Məhkəmə qərarları › İş №2-1(114)-3914/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3914/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3914/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1980-ci il tarixli Б 414586 nömrəli diploma və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2024-cü il tarixli 878 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1972-ci il tarixdə Nebit-Dağ şəhəri 2 saylı Şəhər Orta Texniki Peşə Məktəbinə (2 saylı ŞOTPM) 3 saylı illik təhsil müddəti olan “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə qəbul olmuşdur və xx.xx.1980-ci il tarixdə tam əyani kursu bitirmişdir. Həmçinin ixtisas komissiyasının qərarı ilə ona 3-cü dərəcəli “Elektrik qaz qaynaqçısı” ixtisası verilmişdir.

2. 23.04.1981-ci il tarixli НТ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. PТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Şəmkir trestdə elektrik qaynaqçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Şəmkir 4 saylı Tikinti Quraşdırma sahəsində fəhlə, xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də elektrik-qaz qaynaqçısı, xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək “Şəmkir Daş bazarı”nda 5-ci dərəcəli elektrik və qaz qaynaqçısı işləmişdir.

4. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 15/KTK nömrəli və “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər olan dövrdə "xxxx" MMC-də elektrikqaz qaynaqçısı işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 8 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qaynaqçıdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahının 12 bəndinə və 7212 vəzifə koduna uyğundur.

5. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-20/2-A-9xxxx/2024 nömrəli məktubunda bildirilmişdir ki, sosial sığorta üzrə ödənişlərin şəxsi hesab vərəqələrinə işlənilməsi xx.xx.2019-cu il tarixdən sonrakı dövrlər üzrə vergi orqanları tərəfindən həyata keçirilir. Şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət büdcəsinə 300,0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

6. 18.07.2025-ci il tarixli arayışa və “Şəxsin əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı- Qazax yolunun 394-cü km-də yerləşən Şəmkir Daş bazarında VÖEN əsasında (icarə müqaviləsi ilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə 35-ci bəndinə uyğun olaraq 5-ci dərəcəli (əl ilə) elektrik və qaz qaynaqçısı vəziifəsində işləyib.

7. Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2024-cü il tarixli k-3-48-13F/2-A-529 nömrəli arxiv arayışında göstərilmişdir ki, X19 Filialında mühafizə olunan Şamxor rayon X6 əmr kitablarına əsasən xx.xx.1987-ci il tarixli 136 nömrəli əmri ilə X9 qaynaqçı təyin edilib, xx.xx.1989-cu il tarixli 124 nömrəli əmri ilə Ağır Yükgötürülümlü müəssəsinə keçmişdir. Ağır Yükgötürümlü müəssənin 1990-1994-cü illərin əmr kitabları filiala təhvil verilmədiyi üçün X7 1990-1994-cü illərdə olan əmrlərinin təsdiqi tərəflərindən mümkün olmadı. İddiaçı Böyukkişi oğlu 1987-1994-cü illərdə işləyərək əmək haqqı qazanmışdır.

8. Şəmkir "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək X4 Avtonəqliyyat İdarəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə 35-ci bəndinə uyğun olaraq, 5-ci dərəcəli (əl ilə) elektrik qaynaqçısı vəzifəsində işləyib.

9. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024cü il tarixli 3-17-1/2-A-3227xx/xx/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “X13” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən, onun güzəştli iş stajı 4 il 4 ay 27 gün (xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il və xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi hesabının sığorta hissəsində 2007-ci il üzrə 12 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay və 2013-cü il üzrə 3 ay sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan müddətləri (ümumilikdə 2 il 3 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil.. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-180931/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “X13” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən, onun güzəştli iş stajı 4 il 4 ay 27 gün (xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il və xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi hesabının sığorta hissəsində 2007-ci il üzrə 12 ay, 2008ci il üzrə 4 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay və 2013-cü il üzrə 3 ay sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan müddətləri (ümumilikdə 2 il 3 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil.

11. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 407 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cəmiyyət 1998-ci il oktyabr tarixindən özəlləşdirilmişdir. Ona görə də Cəmiyyətin 1998-ci ilə qədər olan sənədləri arxivləşdirilmişdir. Odur ki, Cəmiyyətin İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2024-cü illər haqqında heç bir məlumat yoxdur. Qeyd edilir ki, Cəmiyyətin X4 Avtonəqliyyat İdarəsi də uzun illər öncə özəlləşdirilmişdir və hazırda Şəmkir rayon Dəllər qəsəbəsində yerləşir.

12. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-20/2-104078/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasına əsasən Şəmkir "xxxx" ASC xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında uçota alınmış və ona ********** VÖEN verilmişdir.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-16979/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1198 saylı sərəncamına uyğun olaraq "xxxx" Dövlət Konserni, X15 X2 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2004-cü il tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-76681/2025 nömrəli xidməti məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 il 10 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 5 ay 1 gün (xx.xx.1977-xx.xx.1980-ci il (təhsil müddəti), xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət müddəti), xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər), həmir tarixdən sonra isə 8 il 5 ay) təşkil edir. Eyni zamanda bildirilir ki, İddiaçı 1 fevral 2025-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 22012,84 manat təşkil edirdi. II. Məhkəmədə icraat

15. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək şəraitinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 il. 10 ay 1 gün ağır olan peşədə elektro qaynaqçı işləmişdir. O, zərərli və ağır işdə çalışdığı üçün onun 60 yaşında pensiya almaq hüququ vardır. X5 12 il 6 ay zərərli sahədə işləmək yaş həddi 5 il azaldılmaqla pensiya hüququ yarandığı halda o, 25 il 10 ay 1 gün həmin zərərli peşədə işləmişdir. O, hətta Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edib xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Peşə Məktəbində “elektrik qaz qaynaqçısı" ixtisası üzrə əyani təhsil aldığı barədə məktub amışdır. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarında "elektro-qaynaqçı” peşəsi zərəli peşə hesab edilmişdir. O, əmək kibatçası, arxiv-arayışı, vöen, Vergilər idarəsindən məktub və.s sənədləri torplayıb Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Həmin fonddan ona 27 dekabr 2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. İmtinanın əsası isə guya o, 12 il 6 aydan az yəni 4 il 4 ay zərərli peşə sahəsində işlədiyi öz əksini tapmışdır. O, həmin imtinanın səhv və haqsız əsaslanması barədə yenidən həmin fonda məktub ünvanalamışdır. Həmin fonddan yenidən ona xx.xx.2025-ci ildə əsaslı imtina verilməsini bildirmişlər. Hesab edir ki, onun Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, açıq aşkar 25 il 10 ay 1 gün zərərli sahədə işlədiyi halda ona 4 il 4 ay işlədiyi bildirilir. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

27. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.

28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

32. “X13” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

33. İddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Məhkəmə qeyd edir ki, “X13” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

35. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).

36. İddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamamlansa da, o, pensiya təyinatını xx.xx.2022-ci il tarixdən tələb etdiyinə görə və həmin tarixdən pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən minimum pensiya kapitalı ilə bağlı tələb edildiyinə görə həmin məsələ araşdırma predmeti olmamışdı.r

37. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

38. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı; - xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı.

39. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, sözügedən dövrlərə aid işəgötürənin güzəşti iş arayışı təqdim edilmədiyindən həmin dövrləri iddiaçının xüsusi iş stajına aid etmək mümkün olmamışdır.

40. Mübahisə iddiaçının yuxarıda qeyd olunan dövrlərdə işlədiyi elektrik və qaz qaynaqçısı peşəsi ilə bağlıdır.

41. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

42. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

43. PТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı işləmişdir.

44. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi qaynaqçı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (35-ci bənd) nəzərdə tutulmuşdur.

45. İddiaçının Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı işlədiyi dövrlərə aid işəgötürənin arayışının əldə edilməsi faktiki olaraq (iddiaçının həmin arayışı əldə edə bilmək üçün Türkmənistan Respublikasına gedə bilməsi, işlədiyi vaxtdan uzun müddət keçməklə həmin idarənin hazırda fəaliyyətdə olub-olmaması və s. bu kimi hallar) mümkün olmaması və neft kəmərində qaynaq işlərinin aparılması işinin adi məntiqlə zərərli və ağır iş şəraitinə aid olması aşkar olan haldır.

46. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

47. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

48. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

49. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

50. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

51. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

52. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar