Məhkəmə qərarları › İş №2-1(114)-381/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-381/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-381/2020 18.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-1997-ci illərdə “Mollavazlı” və “Xanlar” kolxozlarında işlədiyi, həmçinin 1976-1979-cu illərdə X1 “aqronomluq” ixtisası üzrə əyani şöbədə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1979-1997-ci illərdə “Mollavazlı” və “Xanlar” kolxozlarında işləmiş, 1976-1979-cu illərdə X1 “aqronomluq” ixtisası üzrə əyani şöbədə təhsil almışdır. Həmin müddətin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və bu barədə ona imtina məktubu da verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1979-1997-ci illərdə “Mollavazlı” və “Xanlar” kolxozlarında işlədiyi, həmçinin 1976-1979-cu illərdə X1 “aqronomluq” ixtisası üzrə əyani şöbədə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçının ümumi 25 il 01 ay 08 gün sığorta stajı vardır. Lakin onun təhsil aldığı illərin sığorta stajına daxil edilməsi şöbə tərəfindən mümkün olmamışdır. Göstərilənlərə əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1987, 1990-1997-ci illərdə “Mollavazlı” kolxozunda, 1987-1989-cu illərdə isə “Xanlar” kolxozunda işləmişdir; xx.xx.1979-cu il tarixdə verilmiş 000864 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1979-cu illərdə X1 “aqronomluq” ixtisası üzrə əyani şöbədə təhsil almışdır; Gəncə Dövlət Regional Kollecinin xx.xx.2019-cu il tarixli, 01/1490 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixli, 134 saylı əmrə əsasən X3 Texnikumunun “aqronomluq” ixtiasının əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli, 31 saylı əmrə əsasən əyani şöbənin tam kursunu bitirərək ona “aqronom” ixtisas dərəcəsi və 2210 qeydiyyat nömrəsi olan AT seriyalı 000864 nömrəli fərqlənmə diplomu verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2002-ci il tarixli, 872 saylı əmrə əsasən Gəncə (Kirovabad) X4 X7 birləşdirilmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, 130 saylı əmrinə əsasən X8 X5 birləşdirilərək Gəncə Dövlət Regional Kollecinə çevrilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubundan görünür ki, onun işlədiyi və təhsil aldığı illər əmək kitabçasına qeyd edilmədiyinə görə şöbə tərəfindən işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin 1-ci və 3-cü hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə ərizə ilə müraciət edərək onun 1979-1997-ci illərdə “Mollavazlı” və “Xanlar” kolxozlarında işlədiyi, həmçinin 1976-1979-cu illərdə X1 “aqronomluq” ixtisası üzrə əyani şöbədə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun işlədiyi və təhsil aldığı illərin əmək kitabçasına qeyd edilmədiyini əsas gətirərək tələbi təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normasını müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı 1976-1979-cu illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, orta ixtisas məktəblərini, sənət məktəblərini, başqa məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə məhkəmə qeyd edir ki, “əmək stajı” və “pensiya hüququ” bir –birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericilik ilə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışı olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. İddiaçı X3 Texnikumunun “aqronomluq” ixtiasının əyani şöbəsində təhsil alması xx.xx.1979-cu il tarixdə verilmiş 000864 nömrəli diplomla da təsdiq olunur. Məhkəmə, xx.xx.1979-cu il tarixdə verilmiş 000864 nömrəli diplomu iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddiaçının 1979-1987, 1990-1997-ci illərdə “Mollavazlı” kolxozunda, 1987- 1989-cu illərdə isə “Xanlar” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı 1979-1987, 1990-1997-ci illərdə “Mollavazlı” kolxozunda, 1987-1989cu illərdə isə “Xanlar” kolxozunda işləməsi Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Məhkəmə, qeyd olunan arxiv arayışını mötəbər sübut kimi qəbul edir. “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Goranboy rayon şöbəsi iddiaçının diplomuna əsasən təhsil aldığı və arxiv arayışına əsasən işlədiyi müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı,Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1979-1997-ci illərə dair müddətlərin, yəni minimum əmək günü və adam günü normalarına uyğun olaraq 19 il “Mollavazlı” və “Xanlar” adına kolxozlarda, həmçinin 1976-1997-ci illərdə X3 Texnikumunun “aqronomluq” ixtiasının əyani şöbəsində təhsil aldığı müddətin, yəni 2 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1979-1997-ci illərə dair müddətlər, yəni minimum əmək günü və adam günü normalarına uyğun olaraq 19 il “Mollavazlı” və “Xanlar” adına kolxozlarda, həmçinin 1976-1997-ci illərdə X3 Texnikumunun “aqronomluq” ixtiasının əyani şöbəsində təhsil aldığı müddət, yəni 2 il 4 ay müddət sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar