Məhkəmə qərarları › İş №2-1(114)-3832/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3832/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3832/2023 15.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2007-ci il təvəllüdlü X2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi ilə ələqədar Şuşa şəhərindən məcburi köçkün kimi gəlib Samux şəhərində məskunlaşmışdır. X6 ilə ailə qurmuş, onunla birgə nigahından xx.xx.2007-ci il tarixdə X5 adlı övladları olmuşdur və halhazırda onların himayəsində yaşayır. Ailə üzvləri və qızı Qərənfil Qasımova məcburi köçkünlərə verilən aylıq müavinəti almışdır. İddiaçı övladına “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-36/2- 2575/2023 nömrəli məktuba əlavə edilmiş iddia ərizəsinə etirazda bildirilmişdir ki, X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, X1 atası İddiaçı məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X1 anası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir, Samux rayonu, Nəbiağalı qəsəbəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X1 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı “Samux rayonu” olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AA 306128 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkün düşmüşdür. -surəti işə əlavə edilmiş AZE 14601298 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 qeydiyyat ünvanı Samux rayonu, Nəbiağalı qəsəbəsidir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-Q-45xx-xx/2023/3402 nömrəli məktubundan görünür ki, X2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X1 valideynləri İddiaçı və X4r. İddiaçının atası Şuşa şəhərindən məcburi köçkün olmaqla məcburi köçkün vəsiqəsinə malikdir. İddiaçının anası X3 isə yaşayış yeri üzrə qeydiyyat ünvanı “Samux rayonu” olduğundan cavabdeh müvafiq vəsiqəni verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. -4.1-ci bəndində qeyd olunmuşdur ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikası Konstitusiyasının:- -25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. -148-ci maddəsinə əsasən, qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: - Konstitusiya; - referendumla qəbul edilmiş aktlar; - qanunlar; - fərmanlar; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Sosial təminat sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, istinad olunan Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Beləliklə, iddiaçı Şuşa şəhərindən məcburi köçkün olduğundan, onun malik olduğu “məcburi köçkün” statusunun övladına da şamil olunmaması iddiaçının övladının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onların məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar