Məhkəmə qərarları › İş №2-1(114)-3907/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3907/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3907/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin 21 fevral 2011-ci ildən 21 fevral 2014-cü il tarixədək hesablanıb ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2014-cü il tarixdə M/V 055325 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır. İddiaçıya xx.xx.2009-cu il tarixdən müddətsiz, yaşa görə (ümumi) əmək pensiyası təyin edilmişdir. İddiaçı ona ödənilməmiş əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, o, xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyası aldığından və əmək pensiyansının sığorta hissəsinə 11 manat əlavə hesablanaraq ödənildiyindən ona ərizəsində qeyd etdiyi dövr üzrə sözügedən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İnzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinatın təyin edilməsi və əvvəlki 3 il üçün, yəni 2022-ci ilin aprel ayından 2025-ci ilin aprel ayınadək olan dövr üçün hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ Müharibəsi zamanı döyüşlərdə iştirak etmək üçün könüllü olaraq hərbi xidmətə getmiş, 20 aprel 1992-ci il tarixdən 17 noyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissədə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü ildən isə N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Xidmət etdiyi dövrdə yaralanmış, sağ əlin kor qəlpə yarası almışdır. xx.xx.1996-cı ildə hərbi xidmətdən tərxis olunmuş, 2014-cü ildən onun “müharibə veteranı” statusum müəyyən olunmuşdur. 2019-cu ilədək müharibə veteranı olmasıyla əlaqədar hər hansı müavinat almamışdır. 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə müharibə veteranlarına təsis edilmiş 80 (səksən) manat Prezident təqaüdünü almışdır. Lakin kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinat almır. 2025-ci ilin aprel ayında o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müharibə veteranı kimi ona kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinat ayrılması və ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan imtina cavabı verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 21 fevral 2011-ci ildən 21 fevral 2014-cü ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş lakin ödənilməmiş müavinətin hesabllanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim etdiyi məhkəməyə təqdim etdiyi xx.xx.2025-cü il tarixli 3-17-1/2- 140426/2025 nömrəli etirazında imtina əsaslarını müdafiə etmişdir. İş materiallarına xx.xx.2014-cü il tarixdə verilmiş M/V seriyalı 055325 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, xx.xx.2025-ci il tarixli nömrəli imtina məktubu, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-cü il tarixli 3-17-1/2-140426/2025 nömrəli etiraz və müavinət işi əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə sosial müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Bu Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Normada nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Hazırkı halda da, məhkəmə hesab edir ki, iddiaçının sosial müavinət almaq hüququ ona veteran vəsiqəsi verildiyi 21 fevral 2014-cü il tarixdən azı üç il əvvəl yarana bilərdi. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir. Hazırkı halda, iddiaçıya veteran vəsiqəsi verildiyi 21 fevral 2014-cü il tarixdən azı üç il əvvəl, yəni 21 fevral 2011-ci il tarixdən 21 fevral 2014-cü il tarixədək, sosial müavinət almaq hüququ yaransa da, həmin dövrdə iddiaçı yaşa görə əmək pensiyası aldığından “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən ona müavinət təyin edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmamışdır. Buna görə də, iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “21 fevral 2011-ci ildən 21 fevral 2014-cü ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş lakin ödənilməmiş müavinətin hesabllanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar