Məhkəmə qərarları › İş №2-1(114)-391/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-391/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-391/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müvafiq qanunlara uyğun olaraq dövlət qulluqçusunun dövlət məvacibinin 2 mükafata qədər artırılmış hissəsinin (cəmi 3 mükafat və 1 müavinət) və dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyaya əlavələrin: qulluq stajına görə 30 faizlik əlavənin, 15 faizlik əlavə pul ödənişi barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya məbləğinin hesablanaraq ödənilməsi və yanlış hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10722/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, noyabr 2014-cü il tarixdən dövlət qulluqçusu kimi ona pensiya təyin olunmuş, həmin vaxt 25 ildən artıq dövlət qulluğu stajı mövcud olmuşdur. Məlum olduğu kimi, pensiya təyin edilərkən «Əmək pensiyaları haqqında», «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları» və «Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” rəhbər tutulmalı idi. Lakin ona pensiya təyin olunarkən, cavabdeh tərəfindən bu qanunların, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələbləri bilərəkdən pozulmuşdur. Belə ki, bu qanunvericilik aktlarında tam aydın şəkildə qeyd edilmişdir ki, pensiyanın məbləği pensiyaya çıxanın dövlət qulluğu stajından və həmin vaxt həmin vəzifədə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibindən asılı olaraq müəyyən edilir. Eyni zamanda, dövlət məvacibinin tərkibi və hesablanması da aydın birmənalı göstərilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun 1990-2014-cü illərdə aldığı mükafatlar barədə pensiya işində məlumatlar mövcuddur, ona görə də həmin məlumatların yenidən tələb edilməsi qanunsuzdur. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, ona bildirilmişdir ki, Filiala təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci, 2.2.5-ci yarımbəndləri və 4.1-ci bəndi nəzərə alınmaqla həmin Qaydanın 3 nömrəli Əlavəsinə uyğun tərtib edilərək təqdim olunmalıdır. İddiaçının müraciətinə əsasən ödənilmiş dövlət məvacibinə dair arayışlarda mükafatlar və müavinətlərin dövlət büdcəsindən, yaxud büdcədənkənar pul vəsaitləri hesabına ödənildiyi göstərilməklə yuxarıda sözügedən 3 nömrəli Əlavəyə uyğun yenidən tərtib edilərək Mərkəzi Filiala təqdim edildikdən sonra pensiyanın yenidən hesablanması məsələsinə baxıla bilər. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-99401/2023 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya ödənilmiş dövlət məvacibinə dair arayışlarda mükafatlar və müavinətlərin dövlət büdcəsindən, yaxud büdcədənkənar pul vəsaitləri hesabına ödənilməsi göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 3 nömrəli Əlavəsinə uyğun tərtib edilərək təqdim olunmasının zəruriliyi izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.5-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayış təqdim edilməsi tələb olunur. Qaydaya 3 nömrəli Əlavənin məzmunundan görünür ki, mükafat və müavinətlər üzrə qulluq stajına əlavələrin hesablanması üçün müvafiq səlahiyyətli şəxs tərəfindən büdcə və ya büdcədənkənar əməkhaqqının tərkib hissəsinin adı, faiz həcmi, məbləğ göstərilməklə arayış tərtib edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı həqiqətən də yuxarıda qeyd olunan Qaydanın 3 nömrəli Əlavəsinə uyğun arayışı cavabdehə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin qeyd olunan məktubları imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan qanunvericiliyin tələblərinə əsasən müvafiq qanunvericiliyin tələblərini iddiaçının nəzərinə çatdırmış və ona uyğun tərtib edilmiş sənədin təqdim edilməsini izah etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar