Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3874/2025 26.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) “torpaq sahəsi və üzərində yerləşən əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı cavadbeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə olan 0.01272 ha torpaq sahəsində yerləşən 30B nömrəli binanın, 3 nömrəli mənzilin qarşısında aparılan əlavə tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavadbehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia tələbinin baxılmadan geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında iştirak etmiş cavadbehin nümayəndəsi X2 iddiaçı tərəfindən iddia tələbinin geri götürülməsi barədə ərizəyə etiraz etmədiyini bildirmişdir.
4. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir.
5. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
6. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər; - 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır; - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; - 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
7. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər.
8. O da qeyd edilir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz.
Hakim Nurəli Hüseynov