Məhkəmə qərarları › İş №2-1(114)-388/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-388/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-388/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda olan mənzilinin onun adına özəlləşdirilməsi, həmin mənzilin onun xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatının həyata keçirilməsi və onun mənzilə mülkiyyət hüququnun əmələ gəlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda hələ keçmiş sovetlər ittifaqı dövründən yaşayır. Mənzilini öz adına özəlləşdirmək üçün müvafiq təsdiqedici sənədləri (Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışı, onunla birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan və 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiq olunmuş ərizələri, şəxsiyyəti təsdiq edən sənədin surətini, mənzilin kirayə müqaviləsini və yaşayış sahəsi üzrə pasportu) ərizəsinə əlavə etməklə cavabdehə müraciət etsə də, cavabdeh 08 fevral 2023-cü il tarixli məktubu ilə mənzil sahəsinin orderinin ərizəyə əlavə olunmaması əsasına görə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz və əsassızdır. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin iddia “Tərtər şəhəri, N.Nərimanov küçəsi, 7 nömrəli evin, 7 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər Rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən əmlakla bağlı order təqdim edilmədiyinə və kirayə müqaviləsi imza və möhürlə təsdiq edilməyinə görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Yerli XDS-nin, Dövlət, Kooperativ və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında xx.xx.1991-ci il tarixli Nümunəvi müqavilədən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzillə bağlı İddiaçı ilə müqavilə bağlanmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X2, X4, X8 və X1 şəhəri, N.Nərimanov küçəsi, ev 07 ünvanda yerləşən 09 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və həmin mənzilə dair mülkiyyət hüququnun tanınmasına etiraz etmirlər. -işə əlavə edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 5-78-43/2-03//2024 nömrəli məktubda bildirilir ki, xx.xx.1991-ci ildə İddiaçı ilə bağlanmış nümunəvi müqavilə 3 vərəqdən ibarətdir və möhür həmin nümunəvi müqavilənin pasport olan sonuncu vərəqinə vurulmuşdur. -işə əlavə edilmiş Tərtər RİH-nin Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli Forma N-2.İ arayışından da görünür ki, ünvan 2 İddiaçı adınadır, mənzildə onunla bərabər ailə üzvləri- X2, X4, X8, X9 və X5 daimi qeydiyyatdadır. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-M-0010-8/2023 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 09 nömrəli mənzilin özəlləşdirilməsi ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzillə bağlı İddiaçı ilə Yerli XDS-nin, Dövlət, Kooperativ və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında xx.xx.1991-ci il tarixli Nümunəvi müqavilə bağlanmışdır, həmin vaxtdan qeyd olunan mənzildə onunla birgə ailə üzvləri yaşayaraq daimi qeydiyyatdadır. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçı tərəfindən mənzil sahəsinin orderinin ərizəyə əlavə olunmaması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçı tərəfindən müvafiq orderin ərizəyə əlavə edilməməsi əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etsə də, mənzilə dair iddiaçı tərəfindən təqdim edilmiş müvafiq müqaviləni nəzərə almamış, səbəb kimi isə kirayə müqaviləsinin imza və möhürlə təsdiq edilməyini bildirmişdir. Məhkəmə müqavilənin müvafiq möhürlə təsdiq edilməməsi barədə cavabdehin dəlillərini qəbul etmir və qeyd edir ki, həmin mənzilin iddiaçıya verilməsi ilə bağlı iradə ifadəsi qeyd olunan müqavilənin məzmununda və 3-cü vərəqinə vurulmuş möhür və imzalarla təsdiq olunur, eyni zamanda bu halı Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 5-78-43/2-03//2024 nömrəli məktubu bir daha təsdiq edir. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən yaşayış sahəsinin verilməsinə dair müvafiq orderlə yanaşı mənzil kirayəsi müqaviləsi də əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 4 ünvanda yerləşən 7 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən 7 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar