Məhkəmə qərarları › İş №2-1(114)-3796/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3796/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3796/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı əsasında əməmk pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanması və keçmiş dövr üçün yaranmış fərqə görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7974/2023 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 13 oktyabr 2005-ci ildən sabiq dövlət qulluqçusu kimi İl dərəcəli əlilliyə görə əmək pensiyaçısıdır. Həmin tarixdən 31 yanvar 2022-ci ilədək əmək fəaliyyətini davam etdirərək müxtəlif sahələrdə çalışmış, aldığım əmək haqlarına uyğun olaraq məcburi dövlət sosial sığorta ödənişləri edilmişdir. Pensiyaya çıxdıqdan sonra işlədiyi dövrdə fərdi hesabımın sığorta hissəsində istifadə olunmamış 45090,53 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qanunvericiliyə görə fərdi hesabda yığılmış pensiya sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ vardır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı əsasında əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 13 oktyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi İl dərəcəli əlilliyə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1641,06 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,00 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə- 1398,06 manat. İddiaçı iddia edir ki, əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən yenidən hesablanmalıdır. Həmçinin, iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı olduğunu qeyd edir. İşin faktiki hallarına əsasən, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı 10 noyabr 2022-ci il və 14 noyabr 2022-ci il tarixlərdə olmaqla Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq, araşdırma nəticəsində əmək pensiyasının 1618,61 manatdan 1641,06 manata artırıldığı və keçmiş dövr üzrə yenidən hesablandığı bildirilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala müraciət etdiyi tarixdə 45090,53 manat pensiya sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.2-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasıyasına tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (45090,53:144=313,13 manat) əmək pensiyasının sığorta hissəsinin (243,00 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 556,13 (243,00+313,13) manat müəyyən edilib. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 556,13 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1084,93 (1398,06-313,13) manat təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:m -surəti işə əlavə edilmiş xx.xx.1971-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-B-32031/2023 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya məbləğinin yenidən hesablanmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya 13 oktyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi İl dərəcəli əlilliyə görə pensiya təyin edilmiş, sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi-243,00 manat və qulluq stajına görə əmək pensiyasına əlavəsi-1398,06 manat tərkibdən ibarət olmaqla ödənilmişdir. İddiaçı isə onun pensiya təyin olunduqdan sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixədək olan redaksiyada): Maddə 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun (hal-hazırda qüvvədə olan):- Maddə 1. Əsas anlayışlar -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına -37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qeyd edilməlidir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən, pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə (ümumilikdə 17 ildən çox) işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı keçmiş dövr üçün yaranmış fərqin ödənilməsini də tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı əsasında əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı əsasında əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar