Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3831/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “tam reabilitasiya olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2009-cu il tarixdə təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qapalı kəllə beyin travması nəticəsində baş beyin silkələnməsi, dağınıq və nevroloji mikrosimtomatika, mülayim asteno nevrotik sinndromla, postral sağ tərəfli mərkəzi karlıq, sol tərəfdə pıçıltı nitqi 6 m-ə qədər burun çəpər əyrilisi diaqnozu ilə ona təyin edilmiş ikinci dərəcəli əlilliyinin ləğv edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1977-ci ildə anadan olmuşdur. Hərbi xidməti vəzifəsini yerinə yetirərkən 1997-ci ildə nəticəsində baş beyin silkələnməsi, dağınıq və nevroloji mikrosimtomatika, minaya düşmüş və qapalı kəllə beyin travması mülayim asteno nevrotik sinndromla, postral sağ tərəfli mərkəzi karlıq, sol tərəfdə pıçıltı nitqi 6 m-ə qədər burun çəpər əyrilisi diaqnozu təyin edilmişdir. Bununla əlaqədar ona 1999-cu ildən 2-ci qrup əllik verilmiş, ümumi xəstəlik səbəbindən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlil olmağı ilə əlaqədar ona pensiya təyin edilməklə 12 oktyabr 2022-ci il tarixədək aylıq pensiyasını almış və mütəmadi olaraq müalicə almışdır. 12 oktyabr 2022-ci il tarixdə isə iddiaçının pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlillik dərəcəsi ləğv edildiyini bilmişdir. O, cavabdehə ərizə yazaraq, ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsi səbəbini öyrənmək istəmiş, cavabdeh isə bununla əlaqədar ona heç bir əsas bildirməmişdir. Halbuki, ona təyin edilmiş əlillik dərəcəsi müddətsiz olmuş, yəni onun aldığı müalicənin nəticələri barədə xidmətə məlumat vermək vəzifəsi olmamışdır. Lakin cavabdehin vəzifəsi isə bir əlil kimi onunla maraqlanmaq, onun reabilitasiyanı həyata keçirmək olmuşdur. Cavabdeh isə onunla maraqlanmadan, onun xəstəliyinin sağalıb-sağalmamasını, hansı formada müalicə almağını bilmədən onun əliliyini ləğv etmiş, bu barədə ona heç bir məlumat belə verməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-3831/2025 nömrəli qərardadı ilə iddia tələbi “İddiaçı tam reabilitasiya olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2009-cu il tarixdə təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-3831/2025 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, İİ dərəcəli, müddətsiz əlillik təyin edilmişdir. Dövlət-Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-cü il tarixli qərarına əsasən, İddiaçı tam reabilitasiya olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi məqsədilə iddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ona xx.xx.2009-cu il tarixindən Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz aparılmış əlillik təyinatı barədə qərar "Əlillik" altsisteminə daxil edilərək, xx.xx.2022-ci il tarixindən Tam reabilitasiya olması qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət- Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2026-cı il tarixli məktubda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlilik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı təkrar olaraq xx.xx.2009-cu il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik təyinatı barədə məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi ilə əlaqədar 08 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına şifahi müraciəti daxil olmuşdur. Bundan irəli gələrək, İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2022-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və ya əlilliyi olan şəxslərin reabilitasiyası İstiqamətində xx.xx.2024-cü il tarixində Agentliyə 3-17-4/1-A-3316/2024 nömrəli müraciət ərizəsi daxil olmuş və tərəfimizdən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A- 2825/2024 nömrəli məktubla cavablandırılmışdır. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmiş, iddia müddəti bərpa edilmişdir Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.17-ci maddəsinə görə, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə görə, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə görə, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1-ci maddəsinə görə, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3.-cü maddəsinə əsasən, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə görə, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, İİ dərəcəli, müddətsiz əlillik təyin edilmişdir. İddiaçının əlillik təyinatı barədə məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi ilə əlaqədar müraciətinə əsasən, Agentliyə dəvət olunmuş və qəbulda olmuşdur. Cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2009-cu il tarixdə təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutun nədən ibarət olmasını bildirməmişdir. İddiaçını onun barəsində olan məlumatların Əilllik altsisteminə daxil edilməsi ilə bağlı müraciətinə əsasən, Agentliyə dəvət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının əyani müayinəsini keçirmiş və tam reabilitasiya olması barədə qərar qəbul etmişdir. Lakin iddiaçının qüvvədə olan əlilliyinin ləğv edilməsi barədə hər hansı qərar mövcud deyil. Cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində zidd olmuşdur. Belə ki, Qaydanın qeyd olunan bəndinin tələbinə əsasən, cavabdeh iddiaçının əyani müayinəsini keçirdikdən sonra sonuncuya əlilliyin təyin edilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Habil Bayram oğlunun tam reabilitasiya olunması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təyin edilmiş İİ dərəcəli, müddətsiz əlilliyin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Habil Bayram oğlunun tam reabilitasiya olması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəb əlaqəsi ilə təyin edilmiş İİ dərəcəli, müddətsiz əlilliyin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3831/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3831/2025
12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver