaq ayrılması prosedurunun bütün tələblərinə riayət edilmişdir. İddiaçı hazırda da ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

48. Yəni, iddiaçı təxminən 18 ildir ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

49. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

50. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

51. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

54. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

55. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

56. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

58. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

59. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Tərtər şəhərində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar