Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-391/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixində Goranboy rayonunda anadan olmuşdur. xx.xx.1989-cu il tarixindən xx.xx.N1-ci il tarixinədək SSRİ ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Könüllü müraciəti əsasında N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmişdir. xx.xx.N2-ci il tarixində döyüş əməliyyatları zamanı ağır yaralanmış, aldığı müalicələr nəticəsiz olduğu üçün xx.xx.N2-ci il tarixində ordu sıralarından təxris olunmuşdur. xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi pensiya almışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixində əyani müayinəsinin nəticəsində ona əlillik qrupunun verilməsindən imtina edilmişdir. Səbəb kimi isə əlillik əlamətinin müəyyən edilməməsi və ağırlaşmanın olmaması kimi göstərilmişdir. İddiaçı əlavə olaraq bildirir ki, ona Müdafiə Nazirliyi tərəfindən "Müharibə Veteranı" vəsiqəsi də verilmişdir. Ancaq, həmin vəsiqəni itirmişdir. Müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edilmiş, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 413- 5690 saylı məktub ilə ona vəsiqəsinin verməsindən imtina edilmişdir. İmtina məktubu “döyüş əməliyyatları aparılan dövrdə N2-ci ilin aprelnoyabr aylarında Goranboy Ərazi Özünümüdafiə Taborunda xidməti, yaralanmağı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərinə hər hansı məlumatın olmaması ilə əsaslandırılmışdır. İddiaçı imtina ilə qətiyyən razı olmadığını bildirmiş, qeyd etmişdir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(045)- 1680/2016 saylı qətnaməsi ilə onun xx.xx.N2-ci il tarixdə ordu sıralarına daxil olmağı, xx.xx.N2-ci il tarixdə yaralanmağı, xx.xx.N2-ci il tarixdə tərxis olunmağı və müddətdən artıq xidmət keçməyi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qeyd edir ki, ordu sıralarından xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. Bu fakt isə ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsasdır. İş üzrə şifahi məhkəmə baxışı 17 mart 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddiaya etirzada qeyd edilmişdir ki, Xidmətin iddiaçıya ünvanladığı məktubda onun müraciətlərinin aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi barədə məlumat verilmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmeliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının 2.2-ci bəndinə asasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini göstərilən orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin qeydin 2-ci hissəsinin 4-cü abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçıya "Müharibə veteranı" vəsiqəsini vermiş qurum tərəfindən ona dublikat verilməlidir və bu səbəbdən hazırki iş üzrə Xidmət cavabdeh qismində çıxış edə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-90/2-Ə-8xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, ərizədə göstərilən məsələnin həlli Xidmətin səlahiyyətlərinə aid deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin katibliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-12438 nömrəli məktubunda qeyd edilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə N2-ci ilin aprel-noyabr aylarında iddiaçının Goranboy Ərazi Özünümüdafiə Taborunda xidmətini, yaralanmağını və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə ona "Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır. - iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 2187 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Keçirilmiş qapalı kəllə beyin travmasının (xx.xx.N2) dağınıq üzvi nevroloji nişanələr, asteno-nevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Sağ dirsək sinirin sağ əlin İİİ,İV,V baruaqların parezi ilə təzahür edən travmatik nevritin (N2) qalıq əlamətləri, sağ əlin funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ saidin orta 1/3-nin dəlib-keçən qəlpə yaralanmasından (xx.xx.N2) sonrakı dirsək sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sağ bazunun, sağ saidin orta 1/3-nin, sağ boyunun yumşaq toxumaların odlu qəlpə yaralanmasından sonrakı yad cismləri (metal qəlpələr) diaqnozu hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - iş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(045)-1680/2016 nömrəli qətnamədən görünür ki, ərizə təmin edilmiş, İddiaçı N iyun N2-ci il tarixdə ordu sıralarına daxil olması, 03 iyul N2-ci il tarixində yaralanması və 30 noyabr N2-ci il tarixində tərxis olunması faktı və müddətdən artıq həqiqi hərbi xidmət keçməsinə dair fakt müəyyən edilmişdir. - iş materiallarına əlavə edilmiş Goranboy rayon Polis Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 197-21782-124 nömrəli arayışdan görünür ki, iddiaçıya məxsus 048573 nömrəli veteranlıq vəsiqəsi Goranboy rayonu ərazisində itmiş, axtarış zamanı tapılmamış və tapılmış kimi Goranboy RPŞ-n daxil olmamışdır. - iş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-22/2-116/2024 nömrəli məktubuna əlavə edilmiş Müharibə veteranı vəsiqəsinin verilmə cədvlənin kserosurətindən görünür ki, siyahıda şəxsin adı X5 (1970-ci il təvəllüdlü) kimi qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş sənəddən görünür ki, 048573 nömrəli veteran vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında şəxsin adı səhv qeyd olunub. Odur ki, siyahıda ad, soyad və ata adı İddiaçı kimi oxunsun. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 2147 nömrəli məktubundan qeyd edilmişdir ki, Goranboy rayon ƏÖMB komandirinin aprel-avqust N2-ci il, N №-li nərbi hissə komandirinin avqust-noyabr N3-cü il, iyul-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Goranboy rayon ƏÖMB komandirinin sentyabr-dekabr N2-ci il, N №-li hərbi hissə komandirinin yanvar-iyul, dekabr N3-cü il, yanvar-iyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-43-22/2-1225/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı müharibə veteranı vəsiqəsinin qüvvədə olub-olmaması və veteranlıq statusunun ləğv edilməsi barədə SHXÇDX-nin Goranboy rayon şöbəsində heç bir məlumat yoxdur. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı ona verilmiş müharibə veteranı vəsiqəsini naməlum şəkildə itirdiyi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinə müraciət etmiş, müharibə veteranı vəsiqəsinin dublikatının verilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-90/2-Ə-8xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, ərizədə göstərilən məsələnin həlli Xidmətin səlahiyyətlərinə aid deyildir. Məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmiş, aidiyyət qaydalarına uyğun təqdim edilmiş, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 2-ci hissəsinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncuon birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı iddia tələbi faktiki olaraq müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ilə bağlıdır. Şəxsə müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, sonda inzibati akt qəbul edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçıya həqiqətən müharibə veteranı vəsiqəsi verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş Müharibə veteranı vəsiqəsinin verilmə cədvəlində İddiaçı adı X3 qeyd edilmişdir. Lakin, Goranboy rayon Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş sənəddən görünür ki, 048573 nömrəli veteran vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında şəxsin adı səhv qeyd olunub. Odur ki, siyahıda ad, soyad və ata adı İddiaçı kimi oxunması göstərilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(045)- 1680/2016 nömrəli qətnaməsi ilə İddiaçı N iyun N2-ci il tarixdə ordu sıralarına daxil olması, 03 iyul N2-ci il tarixində yaralanması və 30 noyabr N2-ci il tarixində tərxis olunması faktı və müddətdən artıq həqiqi hərbi xidmət keçməsinə dair fakt müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-391/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-391/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver