Məhkəmə qərarları › İş №2-1(114)-381/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-381/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-381/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin tələb “xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci iilin iyul ayında ali təhsilli kimi bir illik həqiqi hərbi xidmətə çağırılmış, Naxçıvan Muxtar Respublikası ərazisindəki N nömrəli hərbi hissədə hərbı quluğa başlamış, N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən xx.xx.2003-cü il tarixdə X2 Ordubad rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən hərbi avtomobilin qəzaya düşməsi nəticəsində sağ baldır sümüklərinin və sol budun orta 1/3-nin yer dəyışmış qəlpəlı qapalı sınıqları, döş qəfəsin sol yarısının qapalı küt travması, sağ tərəflı hemopnevmotoraksa görə aparılmış sağ plevra boşluğunun drenajından sonrakı vəziyyət, sağ İİİ- İV- V- Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkiməmiş sümük döyənəyi xəsarətləri (travmaları) almışdır. 2003-cü ilin sentyabr ayından TSEK-ə müraciət etmiş və həmın vaxtlardan ona döyüş tapşırıqlarını yerinə yetirərkən qəza nəticəsində travmalar aldlğlna görə İİ qrup hərbi xidmət əlilliyi təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci qrup hərbi xidmətlə əlagədar əlillik dərəcəsi verilmişdir. Həmin beş il müddətində dəfələrlə həkim müayinəsindən keçməklə, stasionar müalicə almışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ciil tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhər A.Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində stasionar müalicədə olmuş, xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və ortopediya institunda mayinə olunmuş, xx.xx.2021-cı tarixdə Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri institunda müayinə olunmuş, hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və müalicə olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Məhkəmə-Tibbi Ekspertiza və X3 müayinəni onu əvvəllər müayinə etmiş cavabdehin əməkdaşları keçirdiyinə görə müayinədən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının sənədlərindən görünür ki, iddiaçıya 2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif tarixlərdə ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş, növbəti müayinələr zamanı, yəni xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü il tarixlərdə "Ağciyərin dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi.ACXOX, ağır gedişli subremissiya mərhələsi. Sağ tərəfli hematoraks İİİ,İV,V, Vİ, qabırğaların yerdəyişmiş sınıqlarına görə aparılmış cərrahi əməliyyüatdan sonrakı vəziyyət (xx.xx.2003).Oynaqların ortopedik implantatlarının olması.Sol bud və sağ baldır sümüklərinin sınıqları İlizarov üsulu ocaqdan kənar osteosintezi cərrahi əməliyyatından (xx.xx.2003) sonrakı vəziyyət. Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Hər iki aşağı ətraf dərialtı venaların varikoz genişlənməsi » « əlavə müalicəyə ehtiyacın olması » və «diaqnoz əlillik əlaməti təyin etmir » səbəbləri ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin məhkəməy ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4885 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən ekspertlərin iştirakına imtina etdiyi üçün iş rəy verilmədən geri qaytarılır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona "Ağciyərin dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi.ACXOX, ağır gedişli subremissiya mərhələsi. Sağ tərəfli hematoraks İİİ,İV,V, Vİ, qabırğaların yerdəyişmiş sınıqlarına görə aparılmış cərrahi əməliyyüatdan sonrakı vəziyyət (xx.xx.2003).Oynaqların ortopedik implantatlarının olması.Sol bud və sağ baldır sümüklərinin sınıqları İlizarov üsulu ocaqdan kənar osteosintezi cərrahi əməliyyatından (xx.xx.2003) sonrakı vəziyyət. Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Hər iki aşağı ətraf dərialtı venaların varikoz genişlənməsi » diaqnozu qoyulmasına baxmayaraq, “əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -2.7.1-ci bəndinə əsasən hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə halında orqanizmin funksiyalarının pozulması 35-60 faiz-əlillik müddəti 2 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçıya yuxarıda qeyd olunan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməli olduğu halda cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə istinad edərək, əlillik təyinatından imtina etmişdir. Odur ki, İddiaçı son imtina tarixindən (xx.xx.2023) tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulması əsası ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.7.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar