Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-391/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Samux rayon “Boz Dağ” massivində yerləşən 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə inzibati qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 08.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1986-cı ildən hal-hazıra kimi istifadəsində olan Samux rayonu “Boz Dağ” adlanan qış otlaq sahəsində yerləşən 887 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmasından imtina edilməsinin əsassız hesab edilməsi və bu torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı heyvandarlıqla məşğuldur. Hal-hazırda onun 3000 baş xırda buynuzlu heyvanı vardır. Onun sahibkarlıq fəaliyyəti ilə bağlı bir çox ailə onun heyvanlarını saxlamaqla ailəsinə kömək edir. Samux rayonu Xanlar rayonundan ayrılmamışdan qabaq 1986-cı ildən “Boz Dağ” masssivindəki qış otlaq sahəsindən 930 ha torpaq sahəsi ona ayrılmışdır, hal-hazırda bu torpaq sahəsi 887 hektardır. O, bu torpaq sahəsi ilə bağlı icra hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq üçün lazım olan layihə, smeta sənədləri hazırlayıb icra hakimiyyətinə təqdim etmiş, lakin ona onunla 650 ha torpaq sahəsi ilə bağlı müqavilə bağlanlmasının mümkün olduğu bildirilmişdir. Yerdə qalan ona məxsus suyun qarşısında yerləşən qışda qoyunların otarılması üçün xəsilin əkilməsi üçün nəzərdə tutulan 250 hektarın içərisində yerləşən torpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsi bağlamaqdan imtina edillər. Ona görə də iddiaçı hesab edir ki, məhkəmə qaydası ilə onunla Samux rayonu “Boz Dağ” massivindəki qış otlaq sahəsindəki 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin 31.03.2022-ci il tarixli, 2-1(114)- 391/2022 nömrəli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı 09 iyul 2016-cı il tarixli, 79 nömrəli sərəncamın etibarsız esab edilməsi barədə iddiası Samux rayonu « Boz Dağ » massivində yerləşən 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə inzibati qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 887 ha sahədən 1986-cı ildən istifadə edir, 1997-ci ildə isə Göygöl Rayon İcra Hakimiyyəti ilə 15 illik icarə müqaviləsi bağlamışdır. Həmin sahədə 2800 baş qoyun saxlayır və 2800 baş qoyunluq yataq da var. Yatağın dəyərini ödəməklə kolxozdan almışdır. O, 650 ha hissə ilə ona görə razılaşmır ki, 237 ha hissə əkin üçün yararlıdır və o hissəyə quzu üçün arpa əkir. İddiaçının vəkili X3 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, sözügdən torpaq sahəsi ilə bağlı iddiaçının icarə hüququna 2012-ci ildə xitam verilmiş, iddiaçı müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Həmin sahədə iddiaçıya məxsus yataq var və istifadə edir, həmin ərazidə taxılcılıq təsərrüfatı yaratmaq niyyətləri var, ona görə də iddaçı ilə yalnız 650 ha sahəyə dair icarə müqaviləsinin bağlanması mümkündür, qalan hissə isə taxılçılığa yönələcək. 887 ha sahənin 237 ha hissəsi relyef baxımdan taxılçılığa yararlıdır, 650 ha hissə isə qış otlaq sahəsi kimi istifadə oluna bilər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında yenilənmiş iddiaya münasibət bildirilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdeh X1 və Proqnozlaşdırılmsı şöbəsinin 25.10.2021-ci tarixli, 1280 nömrəli məktubundan görünür ki, İddiaçı ilə icarə müqaviləsinin bağlanmamasının əsas səbəbi ona Samux rayonunun « Boz dağ » massivindəki qış otlaq sahələrindən 650 ha torpaq sahəsinin onun icarəsinə verilməsinin təklif olunmasıdır. İddiaçı ona edilmiş təklifdən imtina edərək hal-hazırda qeyri-qanuni istifadə etdiyi torpaq sahəsinin onun icarəsinə verilməsini tələb edir. -surəti işə əlavə olunmuş 11.02.1997-ci il tarixli, 30 saylı Xanlar rayon İcra Hakimiyyətinin başcısının sərəncamına əsasən Xanlar rayonu, Şəhriyar sovxozunun Samux rayonu ərazisində « Boz » adlanan 18 saylı qış otlaq sahəsindən 930 ha ayrılıb 1200 baş xırda buynuzlu heyvanları saxlamaq üçün 15 il müddətində İddiaçı icarəyə verilməsi qərara alınmışdır. -surəti işə əlavə olunmuş 20.08.2020-ci il tarixli, 753 nömrəli Cavabdeh məktubundan görünür ki, iddiaçının « Bozdağ » massivindəki 18 nömrəli qış otlaq sahəsindən 250 ha torpağın heyvandarlıqla məşğul olmaq üçün icarəsinə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 2000 ha torpaq sahəsində taxılçılığı inkişaf etdirmək məqsədi ilə Aqroparkın salınması nəzərdə tutulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı uzun illərdir sahibkarlıq (heyvandarlıq) fəaliyyəti ilə məşğuldur. İddiaçı uzun müddət icarəsində olmuş və hazırda istifadəsində olan torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlaması məsələsinə baxılmasını tələb etsədə cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq iddiaçıya Samux rayonunun “Boz Dağ” massivindəki qış otlaq sahələrindən 650 ha torpaq sahəsinin onun icarəsinə verilməsi təklifindən imtina etməsini və yerdə qalan hissənin isə taxılçılığı inkişaf etdirmək məqsədi ilə ayrılacağını əsas gətirərək müqavilənin bağlanmasından imtina etməsi barədə məktubla cavab verməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -10-1.1-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. İş materillarının araşdırılması ilə müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan normanın tələblərinə uyğun olaraq öz növbəsində sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. -10-1.3.1-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Qeyd olunan normaların məzmunundan aydın olunur ki, cavabdeh orqan öz növbəsində iddiaçının müraciətinə imtina edərkən inzibati akt qəbul etməli və bu aktda torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarını əsaslandırmaqla cavab verməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq inzibati akt qəbul etməyərək və imtina hallarına istinad edilmədən, əsaslandırılmadan imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin: -1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. -2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. -4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Mövcud torpaq qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində sahibkarlıqla məşğul olan fiziki şəxslərin bu hüququqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada torpaq sahələrinin kirayə müqavilələri əsasında vətandaşları müvafiq torpaq sahələri ilə təmin edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan torpaq sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq əsaslandırılmış qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayon “Boz Dağ” masssivində yerləşən 887 ha torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati qərarın qəbul edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-391/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-391/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver