Məhkəmə qərarları › İş №2-1(114)-3829/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3829/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3829/2023 11.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, üçüncü şəxs X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən torpaq sahəsində qeyri yaşayış sahəsinin inşa edilməsi və buna dair hüquqları dövlət qeydiyyatı aparılmışdır. Qeyd olunan icarə müqaviləsi xx.xx.2023-cü il tarixədək müddətlidir. Hazırda cavabdehə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddətinin uzadılması barədə müraciət edilsədə cavabdehə əsassız olaraq müqavilə müddətinin uzadılmasından imtina edir. Belə ki, qeyd olunan icarə haqqı borcu tam olaraq ödənilmişdir. 2-ci şərt üzrə Abdiyev Elvinin qəza çıxışı ilə bağlı irəli sürdüyü dəlili əsassızdır. Belə ki, X4 irəli sürdüyü tələb Gəncə şəhər Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qeyd olunan obyektin giriş-çıxış yolu ilə bağlı mübahisənin hazırki icarə müqaviləsi ilə heç bir bağlılığı yoxdur. Elvin Abdiyev onun arxadan çıxışının bağlanması barədə iddia qaldıraraq onun mülkiyyətə edilən müdaxiləni mübahisələndirmişdir. İddiaçının “icarə müqaviləsinin bağlanması üzrə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının vəkili X6 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin tikilisinə dair texniki sənəddə obyektin arxa tərəfində qəza çıxışı olması barədə qeyd yoxdur. Həmçinin iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı icarə haqqı borcu yoxdur. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Üçüncü şəxs X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının icarəyə götürmək istədiyi torpaq sahəsinin qarşısında ona məxsus mağaza var və iddiaçı həmin sahədən anbar kimi istifadə etməklə onun giriş-çıxışını bağlamışdır. Üçüncü şəxsin vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli sahə təmsil etdiyi şəxsə məxsus obyektin arxasında yerləşir. İddiaçı mülkiyyətçi deyil, təmsil etdiyi şəxs isə mülkiyyətçidir, ona görə də həmin sahənin məhz ona icarəyə verilməsi məqsədəuyğundur. X8 Məhkəməsinin icraatında bu məsələ ilə bağlı iddia var. Bundan əlavə icarə müqaviləsinin bağlanması mülki-hüquqi münasibətlərdən irəli gəldiyinə görə hazırki məsələ mülki xarakterlidir. Həmçinin həmin sahənin icarəyə verilməsi barədə müqavilənin ləğvi barədə cavabdeh sərəncam qəbul etmişdir. İddiaçı həmin sərəncamı mübahisələndirmədən hazırki iddianı qaldırmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/2023 nömrəli imtina aktının məzmununda göstərilmişdir ki, Gəncə şəhər sakini X4 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.l.Xətai prospekti, 42 ünvandakı qeyri-yaşayış obyektinin ehtiyat qəza çıxış qapısının qarsısındakı dövlət mülkiyyətində olan torpaq sahəsi tərəfinizdən istifadə edildiyi səbəbindən həmin qəza çıxış qapısından mülkiyyətçinin istifadə etməsinin mümkünsüz olması barədə şikayəti nəzərə alınaraq, yaranmış mübahisənin tərəflər arasında həll edilməsinin və sözügedən ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılmasının tələb olunduğu barədə xx.xx.2021-ci il tarixli, **********88 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Hazırda icarə müqaviləsinin qüvvədə saxlanılması barədə Gənca İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-444/2022 nömrəli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-925/2023 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır və həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə 2674,69 manat icarə haqqı borcu yaranmışdır. 7 (yeddi) iş günü müddətində dövlət büdcəsinə icarə haqqı borcununun ödənilməsi təmin , əks halda məhkəməyə müraciət olunacaqdır. Eyni zamanda vətəndaş X3 mülkiyyətində olan obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılması təmin edilmədikdə sözügedən icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixındə başa çatdıqdan sonra yeni müddətə müqavilə bağlanılmayacaqdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerli baxış zamanı müəyyən edildi ki, Ş.İ.Xətai prospektində yolun sağ tərəfində, yol kənarında iddiaçıya və üçüncü şəxsə məxsus sahibkarlıq obyektləri paralel vəziyyətdə yerləşir. Obyektlərin arasında prospektə perpendikulyar 3-5 metr enlikdə yol (dalan) mövcuddur. Mübahisəli torpaq sahəsi həmin yolun sonunda, üçüncü şəxsə məxsus obyektin arxa tərəfində yerləşir (cavabdehin nümayəndəsinin deməsinə görə) və sahədə iddiaçıya məxsus mal-material yığılmışdır. Üçüncü şəxsə məxsus obyektin arxa tərəfindən həmin sahəyə açılan əvvəllər 2-3 metr enlikdə qapının olması və sonradan qəpının daş materialla hörülməsi və üzərinin rənglənməsi müşahidə olunur (qapının əvvəllər mövcud olması obyektin daxilinə baxış zamanı da müəyyən edildi). Üçüncü şəxsə məxsus obyektin qabaq tərəfi (şimal) Ş.İ.Xətai prospektinə baxır, sol yan tərəfindən (şərq) isə avtodanacaq kimi istifadə olunduğu müşahidə olundu. Qeyd olunan torpaq sahəsi əvvəllər iddiaçının icarəsində olsa da müqavilənin müddəti bitdikdən sonra cavabdeh torpaq sahəsi ilə bağlı mübahisənin olmasını əsas kimi göstərərək, icarə müqaviləsinin bağlanmasından imtina (məktubla) etmişdir. Göründüyü kimi cavabdeh orqan icarəyə verilməli olan sahədən istifadə nəticəsində hər-hansı subyektin hüquqlarının məhdudlaşdırılmasını hüquqi cəhətdən əsaslandırmadan, yəni qeyd olunan qəza çıxışının bağlı olmasına və istifadə edilməməsinə qiymət vermədən, sahənin qəza çıxışını məhdudlaşdırmadan qismən və yaxud tam icarəyə verilməsi məsələsini araşdırmadan və bu araşdırmanın nəticəsi olaraq müvafiq əsaslandırılmış inzibati akt (qərar) qəbul etməli olduğu halda bu tələblərə əməl etmədən formal və səthi yanaşma nümayiş etdirmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Məhkəmənin hazırki qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar