Məhkəmə qərarları › İş №2-1(114)-3886/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3886/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3886/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbi üzrə işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının müvafiq tarixli qərarı əsasında ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən Vətən müharibəsində iştirak etmiş və xəsarət almışdır. Xəstəlik haqqında 6033 nömrəli Şəhadətnamədən də görünür ki, iddiaçı aldığı xəsarətlə bağlı uzun müddət müalicə olmuş, bununla bağlı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı qəbul edilmiş və qeyd olunmuşdur ki, xəsarət hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş və 5 il müddətindəxx.xx.2027-ci il tarixə kimi etibarlıdır. Lakin qeyd olunmalıdır ki, ona əlillik artıq qüvvədən düşmüş Şəhadətnaməyə uyğun qiymətləndirilmişdir. Belə ki, əlillik səbəbinin dəyişdirilməsi və yenidən əlilliyin təyin olunması üçün cavabdeh orqana müraciət olunsa da, xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın bu hərəkəti qanunsuzdur. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əlilliyinin hərbi xidmət dövrü ilə əlaqədar olaraq alınmış əlillik olaraq nəzərə alınmalı idi. Lakin cavabeh bundan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarın qismən ləğv edilməsi və əlilliyin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Bərdə rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 6033 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Hər iki aşağı ətraf baldır arteriyalarının, sağ bud-dizaltı arteriyasının, sağ said arteriyasının abliterasiyaedici tromboangiti. Qalxanvari vəzin düyünlü uru, eutireoid forma. Qıcıqlanmış bağırsaq sindromu" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, intihar cəhdləri ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Səthi qastroduodenit, remissiya mərhələsində. Medikamentoz erektil disfunksiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 79 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli (müharibə zamanı qapalı kəllə-beyin travması) affektiv pozuntu. İntihar cəhdlərilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ yuxarı ətrafında olan ağrılardan, hərəkət məhdudluğundan, şişkinlikdən, yeriş zamanı ağrıların artmasından, soyuqluqdan, barmalarında göyərmədən, yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol arxa qamış arteriyasında nəbz zəif olmuş, sağda və hər iki ayaqarxasında nəbz izlənilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi "Obliterasiyaedici trombangit" qeyd edilmişdir. Verilən sualları adekvat cavablandırmış, emosional labillik, zahirən narahat, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli affektiv pozuntu. Səxsiyyətin spesifik cizgilərinin qabarması" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə xx.xx.2022-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 4582 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 6033 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı qoyulmuş Diaqnoz:"Hər iki aşağı ətraf baldır arteriyalarının, sağ bud-dizaltı arteriyasının, sağ arteriyasının abliterasiyaedici tromboangiti.Qalxanvari vəzin düyünlü uru, eutireoid forma. Qıcıqlanmış bağırsaq sindromu" "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır", Diaqnoz:"Orta(mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, intihar cəhdləri ilə. Partlayış travması(xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsində sonrakı vegetativ damar davamsızlığı " "Hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır", Diaqnoz:"Səthi qastroduodenit, remissiya mərhələsində.Medikamentoz erektil disfunksiya. "Ümumi xəstəlikdir". -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.12-ci bəndinə müvafiq olaraq (hər iki aşağı ətraf damarların xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə) İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-16176/2023 nömrəli qərarından görünür ki, Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol arxa qamış arteriyasında nəbz zəif olmuş, sağda və hər iki ayaqarxasında nəbz izlənilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi "Obliterasiyaedici trombangit" qeyd edilmişdir. Verilən sualları adekvat cavablandırmış, emosional labillik, zahirən narahat, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli affektiv pozuntu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verər psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksiona pozuntuları qeyd olunmamışdır. Nəticədə xx.xx.2022-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətin ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin T 753/2023 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş diaqnozla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.12. bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qəbul edilmiş Qərarı düzgün hesab etmək olar. Əlillik dərəcəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Əsasnaməsinin biri ilə təyin edilir. "Üzvi mənşəli affektiv pozuntu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması" diaqnozu ilə əlaqədar mütəxəssis-psixiator tərəfindən əyani müayinədə, onun psixi vəziyyətində əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müəyyən olunmadığından xəstəlik Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə ona “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16176/2023 nömrəli qərarı ilə onun vəziyəti "Üzvi mənşəli affektiv pozuntu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verər psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığına görə Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətin ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin düzgün müəyyən olunubolunmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçı barəsində "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.12. bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qəbul edilmiş Qərar düzgün hesab edilir. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə, eləcə də onun əliliyinin səbəbinin dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik səbəbinin dəyişdirilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar