Məhkəmə qərarları › İş №2-1(114)-3827/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3827/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3827/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “Şəmkir rayonu, Dəllər qəsəbəsi, Beton zavod küçəsi, ev 5, mənzil 15 üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 xx.xx.1951-ci il tarixdə Şamxor (indiki Şəmkir) rayonun Dəllər-Daşbulaq kəndində anadan olmuş, hazırda Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. İddiaçı xx.xx.1969-cu il tarixdə X9 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra kişi Qasımov, arvad isə Qasımova familiyasını götürmüşdür. Şamxor rayonun Dəllər qəsəbə XDS İK-nin xx.xx.1985-ci il tarixli 18 nömrəli protokoluna əsasən V binada yaşayan vətəndaşların mənzillərinə order yazılmışdır. Dəllər qəsəbə X7 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 78 nömrəli orderinə əsasən iddiaçıya və 5 nəfərdən (həyat yoldaşı – X13, oğlu - X14, oğlu – X15, qızı - X16, oğlu – X10) ibarət ailəsi ilə birlikdə b/zavod küçəsində 5 nömrəli evdə 15 nömrəli mənzildə 2 otaqdan ibarət 32,6 kv.m mənzil sahəsi tutmağa ixtiyarı verilmişdir. Orderin verilməsinə əsas Dəllər qəsəbə XDS İK-nin xx.xx.1985-ci il tarixli 18 nömrəli qərarı olmuşdur. Order həmin qurumun möhürü ilə təsdiqlənmişdir. X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Qasımova (hazırda Abdullayeva) Afət Zahid qızı xx.xx.2023-cü il tarixdə iddiaçıya etibarnamə verərək onu dövlət orqanları, idarə, təşkilatları və müəssisələrdə təmsil etməyi, ərizə verməyi və digər hərəkətləri etibar etmişdir. X15 xx.xx.2023-cü il tarixdə iddiaçıya etibarnamə verərək bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamağı, ərizələr verməyi və və digər hərəkətləri etibar etmişdir. X14 xx.xx.2023-cü il tarixdə iddiaçıya etibarnamə verərək Azərbaycan Respublikası ərazisində bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamağı, ərizələr verməyi və və digər hərəkətləri etibar etmişdir. Şəmkir rayon İcra Hakimiyyəti Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin xx.xx.2023-cü il tarixli 113 nömrəli arayışına əsasən iddiaçı ünvan 2 ünvanda yaşayır və kirayəçisi sayılır. Həmin ünvanda X14, X15, X16, X11 qeydiyyatdadır. İddiaçı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciət xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-Q-0151-8/2023 nömrəli məktuba əsasən sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əslini, yəni "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8.0.11 maddəsində qeyd olunan "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi"ni və həmin orderə dair arxiv arayışını, eyni zamanda "üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənziltikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal- məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 No-li forma) və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri"ni və "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli, 2 nömrəli qərarında göstərilən "dövlət rüsumu"nun və xidmət haqqı"nın ödənilməsi barədə qəbzi, 11 saylı Şəmkir Ərazi ldarəsinə təqdim edildiyi təqdirdə, qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin və yaxud onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə müraciəti əsasında 29 iyun 2004-cü il tarixli, 713- İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, qanunamüvafiq qaydada baxılacaqdır. Bundan başqa bildirilmişdir ki, təqdim edilən xx.xx.1985-ci il tarixli 78 nömrəli orderin kötüyündə iddiaçının soyadının "Qasımova yazılmasına baxmayaraq, xx.xx.2023-cü il tarixli, k 3-48- 13F-2-Q- 404/2023-ci nömrəli "Arxiv arayışı"nda "Rüstəmova" kimi qeyd edilmişdir ki, bu halda da 1999-cu il 28 dekabr tarixli, 780-İQ nömrəli Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 308ci maddəsinə əsasən başqa məna kəsb etməklə, ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi məhkəmə qaydasında həll olunur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3-48-13F/2-Q-404/2023 nömrəli arxiv arayışın ona məxsus olması faktının müəyyən edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə təqdim edərək məhkəmədən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Beton zavod küçəsi, ev 5, mənzil 15 üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə iddiaçı 02 sentyabr 1969-cu ildə nikah rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin vaxt soyadı atasının soyadı ilə "Hüseynova" olmuş və nikaha düşərkən həyat yoldaşının "Qasımov" soyadını özünə "Qasımova" soyadı götürmüşdür. Şamxor rayon Dəllər qəsəbə XDS-nin 18 №-li, 30 avqust 1985-ci il tarixli mənzili mənzildə orderi əsasında iddiaçıya Dəllər qəsəbəsi, Betonzavod küçəsi, 5-ci binanın 15-ci mənzili verilmişdir. Həmin vaxtdan ailəsi ilə orada yaşamış və hazırda da həmin ünvanda yaşayır. İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı ilkin olaraq Azərbaycan Respublikası Dövlət X8, sonra isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi idarəsinə rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət X5 k- 48-13F-/2-Q- 404/2023 saylı, 10 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, xx.xx.2023-cü il tarixli ərizənizə əsasən Şəmkir Filialında mühafizə olunun Dəllər qəsəbə Soveti İcraiyyə Komitəsinin 30 avqust 1985-ci il tarixli, 18 №-li protokolla V- ci binada yaşayan vətəndaşların, o cümlədən X1 mənzilinə order yazılması qeyd edilmişdir. k-48- 13F-/2-Q-404/2023 saylı, 10 iyul 2023-cü il tarixli arayışa əlavədə isə qeyd edilir ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, vətəndaşlara arxiv arayışları verilərkən arxiv sənədlərinə düzəliş edilməsi arxivin iş qaydalarına zidd olduğu üçün Şamxor rayonunun Dəllər qəsəbə XDS İK-nin xx.xx.1985-ci il tarixli 18 №-li iclas protokoluna əsasən verilmiş 10 iyul 2023- cü il tarixli 3-48-13F/2-Q-404/2023 №-li arxiv arayışında X3 deyil, İddiaçı kimi yazılaraq düzəliş edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14, X15, X11, X6 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X11 izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Dəllər qəsəbə X7 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 18 nömrəli qərarı ilə zavod ərazisində olan 5 nömrəli binada yaşayan şəxslərə mənzil sahələri verilmişdir. Həmin qərara (protokola) əlavə edilmiş siyahıda iddiaçının soyadı “Rüstəmova” kimi qeyd edilsə də, Dəllər qəsəbə XDS İK-nin xx.xx.1985-ci il tarixli 78 nömrəli orderində iddiaçının və onun ailə üzvləri adları qeyd edilmişdir. İddiaçı mübahisəli mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. İmtina əsası kimi orderə dair arxiv arayışın təqdim edilməməsi, 2 nömrəli Forma arayışın, ailə üzvlərin notarial qaydada təsdiq edilmiş ərizələrinin, rüsumun ödənilməsini təsdiq edən qəbzin təqdim edilməməsi və Arxiv arayışında soyadının “Rüstəmova” kimi qeyd edilməsi olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Dəllər qəsəbə X7 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 18 nömrəli qərarıprotokolunda iddiaçının soyadının fərqli qeyd olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, bu hal iddiaçının iradəsindən asılı olmamış, ötən müddət ərzində mənzilə digər şəxslər iddialı olmamış, habelə iddiaçı və orderdə adları qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və hazırda da yaşayırlar. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.1985-ci il tarixli 78 nömrəli order həmin orderə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin hallarına görə XDS İK-nın xx.xx.1985ci il tarixli 18 nömrəli qərarında iddiaçının soyadının fərqli olması xx.xx.1985-ci il tarixli 78 nömrəli orderin mötəbərliyinə təsir edən xüsusat kimi çıxış edə bilməz. Bundan başqa, həmin order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri baxımından Şəmkir rayon Dəllər XDS İK-nın xx.xx.1985-ci il tarixli 78 nömrəli orderi mənzilə mülkiyyət qeydiyyatına əsas qismində mötəbər sübut kimi qiymətləndirilməlidir. Mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə gəldikdə isə həmin şəxslər tərəfindən (iclasda iştirak edən şəxsdən başqa) iddiaçı həmin məsələ ilə bağlı ümumi etibarnamə verilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəmkir rayonu, Dəllər qəsəbəsi, Beton zavod küçəsi, ev 5, mənzil 15 üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar