Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3840/2023 14.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayonu, Kiçikli kəndində yerləşən və 40 il sahibliyində və istifadəsində olan 0.29 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Ağdam rayonu üzrə keçirilən torpaq islahatı zamanı Kiçikli kəndi üzrə adam başına 0,43 ha pay torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. O zaman iddiaçının ailə tərkibi 4 nəfərdən ibarət olduğu üçün onun ailəsinə ümumilikdə 1,72 sot torpaq sahəsi verilməi idi. Ancaq JN-509, kod 60919005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ağdam rayonu Kiçikli kəndi ərazisindən onun ailəsinə 1,34 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi onlara dövlət aktı ilə verilmiş torpaq sahəsi torpaq islahatı zamanı müəyyən edilmiş normadan 0,29 ha torpaq sahəsi əskik verilmişdir. İddiaçı torpaq sahəsinin əskik verilməsinin səbəbəni Üçoğlan Bələdiyyəsindən soruşduqda onun 0,29 ha torpaq sahəsinin zəbt kimi qeydə alındığı üçün pay torpaq sahəsinin ümumi həcmindən çıxılmışdır. Hazırda dövlət tərəfindən sahibkarlara torpaq sahələrinin əkilib-becərilməsi ilə bağlı güzəştli şərtlərlə müvafiq kreditlər verilir. Həmin 0,29 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün iddiaçıya həmin torpaq sahəsinə görə kredit verilmir. Bu günə qədər belə bir qayda olmadığı üçün məhkəməyə, aidiyyatı orqanlara müraciət etməmişdir. Eyni zamanda bildirir ki, adına zəbt kimi qeyd edilmiş 0,29 ha torpaq sahəsini 40 ilə yaxındır ki, özü əkib-becərir və hazırda da onun istifadəsindədir. Ona görə də cavabdeh orqana müraciət edərək Ağdam rayonu Kiçikli kəndi ərazisində yerləşən 0,29 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini xahiş etsə də, cavabdeh qeyd edilən torpaq sahəsindəki uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyətinə aid olmadığı üçün dövlət qeydiyyatına alınmasından imtina etmiş və bunun üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus Ağdam rayonu Kiçikli kəndində yerləşən 0.29 ha torpaq sahəsinin səhvən zəbt torpaq sahəsi kimi yazılması təmsil etdiyi quruma məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -“Torpağa mülkiyyət hüququna dair” JN-509 KOD 60919005 nömrəli Dövlət Aktından görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə 1.34 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-Ə-0084-8/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Ağdam rayon Alıbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubunda bildirilir ki, 1999-cu ildə torpaq islahatı zamanı Ağdam rayon Kiçikli kənd üzrə Aqrar İslahat Komissiyasının qərarına əsasən adam başına 0,43 ha pay torpaq sahəsi müəyyən edilmiş, Ağdam rayon Kiçikli kənd sakini İddiaçı 4 nəfərdən ibarət ailə üzvünə adam başına norma üzrə 1,72 ha torpaq sahəsi verilməli olduğu halda onun Kiçikli kənd ərazisində zəbt olunmuş 0,29 ha çıxıldıqdan sonra ona cəmi 1,34 ha torpaq sahəsi verilmişdir, ona görə də həmin zəbt olunmuş torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər və hazırda 0,29 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Beləlikə müəyyən olunur ki, iddiaçı Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə əslində ona və ailə üzvlərinə 1,72 ha torpaq sahəsi verilməli olduğunu, lakin onun Kiçikli kənd ərazisində zəbt olunmuş 0,29 ha çıxıldıqdan sonra ona cəmi 1,34 ha torpaq sahəsi verildiyini iddia edərək, 0,29 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb edir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikasında aqrar islahat aparılan zaman Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Torpaq islahatı haqqında Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Göründüyü kimi, iddiaçı Dövlət aktını əldə etdiyi vaxtdan uzun müddət torpaq sahəsinin həcmini mübahisələndirməmiş, hazırda isə cavabdeh həmin səhvin düzəldilməsi ilə bağlı səlahiyyətli deyil. Həmçinin, iddiaçıya və ailə üzvlərinə mövcud olmuş pay normasından az həcmdə torpaq sahəsinin verilməsi həmin dövrdə səlahiyyətli olmuş Aqrar İslahat Komissiyasının qərarı ilə baş vermiş, lakin iddiaçı və ailə üzvləri qeyd olunan vəziyyəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3840/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3840/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver