Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3893/2024 07.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı – xx.xx.2007-ci il təvəllüdlü X2 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci ildə Ağdərə rayonu, Umudlu kəndində anadan olmuş, elə həmin kənddə də orta təhsilinə başlamışdır. Lakin, erməni daşnaqlarının Azərbaycan Respublikasına qarşı hücumu nəticəsində o, öz doğma Ağdərə rayonu, Umudlu kəndindən məcburi köçkün kimi gələrək, ilk əvvəl Tərtərdə, daha sonra isə Mingəçevir şəhərində məskunlaşıb yaşamağa başlamışdır. xx.xx.2005-ci ildə o, X9 ilə ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2006-cı ildə Mehriban və xx.xx.2007-ci ildə Ramil adlı uşaqları dünyaya gəlmişlər. İddiaçının özü məcburi köçkündür. Bu barədə ona AA seriyalı, 292905 nömrəli "Məcburi köçkün vəsiqəsi" verilmişdir. Eyni zamanda da o, məcburi köçkün kimi qeydiyyata alınaraq, dövlətin məcburi köçkünlərə etdiyi güzəştlərdən istifadə edir. Hazırda iddiaçı Mingəçevir şəhəri, Borçalı bağlar yaşayış massivində yaşayır. Bundan sonra o, ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət komitəsinə rəsmi qaydada müraciət edərək, övladı xx.xx.2007-ci il təvəllüdlü X2 "Məcburi köçkün" statusunun və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin Komitənin ünvanladığı 25 iyul 2024-cü il tarixli, 3-36-3/2-A-98xx-xx/2024/9640 saylı cavab məktubunda oğlu X1 anası X3 qeydiyyatının ünvan 1 ünvanında olduğunu və övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsinin mümkün olmadığı qeyd olunmuş və tələbdən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3893/2024 nömrəli qərardadı ilə iddiaçı əsl iddiaçı X6 ilə əvəz edilmiş, yetkinlik yaşına çatmayan X6 valideyni - atası İddiaçı ilə təmsil olunması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, xx.xx.2007-ci il təvəllüdlü X1 anası X4 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün deyildir. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İş üzrə iddiaçı qanuni nümayəndəsinin nümayəndəsi vasitəsilə təmsil olunmuş, lakin iddiaçının özü və onun qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etdi. İşin halları xx.xx.2007-ci il tarixli, AZ-İİ 022313 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Atası” qrafasında İddiaçı, “anası” qrafasında X9 göstərilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdə AA 292905 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Ağdərə rayonundan məcburi köçkündür. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, X6 və atası İddiaçı Tərtər rayonu, Umudlu kəndində anası X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edərək, oğlu X2 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-A-98xx-xx/2024/9640 nömrəli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 anası X3 qeydiyyatı ünvan 1 ünvanında olduğundan X2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı X1 atası İddiaçı Tərtər rayonu, Umudlu kəndində qeydiyyatdadır. Sonuncu Ağdərə rayonundan məcburi köçkün düşmüş, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı X6 hazırkı iddia tələbi ilə, atasının məcburi köçkün olmasını nəzərə alaraq ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi X1 anası X3 ünvan 1 ünvanında qeydiyyatda olması ilə əlaqədar olaraq X2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən X1 anası ünvan 1 qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin, iddiaçının atasının məcburi köçkün düşdüyü Ağdərə rayonu 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı X6 tərəfindən verilmiş iddia təmin edilsin. X2 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3893/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3893/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver