Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-383/2023 06.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyətinə qarşı atası X5 xx.xx.1992-ci il tarixdə Göygöl rayonun Sarısu kəndinin ərazisində erməni işğalçıları tərəfindən basdırılan minaya düşərək ölməsi faktı müəyyən olunması, ona şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Göygöl rayonun Sarısu kəndində yerləşən ərazi müdafiə qüvvələrinə köməklik göstərən zaman Göygöl rayonun Sarısu kəndində erməni işğalçıları tərəfindən basdırılan minaya düşərək şəhid olmuşdur. Həmin vaxt Göygöl rayonun Sarısu kəndinin ərazisi döyüş zonası hesab edilirdi. Оnа görə ki, onlar erməni işğalçıları ilə üzbə-üz yaşamışdır. X12 Göygöl rayon Sarısu ərazisində erməni işğalçıları tərəfindən basdırılan minaya düşməsi ilə əlaqədar, rayon hüquq mühafizə orqanları və rayon icra hakimiyyəti tərəfindən araşdırmalar aparılmışdır. Həmin vaxt savadsız olduğu üçün X12in şəhid statusu verilməsi üçün maraqlanmamışdır. Halhazırda ona bildirilmişdir ki, atası mülki vətəndaş kimi şəhid olmuşdur. Bu status tanınmalıdır. İddiaçı atasına şəhid statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, atası X4 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyətinə etibarnamə üzrə X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X3 xx.xx.1992-ci il tarixdə Sarısu kəndləri arasında ermənilərin basdırdıqları minanın partlaması nəticəsində şəhid olması ilə bağlı hər hansı məlumat aşkar edilmədiyindən ona şəhidlik statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş İİİ-ЖГ 471635 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Xanlar rayonunun Sarısu kəndində anadan olmuşdur. Ata qrafasında X7 qeyd edilmişdir. -işə əlavə edilmiş xx.xx.1992-ci il tarixli, İV-ЖГ 260484 nömrəli “ölüm haqqında” şəhadətnamədən qeyd edilmişdir ki, X5 xx.xx.1992-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri 1992-ci ildə mart ayında 22 günündə 04 nömrə ilə qeyd edilmişdir. Ölüm yeri və səbəbi müvafiq olaraq Xanlar rayonu Sarısu kəndi və “ermənilərin Mənəş və Sarısu kəndləri arasında basdırdıqları minanın partlaması nəticəsində ölmüşdür” göstərilmişdir. -işə əlavə edilmiş Göygöl rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 341-çıx/23 nömrəli məktubundan görünür ki, X3 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olması ilə bağlı rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı aparılmamışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, Q-416/18 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı X1 xx.xx.1992-ci il tarixdə Mənəş və Sarısu kəndləri arasında ermənilərin basdırdıqları minanın partlaması nəticəsində şəhid olması ilə bağlı hər hansı məlumat aşkar edilmədiyindən ona şəhidlik statusunun verilməsi mümkün olmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). İddiaçı mərhum atası X4 şəhid statusu verilməsi vəzifəsinin barədə Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə atasına şəhid statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının mərhum atası barəsində tərtib edilmiş xx.xx.1992-ci il tarixli, İV-ЖГ 260484 nömrəli “ölüm haqqında” şəhadətnamədə sonuncunun ermənilərin Mənəş və Sarısu kəndləri arasında basdırdıqları minanın partlaması nəticəsində ölməsi qeyd edilsə də Göygöl rayon prokurorluğu tərəfindən təqdim edilmiş məktubda X3 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olması ilə bağlı rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı aparılmaması, həmçinin Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında iddiaçının atasının qeyd olunan şəraitdə ölməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh orqan iddiaçının mərhum atasına şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının mərhum atasının erməni qəsbkarları tərəfindən basdırılmış minanın partlaması nəticəsində ölməsi nə iş materialları, nə də ki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.4-cü bəndinin tələbinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli, 35 nömrəli və 22 may 2006-cı il tarixli, 131 nömrəli Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-383/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-383/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver