Məhkəmə qərarları › İş №2-1(114)-3791/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3791/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3791/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək verilməmiş müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1973-cü il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Tərtər rayon hərbi komissarlığı tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixdə M/V seriyalı 074180 nömrəli Müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. Sonralar iddiaçıya müharibə veteranı adı almış şəxs kimi sosial müavinət ödənilməyə başlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona 16xx.xx.2006cı il tarixdən xx.xx.2007-ci il tarixədək sosial müavinətin hesablanıb birdəfəyə verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə 3-17-1/2-Q-40034/2025 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nomrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq iddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən müavinət ləğv edildiyindən (xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək qeyd olunan müavinət üzrə ödənilmiş məbləğ aşkar edilməmişdir) ötən dövr üzrə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcuddur. İnzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək verilməmiş müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuş, 1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Ona xx.xx.2007-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən başlayaraq ona müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsinə başlanılmışdır. İddiaçı hesab edir ki, xx.xx.2007-ci ildə müharibə veteranı vəsiqəsi verilməsinə baxmayaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlər hesablanıb verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçı tərəfin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya dair xx.xx.2025-ci il tarixli, 3-17-1/2-107271/2025 nömrəli etirazını təqdim etmiş, etirazda imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtinada qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə sosial müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinin tələbindən göründüyü kimi, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi xx.xx.2007ci il tarixdə verilmiş, həmin tarixdən də ona müavinət təyin edilərək ödənilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qüvvədə olan redaksiyasına görə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə qeyd edir ki, şəxs müharibə veteranı statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanır. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilər. İddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Beləliklə, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Göründüyü kimi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Tərtər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2007-ci il tarixdə verilmişdir. Belə olduqda, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi əvvəlki dövrün, yəni xx.xx.2006-cı il tarixdən sosial müavinətin ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Belə ki, həmin dövrdə müharibə veteranları üçün sosial müavinətin verilməsini nəzərdə tutan qanun qüvvədə olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdən, həmin qanunun sosial müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə təyin edildiyini nəzərdə tutan norması isə xx.xx.2007-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi xx.xx.2006-xx.xx.2007-ci il tarixlərində “müharibə veteranı” statusuna malik olmadığından və xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək müddətdə müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt qüvvədə olmadığından, ona bu illər üzrə müavinətin verilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmamışdır. Buna görə də, iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək verilməmiş müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar