Məhkəmə qərarları › İş №2-1(114)-3863/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3863/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3863/2023 22.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialı ərazisində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Bərdə rayon Qasımbəyli kəndində anadan olmuş, 1976-cı il tarixdən 2003-cü il tarixə qədər bir çox idarələrdə müxtəlif sahələrdə işləmişdir. Həmçinin iddiaçı Bərdə Avqtonəqliyyat filialı ərazisində xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixə qədər sürücü işləmiş, işlədiyi dövrə aid məlumatlar əmək kitabçasında qeyd edilsə də, ancaq sənədlər arxivə təhvil verilməmişdir. Hazırda iddiaçı iş stajı ilə əlaqədar pensiyaya çıxmaq istəyir, işlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1993-2003-cü illərdə əmək haqqı almışdır, əmək kitabçası isə 2003-cü ildə işdən çıxan zaman doldurulmuşdur. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990cı il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrləri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 15 il 6 ay 19 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya 15 il 6 ay sığorta stajına uyğun olaraq 11812,09 manat kapitalı xx.xx.2006-cı il tarixinə kimi təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü üzrə sənədlər aşkar edilmədiyi üçün onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xidməti məktubuna əsasən Bərdə Avtonəqliyyat filialının sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi və təşkilatın hüquqi ünvanı bəlli olmadığı üçün iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması mümkün olmamış və bu səbəbdən qeyd olunan dövrlər iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 633 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş БТ-İ 599955 nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 1979-1980-ci il tarixlərdə X1 təhsil almışdır. -surəti işə əlavə edilmiş AТ-İ ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək ayrıayrı vaxtlarda müxtəlif müəssisələrdə, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək isə Bərdə Avtonəqliyyat filialında əmək funksiyasını yerinə yetirmişdir. -Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan sabiq ATP-5 üzrə 1994-1998-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı müvafiq illər üzrə əmək haqqı almışdır, 1997-ci illərə dair kitab var, vətəndaşın işlədiyi sahə üzrə kitab yoxdur, 1999- 2001-ci il üzrə əmək haqqı kitabları təhvil verilməyib, 2002-2003-cü illərdə bir neçə vərəqdə 5,8 nəfər işçinin adı qeyd olunuş, lakin vətəndaşın adına rast gəlinməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 25 ildən artıq sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən ümumilikdə 15 il 6 ay təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işlədiyi müddətlərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçası ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işləmişdir. Eyni zamanda Bərdə Rayon Dövlət arxivinin arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçının müvafiq dövrlər üzrə əmək haqqı alması barədə sənədlər mövcud olsa da, həmin müəssisənin şəxsi heyətə dair sənədləri arxivə tam formada təhvil verilməmişdir Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarının arxivə tam formada təhvil verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövlərin də iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilən sığorta stajı (15 il 6 ay) və məhkəmə tərəfindən müəyyən edilən sığorta stajı da (xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək müddət üzrə- 10 il 2 ay 9 gün) nəzərə alındıqda onun ümumi stajı tələb olunan (25 il) sosial sığorta stajından çoxdur. Beləliklə görünür ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar