Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3817/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X15, X20, X11, X16 və X5) qərarın və şəhadətnamələrin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Zeyvə kəndində yerləşən, atası X6 məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin X10 (0.21 ha) və X17 (0.31 ha) verilməsi barədə Goranboy Rayon Aqrar İslahat Komissiyasının qərarının və 103F və 105 saylı şəhadətnamələrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Dövlət Arxivinin 258 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən Goranboy rayon Zeyvə kəndi Əzizbəyov adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında iddiaçının atası X4 adına 0.24 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahəsində iki otaqlı yaşayış evi olmuş və iddiaçı 1945-ci ildə həmin evdə doğulmuşdur. Həmin evdə iddiaçının valideynləri, üç qardaşı və beş bacısı yaşamışdır. X1 1947-ci ildə, atası X8 isə 03 yanvar 1971-ci il tarixində dünyasını dəyişmişdir. Atası ölənədək iddiaçı mütəmadi olaraq həmin evə gedib orada yaşamışdır. Valideynlərinin ailə üzvlərindən tək iddiaçı qalmış, bacı və qardaşları rəhmətə getmişdir. Torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu məlum olmuşdur ki, valideynlərinin yaşadıqları evin yerləşdiyi torpaq sahəsi Cavabdeh Aqrar İslahat Komissiyasının qərarları və həmin qərarlar əsasında verilmiş "torpaq mülkiyyətə verilməsinə dair" JN-103 F və JN-105 F şəhadətnamələri ilə digər şəxslərin adına keçirilmişdir. Uzun dövr ərzində atasının sahibliyində olan torpaq sahəsi hazırda X15 və X12 adındadır. Bu şəxslər atasının ailə üzvləri deyil, torpaqdan istifadə etməmişlər, torpağın onların mülkiyyətinə verilməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15, X20, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə X11, X16 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırda iddiaçı tərəfindən X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı və həmin qərar əsasında üçüncü şəxslərin adına verilmiş JN-103F və JN-105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr mübahisələndirilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı ilə 0.21 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmiş və bununla bağlı JN-105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş, eyni zamanda həmin qərarla 0.31 ha torpaq sahəsi X20, X11, X16 və X3 mülkiyyətinə verilərək sonuncuların adına JN-103F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Məhkəmə tələbin “X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Bundan əlavə, tələbin “üçüncü şəxslərin adına verilmiş JN-103F və JN-105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb həmin hissədə də mümkünlük şərtlərinə cavab vermir, çünki sözügedən şəhadətnamələr inzibati akt hesab edilmir. Həmçinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən verilmişdir və sözügedən qurumlar ləğv olunduğundan tələbin qeyd olunan hissəsi ilə bağlı onların hüquqi varisi kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi və onun müvafiq ərazi idarələri cavabdeh ola bilər. İddiaçı sözügedən şəhadətnamələrin ləğvi ilə bağlı aidiyyəti cavabdehə müraciət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Göründüyü kimi sözügedən şəhadətnamələr inzibati akt hesab edilmədiyindən həmin sənədlərin ləğvi tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmçinin tələbin qeyd olunan hissəsi hazırki cavabdehə qarşı yönələ bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Göründüyü kimi qanunverici öhdəliyin icrası haqqında iddia tələbləri üçün xüsusi mümkünlük şərtləri müəyyən etmiş, iddiaçı tərəfindən isə tələblə bağlı müəyyən edilmiş şərtlərə əməl edilmədən məhkəmədə iddia qaldırılmışdır. Bu səbəbdən də məhkəmə iddianı həmin hissədə də mümkünsüz hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı qərarın və şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3817/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3817/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver