Məhkəmə qərarları › İş №2-1(114)-3854/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3854/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3854/2023 05.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı qərarların ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin artıq ödənilmiş əmək pensiyasının qaytarılması haqqında müvafiq qərarının ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanması və ödənilməyən məbləğin ödənilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarxdən əmək pensiyaçısıdır, həmin vaxtdan ona pensiya hesablanmağa başlanılmışdır. Sonradan əsassız olaraq pensiyasının məbləği azalmağa başlamışdır. Lakin, pensiyanın nəyə görə azaldılması barədə ona məlumat verilməmişdir. Pensiyanın düzgün hesablanaraq, ödənilməmiş məbləğin ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən onun xahişinin təmin olunmasından əsassız formada imtina edilmiş və imtina məktubunda yazılmışdır ki, “xx.xx.2021-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən (xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyiniz üçün) əmək pensiyanızın yenidən hesablanması zamanı fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək nəzərə alınmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir". Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçının pensiya ödənişinin azaldılması və ondan tutulmalar olmasına dair qərar qəbul edilmişdir. İddiaçı cavabdeh orqanın qeyd edilən hərəkətlərini qanunsuz hesab edir. İddiaçı müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “29 aprel 2021-ci il tarixli, 120 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1- C148683 nömrəli qərarların ləğv edilməsi və 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərar əsasında pensiyadan tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Həmçinin, iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək nəzərə alınmışdır. İddiaçıdan indiyədək 5739 manat artıq ödəmə tutulmuşdur. Tutulmalı olan qalıq məbləği isə 11179 manatdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2014-cü ildə pensiyaya çıxmış, bir neçə ay işləmiş və sonra işdən çıxmışdır. Ona 2014-cü ildə pensiya məbləği hesablanarkən 2006-cı ildən 2014-cü ilədək olan pensiya kapitalı nəzərə alınmışdır. İddiaçı 2015-ci ildə işdən çıxanda pensiya məbləği yenidən hesablanarkən yalnız 2014-2015-ci illər üzrə toplanmış kapital nəzərə alınmalı olduğu halda 2006-cı ildən 2014-cü ilədək toplanmış kapital yenidən təkrar olaraq nəzərə alınaraq pensiya hesablanmışdır. Ona görə də mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla pensiya yenidən hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixədək ödənilmiş 18459,42 manat pulun hər ay əmək pensiyasından tutulması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-C-148683/2023 nömrəli qərarından görünür ki, İddiaçı müraciətinə əsasən pensiya işinə baxılaraq yenidən hesablama aparılmış və pensiya məbləği sabit qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən (xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün) əmək pensiyası yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək nəzərə alınmış, nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 18459,42 manat artıqödəmə müəyyən edilmiş və 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarla həmin pulun hər ay əmək pensiyasından tutulması qərara alınmışdır. Bundan əlavə iddiaçı cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını tələb etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-17-1/1-C-148683/2023 nömrəli qərarla iddiaçının pensiya işinə baxaraq yenidən hesablama aparmış və nəticədə pensiya məbləği sabit qalmışdır. İddiaçı hazırki tələblə cavabdehin 29 aprel 2021-ci il tarixli, 120 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-C-148683/2023 nömrəli qərarlarını mübahisələndirmiş, eyni zamanda cavabdehin 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarı əsasında pensiyadan tutulmuş məbləğin geri qaytarılmasını tələb etmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli, 120 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-C- 148683/2023 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya pensiya təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Digər tərəfdən həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarı ləğv edilməli və iddiaçının pensiyasından tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı, məhkəmə tələbin “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-C- 148683/2023 nömrəli qərarının ləğvi” hissəsini əsaslı hesab etmir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək nəzərə alınmışdır və cavabdeh hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3-17-1/1-C-148683/2023 nömrəli qərarı ilə öz səhvini aradan qaldırmışdır. Odur ki, hazırki iddia sözügedın qərarın ləğvi hissəsində təmin edilə bilməz. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüqu normalarına əsasən məhkəmə hesab edir ki, iddi qismən təmin edilməli, cavabdehin 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarı ləğv edilməli və iddiaçının pensiyasından tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 29 aprel 2021-ci il tarixli, 120 nömrəli qərarı ləğv edilsin və pensiyadan tutulmuş məbləğin İddiaçı geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar