Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3883/2024 15.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medallarla təltif olunma barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vətən Müharibə zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi üçün Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, torpaqların işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsi başlayan gündən, 27 sentyabr 2020-ci il tarixdən döyüş əməliyyatlarında 112 saylı Hərbi hissənin tərkibində iştirak etmiş, Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmiş və Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İddiaçının 44 günlük Vətən müharibəsində iştirakına görə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. O qeyd edir ki, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda işğaldan azad olunmuş hər bir rayonun azad olunmasına görə ayrıca medal təsis edilmiş, belə ki, həmin medallarla rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Yəni, qanunun tələbinə əsasən hər bir rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular həmin rayonun azad olunmasına görə müvafiq medalla təltif edilməlidir. İddiaçı bildirir ki, o, üç rayonun işğaldan azad olunmasında yaxından iştirak etmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, üç rayonun işğaldan azad olunmasında canıyla, qanıyla iştirak etməyinə baxmayaraq yalnız bir rayonun - Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə medalla təltif olunmuşdur. Hətta Qubadlı rayonunun azad olunması uğurunda gedən döyüşlərdə iddiaçının ağır yaralanmağına, bu barədə məlumatların müvafiq hərbi-tibbi sənədlərdə, hərbi biletdə qeyd olunmasına baxmayaraq o, həmin rayonun azad olunmasına görə medalla təltif olunmamışdır. İddiaçı üç rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında yaxından iştirak etdiyi üçün həmin rayonların azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmaq haqqının təmin edilməsini istəyir. Bu məqsədlə o, 20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Vətən Müharibəsi zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmağının təmin edilməsini xahiş etmiş, 04 sentyabr 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən 3-25-14/2-71-121xx-xx/2023 saylı cavab məktubunda bildirilmişdir ki, iddiaçı hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş, onun əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Qaynar xətti”nə zəng edərək xidmət keçdiyi hərbi hissədən qeyd olunan rayonların Füzuli və Qubadlının azad olunmasına görə medallarla təltif olunmağı ilə bağlı təqdimatın verilibverilməməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N nömrəli hərbi hissəyə sorğu verilməsini xahiş etmiş, 20 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilən 674 nömrəli məktubda bildirilmişdir ki, daxil olmuş müraciət araşdırılmış, yuxarıda adları qeyd olunan medallar ilə onun təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 07 iyun 2024-ci il tarixdə iddiaçı yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Vətən Müharibəsi zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmağının təmin edilməsini xahiş etmiş, 13 iyul 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən 3-25-14/2-71-688/3-38/2023 saylı cavab məktubunda əvvəl verilən cavabı təkrarlayaraq bildirilmişdir ki, onun əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyat Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun qanuni tələbini təmin etmir və o hesab edir ki, Füzuli və Qubadlının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında yaxından iştirakını nəzərə alaraq, həmin rayonların azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmağı ilə bağlı qərarın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, “Füzuli və Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2020ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən, “Füzuli və Qubadlının azad olunmasına görə Azərbaycan Respublikasının medalı haqqında” əsasnaməyə əsasən “Füzuli və Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Eyni zamanda qeyd olunmalıdır ki, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirinə təqdim olunur, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə Nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Təltiflə bağlı Müdafiə Nazirliyinin təqdimatı tövsiyə xarakteri daşıyır. Göründüyü kimi, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi məhz Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda isə iddia tələbinin predmeti məhz müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyumasından ibarət olduğundan, həmin tələbin predmeti mahiyyət etibarilə cavabdeh inzibati orqanın səlahiyyətinə aid deyil və nəticə etibarilə cavabdeh inzibati orqan məhz həmin tələbə cavab verməli şəxs qismində çıxış etməmişdir. İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən təqdim olunmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. İddiaçı əlavə olaraq hər hansı bir medalla təltif olunması barədə Şəxsi Heyət Baş İdarəsinə təqdimat daxil olmamışdır. Həmçinin cavabdeh inzibati orqanın yuxarı icra orqanına iddiaçının arzuladığı tələbə uyğun təqdimat verməsi onun diskresion səlahiyyətidir. Odur ki, İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” vətəndaş İddiaçı medallar ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Gələcəkdə vətən müharibəsi iştirakçılarının medallarla təltif edilməsi barədə göstəriş olarsa, bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılacaqdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. Vətəndaş İddiaçı əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər işğaldan azad olunmuş rayonların adlarını daşıyan medallar Azərbaycan Respiblikasının Prezidentinin 2020-ci il tarixində müvafiq sərəncamları əsasında təsis edilmişdir. 2020-ci il tarixindən etibarən hərbi qulluqçuların işğaldan azad olunmuş rayonların adlarına təsis edilmiş medallarla yenidən təlitif olunmaları barədə heç bir adlı siyahı, təqdimat və ya digər rəsmi sənədlərin yuxarı komandanlığa təqdim olunması hərbi hissədən istənilməmişdir. Gələcəkdə yuxarıda adı göstərilən sənədlərin hərbi hissə tərəfindən göndərilməsi tələb edilərsə, vətəndaş İddiaçı da “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif olunması barədə hərbi hissədə təyin olunacaq komissiya tərəfindən baxılacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: 23) dövlət təltifləri ilə təltif edir; Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Maddə 1. Təltif edilən şəxslər “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Maddə 1. Təltif edilən şəxslər “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimat - Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra Aparatına göndərilir. X1 səlahiyyətində olan medallar üçün təqdimatlar isə müdafiə nazirinə təqdim olunur. - Bütün təltif sənədləri "Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim olunur. ...hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. ...təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. ...kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallar ilə təltif olunma barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericilikdə nəzərdə tutulan qaydada, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. Göründüyü kimi, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Başqa sözlə, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunan medallarla təltif etmə səlahiyyətinə malik deyil. Məhkəmə hesab edir ki, həmçinin cavabdeh orqanın Silahlı Qüvvələrin hərbi qulluqçularının medallarla təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin icra Aparatına təqdimat vermək səlahiyyəti ilə bağlı aşağıdakılar qeyd edilməlidir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatda qeyd edildiyi kimi, Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra Aparatına göndərilir. Bütün təltif sənədləri "Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim olunur. Təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. N №-li hərbi hissənin iddiaçının “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallar ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması barədə məktubundan görünür ki, müvafiq təqdimat Müdafiə Nazirliyinə deyil, yuxarı komandanlığa verilmişdir. Belə ki, yuxarıda qeyd olunan Təlimata görə, təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Cavabdehin məhkəməyə göndərdiyi məktubunda da qeyd edilmişdir ki, iddiaçının sözügedən medallarla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. Göründüyü kimi, N №-li hərbi hissə tərəfindən müvafiq vəsatət yuxarı komandanlığa göndərilsə də, sonuncu tərəfindən bu cür təqdimat Müdafiə Nazirliyinə verilməmişdir. Digər tərəfdən, müvafiq təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İnzibati orqanın üzərinə belə vəzifənin qoyulması cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medallarla təltif olunma barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medallarla təltif olunma barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva