Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-380/2022 18.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X1, X2 və X4) qarşı torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi, soyadların dəyişdirilməsi tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair Dövlət aktında yol verilmiş yalnışlığı düzəldərək soyadlarının müvafiq olaraq “Məmmədov” və “Məmmədova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 04.07.2002-ci il tarixli 93 nömrəli qərarı ilə yaşadığları Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 1,12 ha torpaq sahəsi ailələrinə verilmişdir. Lakin ailələrində iki soyad olduğundan 12.08.2002-ci il tarixli JN-1711 nömrəli (Kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktında ümumi mülkiyyətçilər siyahısında İddiaçı1 soyadı “Bayramov”, anası İddiaçı2 soyadı isə “Bayramova“ kimi göstərilmişdir. İddia ərizəsində üçüncü şəxs qismində göstərilən şəxslər torpağın digər mülkiyyətçiləridir və aktda düzəliş aparılmasına etirazları yoxdur. İlkin olaraq Məmmədov (Məmmədova) soyadını daşıdıqları öz təsdiqini doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində tapır. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə 06.01.2022-ci il tarixli, **********10 nömrəli etiraz göndərərək, iddiaçının ərizəsinin icrasından imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2, 11.1, 11.2, 12.1 - ci maddələrinə əsaslandığını qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci, 6.1-ci və 6.2-ci bəndində Plenum məhkəmələrə izah etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların hazırki işdə hüquqi marağı soyadlarının “Məmmədov”, “Məmmədova” kimi deyil “Bayramov”, “Bayramova” kimi səhvən yazılmış JN-1711 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olmasının müəyyən olunmasıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu cür mübahisələrə məhkəmələrdə baxılması qaydası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməmlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçi hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırıaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə göstərilən hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X1, X2 və X4) qarşı torpağa mülkiyyət hüququna dair Dövlət aktında yol verilmiş yalnışlığı düzəldərək müvafiq olaraq “Məmmədov” və “Məmmədova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-380/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-380/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver