Məhkəmə qərarları › İş №2-1(114)-3893/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3893/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3893/2025 24.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X10, X11 və X7 ona məxsus olan Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 33/2-5497/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.2002-ci il təvəllüdlü X10, xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.1977-ci il təvəllüdlü X3 şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslər X10, X11 və X7 ona məxsus olan Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əsasında həyata keçirilə bilər.

4. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2025-ci il tarixli, 5-1-1/2-143/2025 nömrəli cavab məktubu və ona əlavə olunmuş aktdan müəyyən olunur ki, X10, X11 və X3 şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında yaşamırlar.

5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-15385/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, X10 xx.xx.2016-cı il tarixdən hal-hazıradək, X11 xx.xx.2016-cı il tarixdən hal-hazıradək və X8 xx.xx.2003-cü il tarixdən hal-hazıradək Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-1215/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən ünvan 5 ünvanda X10, X11 və X7 yaşamadıqları müəyyən edilmişdir.

7. Məhkəmənin sorğusuna Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-1322/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1951ci il tarixdə Goranboy rayonu, Qaramusalı kəndində anadan olmuş İddiaçı ailə üzvləri:

1. X1 xx.xx.1957-ci il təvəllüdlü (xx.xx.1975-ci ildə nikaha daxil olub),

2. X4 xx.xx.1977-ci il təvəllüdlü,

3. X5 xx.xx.1982-ci il təvəllüdlü. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X10, X11 və X7 ona məxsus olan Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda üçüncü şəxslər X10, X11 və X8 onun mənafeyinə toxunurlar. Üçüncü şəxslərin ona məxsus olan evdə qeydiyyatda qalmaları mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. İş üzrə üçüncü şəxslərin onun evi ilə bağlılıqları yoxdur, həmçinin istifadə hüquqları da yoxdur. Bu səbəbdən o, cavabdeh təşkilata, yəni Cavabdehnə X10, X11 və X7 evdən pasport qeydiyyatından çıxarılmaları üçün müraciət etsə də ona tamamilə əsassız olaraq imtina cavabı verilmişdir. Səbəb kimi onların qeydiyyatdan çıxarılmasının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilməli olduğu göstərilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10, X11 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və üçüncü şəxslərdən X8 məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər.

22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı atasıdır, digər üçüncü şəxslər isə övladlarıdır. Atası onu zorla evdən çıxarmışdır, nə yaşamağa, nə qeydiyyata düşməyə yeri yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

25. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayış; - Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2025-ci il tarixli, 5-1-1/2-143/2025 nömrəli cavab məktubu və ona əlavə olunmuş akt; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-15385/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-1215/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-1322/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-5497/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 41 ünvanında yerləşən ev İddiaçı adına qeydə alınmışdır. Üçüncü şəxslər X10, X11 və X8 həmin ünvanda pasport qeydiyyatındadırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

29. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

31. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

32. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

33. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X8 övladı, X10 və X11 isə nəvələri olmaqla həmin evə qeydiyyatdadırlar.

34. Ona görə də, üçüncü şəxslərin mübahisəli evdən istifadə hüquqlarının mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı üçüncü şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı yaxud itirildiyi müəyyən ediləcəyi halda, həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

35. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

36. Ona görə də, iddia təmin edilməməlidir.

37. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar