Məhkəmə qərarları › İş №2-1(114)-388/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-388/2022

07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-388/2022 07.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə qarşı “avtomobil qoşqusunun standartlara uyğun olması barədə baxış keçirərək akt verilməsi və standartlara uyğun olduğu təqdirdə qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 29.05.2021-ci il tarixdə özü tərəfindən hazırlanmış minik avtomobili üçün qoşqunun strandartlara uyğun olması və qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya 03.06.2021-ci il tarixli 313-2775M-3221 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən istehsalçı zavod tərəfindən buraxılmış, müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə minik avtomobili üçün düzəltiyi qoşqunun qeydiyyaata alınması barədə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qoşqunu bu sahədə fəaliyyət göstərən mütəxəssis yardımı ilə özü düzəltmişdir. Qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş, sözügedən qoşquya baxış keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Cavabdeh 14.12.2021-ci il tarixli 313-6300-1221 nömrəli etirazında imtina məktubunda qeyd olunanları müdafiə edərək bildirmişdir ki, vətəndaşın müraciətinə qanunamüvafiq baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş“ Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması“ haqqında Əsasnamənin 2.12-ci bəndinə əsasən istehsalçı zavod tərəfindən buraxılmış, müəyyən tipli nəqliyyatr vasitələrinin ehtiyyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrindən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir. Cavabdeh qeyd edilən məlktubunda həmçinin təyin edilmiş məhkənə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçıya ünvanlanmış 03.06.2021-ci il tarixli, 313-2775M-3221 nömrəli imtina; cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2021-ci il tarixli, 313-6300-1221 nömrəli etiraz təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Yol hərəkəti haqqında “ Azərbycan Respublikası Qanununun 27-ci maddəsinə görə, İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Əsasnamənin 2.12-ci bəndinə Bu Əsasnamənin 2.11-ci bəndində (Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır) uyğun sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitələri mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyinə təsdiq edən sənədlər əsasında "Avtomobilçi" cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini və DYP İdarəsi ilə razılaşdırılmış "Fərdi qaydada hazırlanmış nəqliyyat vasitələrinə texniki tələblər"ə uyğun olarsa bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada həmin nəqliyyat vasitələri qeydiyyata alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə qarşı “avtomobil qoşqusunun standartlara uyğun olması barədə baxış keçirərək akt verilməsi və standartlara uyğun olduğu təqdirdə qeydiyyata alınması” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar