Məhkəmə qərarları › İş №2-1(114)-392/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-392/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-392/2022 19.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Bərdə rayon sabiq Kələntərli adına kolxozda 1981-ci il tarixdən 1982-ci il tarixə qədər, 04 may 1992-ci il tarixdən 01 iyun 2012-ci il tarixə qədər 105 saylı şəhər kitabxanasında kitabxanaçı vəzifəsində işlədiyi dövrün əmək stajına daxil edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci il tarixdən 2002-ci il tarixə qədər bir çox idarələrdə müxtəlif sahələrdə işləmişdir. 1981-ci ildən 1982-ci ilə qədər sabiq Kələntərli kolxozunda 8 nömrəli briqada işləmişdir. Daha sonra 04 may 1992-ci il tarixdən 01 iyun 2012-ci il tarixə qədər 105 saylı şəhər kitabxanasında kitabxanaçı vəzifəsində işləmişdir. Ona əmək pensiyasının verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclsalarında iddianı müdafiə edərək bildirmişdir ki, 2016-cı ildə ona çoxuşaqlı ana kimi yaşa görə müavinət təyin edilmiş, əslində isə həmin dövrdə onun tələb olunan həcmdə sosial sığorta stajı olmuşdur və həmin vaxt pensiya təyin edilməli idi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1976- 1979-cu illərə dair iş stajı barədə verilmiş arayış saxtadır. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının pensiya hüququ 2021-ci ildə yaranmışdır. Sadəcə iddiaçıya 2016-cı ildə sosial müavinət təyin olunduğuna görə və pensiya haqqında qanunun 22.5-ci maddəsinə əsasən onun 25 il stajı olmadığına görə təyin edilmir, yəni iddiaçı sosial müavinət aldığına görə pensiya amnistiyası ona tətbiq edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, ********** saylı məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair tələbi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 117 saylı arxiv arayışından görünür ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq Kələntərli kolxozunun 1981- 1982-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı kolxozda işləyərək aylıq əmək haqqı almışdır. -Bərdə rayon X1 tərəfindən verilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli arayışda görünür ki, İddiaçı həqiqətən X3 İdarəsinin Bərdə rayon X1nin 105 saylı şəhər kitabxana filialında xx.xx.1992-ci il tarixdə kitabxanaçı vəzifəsinə daxil olunub, xx.xx.2012-ci il tarixdən işdən azad edilib. -surəti işə əlavə edilmiş Hüsü Hacıyev adına Üzümçülük Sovxozu tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi sovxozda fəhlə işləmişdir. Lakin, Sovxoz ərazisi erməni işğaçıları tərəfindən işğal olunduğundan heç bir əmək stajı və əmək haqqı sənədləri mövcud deyil. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki ki, iddiaçı Bərdə rayon sabiq Kələntərli adına olan kolxozda 1981-ci il tarixdən 1982-ci il tarixə qədər, 04 may 1992-ci il tarixdən 01 iyun 2012-ci il tarixə qədər 105 saylı şəhər kitabxanasında kitabxanaçı vəzifəsində işlədiyi müddətin iş stajına daxil edilməsinin cavabdehə həvalə edilməsinin xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2016cı ildə iddiaçının çoxuşaqlı ana kimi 57 yaşında əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 2018-ci ildə əlavə edilmiş 22-1-ci maddənin tələblərinə istinad edərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh orqan tərəfindən nəzərə alınmalıdır ki, bir halda ki, iddiaçının pensiya hüququ 2016-cı ildə yaranıb, bundan sonrakı dəyişiklik iddiaçıya tətbiq oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci ildə qanunverciliyə edilmiş əlavə iddiaçının 2016-cı ildə yaşa görə əmək pensiyası yaranması hüququ faktını inkar etməməli, eləcə də hazırda tələb etdiyi hüquqi marağını məhdudlaşdırmamalıdır. Odur ki, məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -3.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar