Məhkəmə qərarları › İş №2-1(114)-3805/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3805/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3805/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Republikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Republikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi) dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Republikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014-xx.xx.2016-ci il tarixlərində Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Repatriasiya departamentində, xx.xx.2016xx.xx.2018-ci il tarixlərində Regional idarəetmə, Sosial təminat və Humanitar yardım şöbəsində aparıcı məsləhətçi, xx.xx.2018-01 07 2019-cu il tarixlərində Regional idarəetmə ve sosial təminat şöbəsində sektor müdiri, xx.xx.2019-05 01 2021-ci il tarixlərində İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsində sektor müdiri, 05.01 2021-xx.xx.2021-ci il tarixlərində Monitorinq şöbəsində sektor müdiri, xx.xx.2021xx.xx.2022-ci il tarixlərində Komitənin Cəbrayıl rayonu üzrə yerli bölməsində aparıcı məsləhətçi vəzifələrində çalışdığım müddətin dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajını nəzərə alaraq, həmin dövr üzrə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi ilə arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə Xocalı rayon İcra Hakimiyətinin Meşəli kənd nümayəndəliyinə baş mühasib vəzifəsinə təyin edilmiş, Xocalı RİHB-nın xx.xx.2011-ci il tarixli 43 saylı sərəncamı ilə ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci ildə ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2014-cü ildən xx.xx.2016-ci il tarixinədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Repatriasiya departamenitində aparıcı məsləhətçi, xx.xx.2016-ci ildən Komitənin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2017-ci il tarixli 8K saylı əmrlə sınaq müddətim başa çatdığına görə daimi dövlət qulluğuna qəbul edilməklə xx.xx.2017-ci ildən tutduğu vəzifəyə uyğun olaraq 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2018-ci ildə Komitənin Regional idarəetmə və sosial təminat şöbəsinin sosial təminat sektorunun müdiri vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2019-cu ildə Komitənin informasiya texnologiyalarının tətbiqi və elektro idarəetmə şöbəsinin informasiya texnologiyaları sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən müvəqqəti olaraq Komitənin monitorinq şöbəsinin ilkin araşdırmalar sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq mənimlə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, "Dövlət qulluğu haqqında" Qanunun 29.3cü maddəsinə uyğun olaraq Komitədə qulluğa qəbul olunaraq Komitənin Cəbrayıl rayonu üzrə yerli bölməsinin aparcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və iddiaçıya verilmiş "kiçik dövlkət qulluqçusu" dərəcəsi nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixli 33K saylı əmrlə Komitənin Monitorinq şöbəsinin ilkin araşdırmalar sektorunun müdiri vəzifəsinə keçirilərək ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Komitə xx.xx.2018-ci il tarixli məktubla X9 müraciət edərək, siyahıda adları qeyd olunan 33 nəfər əməkdaşdan 28 nəfər və əvvəllər həvalə olunmuş digər 4 nəfər olmaqla cəmi 32 nəfərin növbəti müsabiqələrdə iştirak etmək üçün siyahı təqdim olunmuş, həmin siyahıda adı 3-cü qeyd edilmişdir. Komitədə çalışdığı vəzifələr həm o dövrdə həm də hazırda daimi dövlət qulluğu sayılır.İddiaçı qeyd edir ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsində çalışdığı xx.xx.2014-xx.xx.2021-ci illər ərzində digər dövlət qulluqçuları ilə heç bir fərq qoyulmadan, dövlət qulluqçuları üçün nəzərdə tutulan bütün hüquqlardan və vəzifələrdən yararlanmışdır. Belə ki, işə götürənlə aralarında əmək müqaviləsi əsasında həqiqi əmək münasibətləri olmuş, əmək hüququ, məzuniyyət, əmək haqqından tutmalar, həvəsləndirmə tədbirləri digər əməkdaşlarla heç bir fərq qoyulmadan təmin edilmişdir. Bütün bu tədbirlər Komitənin inzibati aktları ilə rəsmiləşdirilmişdir. Komitədə dövlət qulluğu üzrə əmək fəaliyyəti ilə məşğul olduğu müddət ərzində nə Komitənin özü, nə də DİM tərəfindən heç bir irad bildirilməmiş, qeyd edilən inzibati aktlar ləğv edilməmişdir. Bütün qeyd edilənlərdən aydın olduğu kimi inzibati orqanla aralarında publik hüquq münasibətləri mövcud olmuşdur. Buna görə də hesab edir ki, onunla inzibati orqan arasında olan publik hüquq münasibətləri tanınmalı (müəyyən edilməli), dövlət qulluğunda inzibati vəzifə üzrə əmək fəaliyyəti ilə məşğul olmağı nəzərə alınmalı və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində işə qəbul edildiyi xx.xx.2014-ci il tarixdən işdən azad edildiyi tarixədək (xx.xx.2021-cü il) işlədiyi bütün dövr dövlət qulluğu stajı nəzərə alınmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı həqiqətən təmsil etdiyi qurumda inzibati vəzifələrdə çalışmışdır və dövlət qulluqçusunun ixtisas dərəcəsi verilmişdir, lakin müvafiq reyestrə daxil edilməmişdir. Reyestrə daxil edilmə təmsil etdiyi qurumun vəzifəsi olsa da, bu prosedura riayət edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən rəsmi dövlət qulluqçusudur, ona görə də iddia ərizəsində qeyd edilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə də dövlət qulluğu münasibətlərinin mövcudluğu tələbi əhəmiyyətini itirmişdir. Həmçinin iddiaçı 2014cü ildən 2021-ci ilədək dövlət qulluğuna qəbulla bağlı imtahanlarda iştirak etmədiyinə görə onun həmin iş dövrü dövlət qulluğu kimi nəzərə alına bilməz. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-36/2- 2463/2023 nömrəli məktuba əlavə edilmiş etirazda bildirilmişdir ki, Komitə tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 395k nömrəli əmrlə Repatriasiya departamentinin aparıcı məsləhətçisi, xx.xx.2015-ci il tarixli 342k nömrəli əmrlə Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun aparıcı məsləhətçisi, xx.xx.2018-ci il 59k nömrəli əmrlə Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun aparıcı məsləhətçisi, xx.xx.2018-ci il 295k nömrəli əmrlə Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun baş məsləhətçisi, xx.xx.2018-ci il 371k nömrəli əmrlə Regional idarəetmə və sosial təminat şöbəsinin Sosial təminat sektorunun müdiri, xx.xx.2019-cu il tarixli 210k nömrəli əmrlə İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları sektorunun müdiri, xx.xx.2021-ci il tarixli 26k nömrəli əmrlə Monitorinq şöbəsinin İlkin araşdırmalar sektorunun müdiri vəzifəsinin icrası İddiaçı "müvəqqəti" həvalə edilmiş, belə ki, müvafiq əmrlərin verilməsi zamanı normativ əsas kimi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilməmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinadlar aparılmışdır. Qeyd olunmalıdır ki, İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən Komitədə dövlət qulluğuna qəbul olunaraq Cəbrayıl rayonu üzrə yerli bölmənin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Nəticədə, İddiaçı xx.xx.2021-ci il tarixdən dövlət qulluğuna qəbul olunduğundan, iddia tələbi "iddiaçının xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində Cəbrayıl rayonu üzrə yerli bölmənin aparıcı məsləhətçisi vəzifələrində çalışdığı müddət üzrə Komitə ilə arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi" hissəsində mümkünlük tələbini ödəmir. Bununla yanaşı bildirilir ki, dövlət qulluğu sahəsində aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Sözügedən Fərman qəbul edilənədək, dövlət qulluğuna qəbulla bağlı müsabiqələr müvəqqəti olaraq keçirilmədiyindən, Komitənin Əsasnaməsində qeyd olunmuş fəaliyyət istiqamətləri üzrə görülən işlərin effektiv və səmərəli təşkili məqsədilə, Komitə sədrinin müvafiq əmri ilə bir sıra əməkdaşlar Komitədə dövlət qulluğuna qəbul olunmuşdurlar. Xüsusilə qeyd olunmalıdır ki, Əsasnaməsində təsbit olunmuş fəaliyyət istiqamətləri ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 146s nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Komitəyə həvalə edilmişdir. Lakin sonra Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış 2018-ci il 2 mart tarixli 01/xx-xx/0581 nömrəli məktuba əsasən həmin şəxslərin dövlət qulluğuna xitam verilmiş, sözügedən inzibati vəzifələrin müvəqqəti icrasının həyata keçirilməsi məqsədilə onlarla Azərbaycan Respublikasının Əmək Məcəlləsinə üyğun olaraq əmək müqavilələri bağlanılmışdır. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən aidiyyəti əmrlər üzrə İddiaçı müvafiq inzibati vəzifələrin icrası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvəqqəti həvalə edildiyindən, habelə həmin dövrlər üzrə iddiaçı ilə Komitə arasında etibarlı dövlət qulluğu münasibətləri mövcud olmadığından, iddiaçının iddia tələbində qeyd etdiyi dövrlər dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmamalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının xx.xx.2021xx.xx.2022-ci il tarixlərində Cəbrayıl rayonu üzrə yerli bölmənin aparıcı məsləhətçisi vəzifələrində çalışdığı müddət üzrə Komitə ilə arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi" hissəsində mümkün sayılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 395k nömrəli əmrlə Repatriasiya departamentinin aparıcı məsləhətçisi, xx.xx.2015-ci il tarixli 342k nömrəli əmrlə Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun aparıcı məsləhətçisi, xx.xx.2018-ci il 371k nömrəli əmrlə Regional idarəetmə və sosial təminat şöbəsinin Sosial təminat sektorunun müdiri, xx.xx.2019-cu il tarixli 210k nömrəli əmrlə İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları sektorunun müdiri, xx.xx.2021-ci il tarixli 26k nömrəli əmrlə Monitorinq şöbəsinin İlkin araşdırmalar sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 395k nömrəli əmrdən görünür ki, xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin aparıcı məsləhətçisi vəzifəsinin icrası müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 342k nömrəli əmrdən görünür ki, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun aparıcı məsləhətçisi vəzifəsinin icrası müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli 60k nömrəli əmrdən görünür ki, İddiaçı "Dövlət Qulluğu haqqında" Qanunun 28-ci maddəsinin tələblərinə müvafiq olaraq bir il müddətinə stajçı kimi 2016-cı il 11 aprel tarixdən Regional idaretmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunda aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli 313k nömrəli əmrdən görünür ki, İddiaçı "Dövlət qulluğu haqqında" Qanunun 28.7 maddəsinin tələblərin müvafiq olaraq 2016-cı il 11 oktyabr tarixdən 3 ay sınaq müddətinə Komitənin Regional idarətmə, sosial təminat və humanitar yardım şöbəsinin humanitar yardım sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 8k nömrəli əmrdən görünür ki, İddiaçı "Dövlət qulluğu haqqında" Qanunun 16.2.6., 17.1. və 28.7 maddələrinin və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr Tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının 7-ci bəndinin tələblərinə əsasən 3 aylıq sınaq müddəti başa çatdığına görə daimi dövlət qulluğuna qəbul edilmiş və 2017-ci il 11 yanvar tarixdən ona tutduğu vəzifəyə uyğun olaraq "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 59k nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə əsasən dövlət qulluğuna xitam verilmiş və Komitənin Regional idarəetmə, Sosial təminat və Humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun aparıcı məsləhətçisi vəzifəsinin icrası müvəqqəti olaraq həvalə olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 295k nömrəli əmrdən görünür ki, 01 avqust 2018-ci il tarixindən 3 (üç) ay müddətinə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun baş məsləhətçi vəzifəsinin icrası müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 371k nömrəli əmrdən görünür ki, 01 sentyabr 2018-ci il tarixindən 3 (üç) ay müddətinə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və sosial təminat şöbəsinin Sosial təminat sektorunun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 557k nömrəli əmrdən görünür ki, 01 dekabr 2018-ci il tarixindən 3 (üç) ay müddətinə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və sosial təminat şöbəsinin Sosial təminat sektorunun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 210k nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə 3 (üç) ay müddətinə 01 iyul 2019-cu il tarixindən, "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə müvafiq olaraq müsahibə və ya müsabiqə vasitəsilə həmin vəzifəyə təyinat olunanadək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-cu il tarixli 374k nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Monitorinq şöbəsinin İlkin araşdırmalar sektorunun müdiri vəzifəsinin icraçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 noyabr 2021-ci il tarixindən öz xahişinə əsasən xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki tələblə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində işlədiyi müddət üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun təsdiq edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. -67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. -67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2014-cü ildə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 395k nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Komitənin xx.xx.2014-cü il tarixli 395k nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçının mübahisəli illərdə işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınmalı olmasına münasibətdə isə bildirir ki, doğrudur ki, dövlət qulluğuna qəbul bilavasitə müsabiqə əsasında aparılır (“Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi). Lakin, nəzərə alınmalıdır ki, hətta iddiaçının dövlət qulluğuna qəbul edilməsi işə qəbul anında müsabiqə əsasında aparılmasa da, bu hal iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. -15-1.2.Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. -16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; -17.1.İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; -17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. -21.1.6.Dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2014-cü ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 7 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə iddiaçının ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi uzun illərdir ki, işçisi olan İddiaçı dövlət qulluqçusu qismində tanıyaraq, ona dövlət qulluqçusu kimi ixtisas dərəcələri vermiş, həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlar ilə təmin etmişdir ki, inzibati orqan nəticə etibarı ilə şəxsin dövlət qulluqçusu olduğuna etimad göstərmişdir. Bu səbəbdən iddiaçının dövlət qulluğuna müsabiqə yolu ilə keçib-keçməməsindən asılı olmayaraq, onun xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi müddət - dövlət qulluğunda işlədiyi müddət kimi nəzərə alınmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilməlidir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar