Məhkəmə qərarları › İş №2-1(114)-383/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-383/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-383/2024 06.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “cavabdehin may 2023-cü il tarixli, 3-17-4/3-1-13858/2023 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1969-cu il tarixdə Ağdərə rayonun Şəhriyar qəsəbəsində anadan olmuş, hazırda Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla Narrıx qəsəbəsində yaşayır. İddiaçıya ilkin olaraq xx.xx.2006-cı il tarixdə JN40-JN47 –Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J-45-Astma=>J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma diaqnozu əsasında bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Pensiya işinin materiallarından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh qurumun elektron sistemindəki məlumata əsasən JN40-JN47 –Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J-45-Astma=>J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma diaqnozu əsasında iddiaçıya xx.xx.2014-cü ildə 1 il müddətinə, xx.xx.2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdən “Qarışıq astma, Bronxial astma, allergik forma ağır persistə edən nəzarət olunmayan hormondan asılı vəziyyət” diaqnozu əsasında müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdəki müayinəyə əsasən iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-31768/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının 0319003AAJ2S nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Əsasnaməyə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının may 2023-cü il tarixli, 3-17-4/3-1- 13858/2023 nömrəli qərarının 11-ci bəndinə əsasən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-9073/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinə zamanı bronxial astma xəstəsi olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Obyektiv müayinə zamanı çəkisi-113 kq, boyu-154 sm olmuş, tənəffüs çatmamazlığı aşkar edilməmiş, auskultasiyada zəiflləmiş vezikulyar tənəffüs eşidilmişdir. ƏƏSMN-nin nəzdində DTSERA-da xx.xx.2023-cü il tarixli 163 nömrəli Spirometriya nəticəsi "Xarici ventilyasiya pozğunluğu qeyd olunmur" kimi göstərilmişdir (FVC-96,68%, FEV 1-87,05%). Obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibaren "Tam reabilitasiya olunması" barədə qərar qəbul edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 3687/2023 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixində əyani müayinəsi keçirilmiş 4 nəfər barəsində qüvvədə olan qərarların ləğv edilməsi və “Tam reabilitasiya olunması”na dair qərarın qəbul edilməsi; xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “Hissəvi reabilitasiya olması”na dair qərarın qəbul edilməsi; xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 17 nəfər şəxsin əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması; xx.xx.2023cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər şəxsin “Müalicənin davam etdirilməsi”nə dair qərarın qəbul edilməsi; mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 13 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-M- 16417/2023 nömrəli bildirişdə xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilməsi bildirilmiş, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna malik olduğu izah edilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, 317-4/2-2376/2024 nömrəli məktubda qeyd olunur ki, araşdırma əsasında xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktub X4 barəsində olması məlum olmuşdur, bununla da iddiaçının mövcud əlillik təyinatı barədə əsaslı şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dəfələrlə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubun təqdim edilməsi tələb olunsa da, sorğu əsasında X3 xx.xx.2022-ci il tarixli əyani müayinə aktı məhkəməyə göndərilmişdir. Müayinə aktında qeyd olunur ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Suraxanı rayon sakini X4 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, BAKİ, SURAXANİ, BÜLBÜLƏ QƏS., S.BƏHLULZADƏ KÜÇ.,DÖN.15, 12 ünvanında qeydiyyatda olan X3 (FİN- 14M55VE) əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0112003AACDD nömrəli göndərişinə esasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması " barədə qərar verilmişdir. Ətraflı səbəb: "Xəstəyə E.T.K.l-da müayinə və müalicə olunmaq tövsiyyə olunur." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0112003AACDD nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan ayani müayinə zamanı X3 hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (125.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX stabil gərginlik stenokardiyası Fs İİİ postinfarkt kardioskleroz angioplastikadan sonrakı vəziyyət Atım fraksiyası 20% Ağırlaşma 150.0 Durğunluq ürək çatmamazlığı, İV dərəcə sağ tərəfli hidrotoraks Atım fraksiyası 20% Yanaşı xəstəliklər E10 İnsulindən asılı şəkərli diabet, İl tip) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq İl (ikinci) dərəcə 5 il müddətinə əlilliyin təyini qərarı verilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı əvvəl xx.xx.2023-cü il tarixdə (poçta təqdim edilmə tarixi) iddia ərizəsi məhkəməyə müraciət edərək təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin may 2023-cü il tarixli, 3-17-4/3-1-13858/2023 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin iddiaçıya təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ona ikinci dərəcə müddətsiz əlillik təyin etdikdən sonra bir müddət sonra telefon vasitəsilə əlaqə saxlanılaraq Bakı şəhərinə dəvət edilmişdir. İddiaçı özü cavabdeh quruma müraciət etməmişdi. Bakıda onun sənədlərinə baxaraq surətini çıxartmışlar. Həmin zaman iddiaçını yenidən müayinə etməmişlər. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinin tələbinə görə inzibati aktın rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatın əks olunmasıdır. Yəni, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci və 62-ci maddələrinin tələbinə görə, inzibati orqan qəbul etdiyi qərar haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə, həmçinin qərarında həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan və ya məhkəmə haqqında məlumat verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qeyd edilən tələblərə tam əməl olunmamışdır. Belə ki, mübahisələndirilən cavabdehin may 2023-cü il tarixli, 3-17-4/3-1- 13858/2023 nömrəli qərarın mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında yazılı qeyd öz əksini tapmamışdır. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda belə, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazırkı işdə isə cavabdehin may 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə - 02 ay ərzində mübahisələndirilmişdir. İddia mümkün iddia olmaqla, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya 2006-cı ildən etibarən ümumi xəstəlikdən - J-45-Astma=>J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma diaqnozu əsasında müxtəlif tarixlərdə əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Qarışıq astma, Bronxial astma, allergik forma ağır persistə edən nəzarət olunmayan hormondan asılı vəziyyət” diaqnozu əsasında müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubun X4 barəsində olması ilə əlaqdar olaraq iddiaçının əlillik təyinatı barədə əsaslı şübhələr yarandığını əsas gətirərək onu xx.xx.2023-cü il tarixdə təkrar müayinəyə dəvət etmiş və müayinənin nəticəsi olaraq xx.xx.2023-cü il tarixindən etibaren "Tam reabilitasiya olunması" barədə qərar qəbul etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı işdə isə, hər iki hal öz təsdiqin tapmır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdə xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəyə cəlb olunduğunu bildirsə də, iddiaçı izahatında heç bir müayinəyə cəlb olunmadığını, yalnız sənədlərinə baxıldığını, ksero-surətinin təkrar çıxarıldığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş icraat materiallarında da, iddiaçının müayinəyə cəlb edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Qeyd edilən hal özü də onu sübut edir ki, iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Cavabdehin mövqeyinə görə xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlilliyi təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubun X4 barəsində olmasıdır. Məhkəmə tərəfindən dəfələrlə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubun təqdim edilməsi tələb olunsa da, yalnız X3 xx.xx.2022ci il tarixli əyani müayinə aktı məhkəməyə göndərilmişdir. Həmin şəxsə qoyulan (ürəklə bağlı) diaqnoz ilə iddiaçıya qoyulmuş (astma ilə bağlı) diaqnoz isə tam fərqlidir. Göründüyü kimi, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlilliyin onun tam reabilitasiya olması ilə əlaqədar imtinası ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunmur. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibbi sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da cavabdehin qərarlarının və faktiki xarakterli hərəkətlərinin qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizasının təyininə zərurət müəyyən edilməmişdir. Bununla yanaşı, Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3687/2023 nömrəli qərara münasibətdə isə məhkəmə bildirir ki, həmin qərarda əyani müayinəsi keçirilmiş şəxslərin adları qeyd olunmamış, siyahısı əlavə edilməmişdir. Başqa sözlə, həmin qərarın kimlər barəsində çıxarılması aydın deyildir. AR İPM-nin 52-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə iddianın ifadə tərzi ilə bağlı deyildir. Bu zaman iddianın məzmununa və iddiaçının hüquqi marağına uyğun olaraq 23 may 2023-cü il tarixli cavabdehin tam reabilitasiya olunmaya dair qərar kimi qeyd etdiyi elektron sistem üzərindən aparılmış faktiki xarakterli hərəkətinə də münasibət bildirilə bilər. Məhkəmə də hesab edir ki, tam reabilitasiya olunmaya dair istər qərar (məhkəməyə təqdim edilməsə belə) olsun, istər hərəkət qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının may 2023-cü il tarixli, 3-17-4/3-1-13858/2023 nömrəli qərarı “İddiaçı “Tam reabilitasiya olunması" barədə hissədə ləğv edilsin. İddiaçı xx.xx.2022-ci ildə təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar