Məhkəmə qərarları › İş №2-1(114)-3887/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3887/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3887/2023 15.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, onun vətən müharibəsinin veteranı və 3-cü qrup əlil kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə X7 ilə faktiki nikaha girib yaşayaraq, 29 mart 2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində nikahlarını qeydiyyata alınmışdır. Birgə yaşadıqları müddətdə üç uşağı olmuşdur. X7 ilə olan nikahı Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 822/2017 saylı qətnaməsi ilə pozulmuş, bu barədə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 25 oktyabr 2017-ci il tarixdə 275 №-ilə qeyd edilmişdir. Onlar boşansa da, sonradan böyüklərin məsləhəti ilə barışıb yenidən nikahlarını qeyd etdirmiş və nikahları Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqında akt qeydləri kitabında 03 fevral 2021-ci il tarixdə 13 №-ilə qeyd edilmişdir. 1 saylı Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsindən verilmiş arayışda ailənin iddiaçıdan, arvadı Siyateldən, oğlu Almurad, qızları Aydan və Səmadan ibarət olduğu qeyd edilmişdir. Hazırda ailə üzvüləri ilə birlikdə atası X11 adına olan ünvan 1 binanın 39 saylı ünvandakı yaşayış sahəsi 39,6 kvm olan 3 otaqlı mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. X25 şəhəri Yeni Gəncə 28-A №-li binanın 31-ci mənzilində anası X3 adına olan mənzildə qeydiyyatda olsa da, iddiaçı və uşaqları ilə birlikdə yuxarıda qeyd olunan mənzildə yaşayır. Həmin mənzil 09 oktyabr 1986-ci il tarixli 654 №-li orderlə atası X8 adına verilmişdir. Mənzilin orderinə anası X23, iddiaçı, qardaşı Abdinov Emin və digər qardaşı Abdinov Elnur daxil edilmişlər. X2 və X16 ailəsi də həmin mənzildə yaşayır. Faktiki olaraq atasın adına olan 3 otaqlı mənzildə 4 müstəqil ailə olmaqla, yaşlı anası, iddiaçının ailəsi və qardaşlarının ailələri yaşayır. İddiaçının uşaqlarından Aydan uşaq serebral iflici xəstəsidir, Səmada isə anadangəlmə ürək qüsuru vardır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə N №-li hərbi hissənin tərkibində səfərbərliklə hərbiyə çağrılaraq xidmət etmiş, xx.xx.2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək Vətən Müharibəsində kapitan rütbəsində həmlə komandiri kimi döyüş əməiyyatlarında iştirak etmişdir. 3-cü qrup Qarabağ Müharibəsi əlilidir. 3 saylı Gəncə Ərazi idarəsinin reyestr xidmətindən verilmiş arayışda göstərilir ki, iddiaçının və arvadı X4 adına Dövlət Reyestr Xidmətində daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı məlumat yoxdur. Göründüyü kimi iddiaçının 5 nəfərdən ibarət ailəsinin yaşayış sahəsinə zəruri ehtiyac vardır. Ona görə də iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edib Vətən Müharibəsinin 3-cü qrup əlili və veteranı kimi 5 nəfərdən ibarət ailəsinin yaşayış sahəsinə zəruri ehtiyacı olması nəzərə alınıb onun mənzil növbəsinə götürülməyinə dair ərizə vermişdir. Onun müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-1/1-A- 163-068 /2023 №-li məktubla olan cavabda bildirilir ki, mənzil uçotuna götürülməyinə dair etdiyi müraciətə baxılmış və müəyyən olunmuşdur ki, Yeni Gəncə yaşayış massivi 28-A №-li evin 31 №-li mənzili arvadı Siyatelin adına olmuş, Gəncə Asan Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-189 №-li daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak onun bacısı X5 bağışlanmışdır. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi üçün 5 ildən tez olmayaraq yaşayış sahəsinə olan qismində uçota götürülə bilər. İddiaçı bildirir ki, arvadı Rzayeva Siyatel himayəsində xüsusi qulluğa ehtiyacı olan əlil övladına baxdığına görə heç vaxt işləmədiyindən 2012-ci ildə hansı vəsaitlə 3 otaqlı mənzil ala bilərdi. Əslində hazırda İcra Hakimiyyətinin istinad etdiyi arvadının adına olan mənzil onun bacısı Ülviyyənin ailəsinə məxsus olmuşdur. Həmin vaxt onlar Rusiya Federasiyasında yaşadıqlarından iddiaçının arvadının adına mənzil almış, sonradan da öz adına keçirmişdir. Bunu arvadının adına Rusiya Federasiyasından gələn pul köçürmələri də təsdiq edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ 386826 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında olan nikaha Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-822/2017 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ 386826 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş ƏƏSMN X1 Sistemi Əlillik haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə ŞİH MKTİB-nin xx.xx.2021-ci il tarixli, 134 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə ŞİH MKTİB-nin nəzdində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 44 saylı binanın 39 saylı mənzilində qeydiyyatdadır və qeyd olunan mənzil X9 adınadır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Qeydiyyat sistemində məlumat yoxdur. -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli, Q5-1/1- A-163-068/2023 nömrəli məktubundan görünür ki, İddiaçı mənzil uçotuna götürülməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8862/2023 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə dair X10 adına xx.xx.1992-ci il tarixli, 90 nömrəli order verilmiş, order, Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təssərüfatı İstehsalat Birliyinin xx.xx.2013-cü il tarixli, 29 nömrəli arayışı (Forma 2), notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında qeyd olunan mənzil X4 adına özəlləşdirilmiş, mənzilə dair X4 adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********06-05101-093012 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-189 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması" müqaviləsinə əsasən qeyd olunan əmlak X7 tərəfindən X6 bağışlanılmış və X3 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06-05101-093012 reyestr nömrəli çıxarış verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə atası X12 məxsus evdə yaşamaqla həmin evdə qeydiyyatdadır. Həmçinin daşınmaz əmlak üzərində onun mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, müvafiq arxiv məlumatlarında məlumat yoxdur. İddiaçı 3-cü qrup əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilin iddiaçının arvadı X4 adına olması, sonradan Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-189 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması" müqaviləsinə əsasən qeyd olunan əmlakın X7 tərəfindən bacısı X6 bağışlanması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.2. maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. -4.1. maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.3. maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.1. maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. -31.1. maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı əlildir və bu hal işin mübahisəsiz halıdır. Hazırki iddia ilə iddiaçı əlil kimi qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadə etmək niyyətindədir. Cavabdeh orqan etiraz dəlillərində iddiaçının arvadının adına mənzil olması və sonradan həmin mənzilin başqa şəxsə bağışlanmasını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət kimi qiymət verərək iddianın əsaslı olmadığını bildirmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən mənzil (ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzil) iddiaçının keçmiş arvadının adına olmuşdur və həmin mənzil onların nikahda olmadığı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə başqa şəxsə bağışlanmış, iddiaçı ilə arvadı isə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Göründüyü kimi cavabdehin qeyd etdiyi arqument əsassızdır. Bundan əlavə qeyd edilməlidir ki, müvafiq orqandan əldə edilmiş məlumatdan da aydın görünür ki, iddiaçının Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Qeydiyyat sistemində heç bir məlumat yoxdur. Deməli, iddiaçı həqiqətən də yaşayış sahəsinə ehtiyacı olan şəxsdir və mövcud qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalıdır. Bundan əlavə, iddiaçı 3-cü qrup əlil olmaqla yaşayış sahəsi ilə ilk növbədə təmin olunmalı şəxslərin dairəsindədir. Bu səbəbdən də cavabdeh orqanın qeyd olunanlara əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar