Məhkəmə qərarları › İş №2-1(114)-392/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-392/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-392/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı evə dair tərtib edilmiş tikinti lahiyəsinə düzəliş edilərək kürsü mərtəbəsinin ayrıca olaraq birinci mərtəbə kimi qeyd edilməsi və həmin birinci mərtəbəyə dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ünvan 1 ünvanında yerləşən evə dair tərtib edilmiş tikinti lahiyəsinə düzəliş edilərək kürsü mərtəbəsinin ayrıca olaraq birinci mərtəbə kimi qeyd edilməsi və həmin birinci mərtəbəyə dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, 7-ci döngə, 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 150.9 kv.m olan fərdi yaşayış evinin tik.”A”-da 22.4 kv.m 1 yaşayış otağı, 20.0 kv.m 1 yaşayış otağının hissəsi, 33.3 kv.m köməkçi sahə, 200 kv.m torpaq sahəsi üzərində İddiaçı, tik. “A”-da 22.8 kv.m 1 yaşayış otağı, 19.5 kv.m 1 yaşayış otağının hissəsi, 33.0 kv.m köməkçi sahə, 200.0 kv.m torpaq sahəsi üzərində X2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İİ Qarabağ müharibəsi ərəfəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612S saylı sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu İşçi qrup tərəfindən iddiaçının evinə baxış keçirilmiş və evin sökülərək yenidən tikilməsi qərara alınmış, yeni tikiləcək fərdi yaşayış evinin layihələndirmə işləri başa çatdırılmış, layihəsi tərtib edilmişdir.

3. İddiaçının müraciətinə əsasən Azərbacan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının iclas protokolu əsasında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin smeta dəyəri olan 129.500 manat məbləğində vəsait İddiaçı ödənilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-35-2/2-A-22-2-20-497/2023 nömrəli məktubunda bildirilmişdir ki, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin tikintisinin əvəzində təsbit olunmuş smeta dəyərinin kompensasiya şəklində ödənilməsi Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının müvafiq protokoluna əsasən həyata keçirilir. Ona məxsus tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin tikinti layihəsi hal-hazırda ekspertiza mərhələsindədir. Təsbit olunmuş smeta dəyəri yeni layihələndirilən fərdi yaşayış evinin, habelə yardımçı tikililərin smeta dəyəri ümumiləşdirilərək müəyyən edilir. Həmçinin bildirilir ki, təsbit olunmuş smeta dəyəri ilə razılaşağı təqdirdə, habelə Komitəyə tələb olunan zəruri sənədlər təqdim edildikdən sonra müvafiq kompensasiyanın ödənilməsi həyata keçiriləcəkdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəydiyini, komitə tərəfindən evinin tikintisi üçün 129500 (bir yüz iyirmi doqquz min beş yüz) manat vəsaitin ona ödəniləcəyi təqdirdə gələcəkdə dövlət qurumları qarşısında əlavə hər hansı tələbinin olmayacağını bildirmişdir.

6. xx.xx.2023-cü il tarixli 429 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı 129500 (bir yüz iyirmi doqquz min beş yüz) manat kompensasiya ödənilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-35-2/2-A-1801-20-973/2023 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Komissiyasının təkrar baxışı nəticəsində ona məxsus fərdi yaşayış evinin sökülərək yenidən tikintisi qərara alınmış, bunun nəticəsində yeni tikiləcək fərdi yaşayış evinin layihələndirilmə işləri başa çatdırılmış, Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının müvafiq protokoluna əsasən, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin təsbit olunmuş cəmi smeta dəyərində kompensasiya məbləği xx.xx.2023-cü il tarixdə ona ödənilmişdir.

8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-23/2-A- 1008-20-663/2023 nömrəli məktubunda bildirilmişdir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyəti qurumların, eləcə də, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu İşçi qrup tərəfindən Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, döngə 7, ev 1 ünvanda yerləşən əmlaka baxış keçirilmiş və texniki vəziyyətinə dair akt tərtib edilərək (ev sahibi kimi Mehriban Abdullayeva tərəfindən imzalanaraq təsdiq edilmişdir) müvafiq tədbirlər görülməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 14 yanvar tarixli 25s nömrəli Sərəncamı ilə sözügedən hərbi təcavüz nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Eyni zamanda, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımlar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları ilə müəyyən edilmiş müvafiq məbləğdə vəsait maddi yardımların ödənilməsi məqsədilə Maliyyə Nazirliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin xəzinə hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur.

9. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli 3-18-10/2-A-xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən ünvan 3 ünvanında qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evi üçün tərəflərindən tikinti layihəsi hazırlanmışdır. Mövcud halda kürsü mərtəbəsinin hündürlüyü döşəmədən tavana qədər 2,10 m olduğu halda layihədə 2,30 m, həmin mərtəbədə otaqların divarları tam təmirli (emulsiya boyası), döşəməsi beton nəzərdə tutulub. Bununla əlaqədar bildirilir ki, layihədə nəzərdə tutulan beton döşəmənin taxta ilə əvəz olunması sifarişçinin istəyinə əsasən yerinə yetirilə bilər.

10. Məhkəmənin sorğusuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-35-2/2-1465/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində dağıdılmış, zərər çəkmiş, habelə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasının təmini məqsədilə, ünvan 1 ünvanında İddiaçı məxsus dağıdılmış evin tikinti layihəsi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən resurs metodu ilə tərtib olunmuş lokal smetalar üzrə müəyyənləşdirilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq ekspertiza rəyi ilə təsdiq edilmişdir. ünvan 1 ünvanında vətəndaş İddiaçı məxsus evə dəyən ziyanın qarşılığında müvafiq ekspertiza rəyi ilə təsdiq edilmiş, eyni zamanda həyətində yerləşən yardımçı tikililərə dəyən ziyan üçün işçi qrupu tərəfindən tərtib edilmiş qüsur aktına əsasən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən yardımçı tikililər üçün hesablanmış iş həcmləri və qiymət cədvəlində təsbit edilmiş ümumi məbləğ çərçivəsində (üstəlik xərclər, plan yığımı və layihə xərcləri istisna olmaqla) Dövlət Komissiyasının xx.xx.2021-ci il tarixli 9 nömrəli protokolunun 2.2-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı 1 Saylı Gəncə şəhər 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli **********436 nömrəli Komitə tərəfindən evinin tikintisi üçün 129.500 (bir yüz iyirmi doqquz min beş yüz) manat vəsaitin ona ödəniləcəyi təqdirdə gələcəkdə dövlət qurumları qarşısında əlavə hər hansı tələbinin olmayacağı barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı ərizəni nəzərə alaraq 129 500.00 (bir yüz iyirmi doqquz min beş yüz) manat pulun vətəndaş İddiaçı bank hesabına köçürülməsi 07 avqust 2023-cü il tarixində tərəflərindən təmin edilmişdir.

11. Məhkəmənin sorğusuna Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-6528/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli 25s nömrəli Sərəncamın 1-ci bəndinə əsasən 2020-ci il sentyabr 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunmuşdur. II. Məhkəmədə icraat

12. İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın aradan qaldırılması, evin bərpa edilməsi üçün hər kv.m-ə görə 750-800 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayının 17-də ermənilər tərəfindən Gəncə şəhərinə atılan raket nəticəsində onlara məxsus evləri ciddi dağıntıya məruz qalmışdır. Hadisədən sonra digər şəxslərə məxsus ziyan görmüş evlərdə geniş bərpa işləri getsə də, onlara məxsus evdə cüzi təmir işləri getmişdir. Belə ki, dam örtüyü yarımçıq qalıb, divarlar partlayıb, bərpa edilməyib, divar nöqsanlarını ört basdır etmək üçün divar kağızı vurublar. Vurduqları tavan örtüyü başdan sovdudur. Otaqların döşəmələri dəyişdirilməyib, qapılar dəyişdirilməyib, 1-ci mərtəbənin zirzəmisi dağılmış vəziyyətdə qalmışdır. Əl damı dağıdılmış vəziyyətdədir. Evin hamamı yerlə yeksan olmuşdur. Yerində yeni hamam tikilsə də təmir, su xətti, qidrafonu, digər avadanlıqları təhciz olunmayıb. Evi 2 mərtəbəli ev olsa da evinin 1-ci mərtəbəsini kürsü kimi yazmışlar. Nəticədə evin əvvəlki vəziyyətinə bərpa edilməsi təmin edilməmişdir. Onlar bu barədə müxtəlif dövlət orqanlarına müraciət etsələr də hamısı onları ötür-ötürlə yola verirlər. Onların evlərinin hər kv.m bərpası üçün 750-800 manat pul nəzərdə tutulsa da hər kv.m-ə görə 450 manat pul hesablanıb. Evinin kürsüsünü kv.m salmayıblar. Bildirir ki, o, evinə dəymiş ziyanın düzgün hesablanmasına dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə etdiyi müraciətə əsasən ona bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2021-ci il 14 yanvar tarixli sərəncamı ilə sözügedən hərbi təcavüz nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün evlərinin tikintisi üzrə sifarişçi funksiyalar, habelə inşa prosesində həyata keçiriləcək işlərin tikiliş və əlaqələndirilməsi dövlət şəhərsalma və arxitektura Komitəsinə həvalə edildiyindən aidiyyəti üzrə həmin qurumlara müraciət etmələri tövsiyə olunur. O, dəfələrlə cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib onlara dəyən ziyanı düzgün hesablamağı, bərpa edilməli olan hər kv.m üçün 750-800 manat pulun ödənilməsini xahiş etsə də hər dəfə müxtəlif bəhanələrlə müraciətləri müsbət cavablandırılmamışdır. Ona görə də cavabdehin üzərinə ona məxsus ünvan 1-in tam bərpa edilməsi və dəymiş ziyanın aradan qaldırılması üçün hər kv.m-ə görə 750-800 manat pulun hesablanıb ona ödənilməsi vəzifəsi qoyulmalıdr.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ünvan 1 ünvanında yerləşən evə dair tərtib edilmiş tikinti lahiyəsinə düzəliş edilərək kürsü mərtəbəsinin ayrıca olaraq birinci mərtəbə kimi qeyd edilməsi və həmin birinci mərtəbəyə dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdehin əsl cavabdeh Dövlət Komissiyası ilə əvəz edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2020-ci il 2292 nömrəli Sərəncamı ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək vəzifəsi yaradılmış Dövlət Komissiyasına həvalə edilmişdir. Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu İşçi qrup tərəfindən əmlaka baxış keçirilmiş və texniki vəziyyətinə dair akt tərtib edilərək müvafiq tədbirlər görülməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. İddiaçının yenidən müraciəti əsasında Dövlət Komissiyasının təkrar baxışı nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin sökülərək yenidən tikilməsi qərara alınmış, bunun nəticəsində yeni tikiləcək fərdi yaşayış evinin layihələndirilmə işləri başa çatdırılmış, Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının müvafiq protokoluna əsasən tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin təsbit olunmuş cəmi smeta dəyəri nəzərə alınmaqla Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə İddiaçı notarial ərizə verərək, Komitə tərəfindən evinin tikintisi üçün 129.500 (bir yüz iyirmi doqquz min beş yüz) manat kompensasiya ödənilməsi müqabilində gələcəkdə dövlət qurumları qarşısında əlavə hər hansı iddia tələbi olmayacağına dair öhdəlik götürmüşdür. İddiaçıya evinin tikintisi üçün Komitə tərəfindən xx.xx.2023-cü il tarixli 429 nömrəli ödəniş tapşırığına əsasən 129.500 (bir yüz iyirmi doqquz min beş yüz) manat kompensasiya ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

23. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İİ Qarabağ müharibəsi ərəfəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və Azərbaycan Respublikası NAzirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612S saylı sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu İşçi qrup tərəfindən iddiaçının evinə baxış keçirilmiş və evin sökülərək yenidən tikilməsi qərara alınmış, yeni tikiləcək fərdi yaşayış evinin layihələndirmə işləri başa çatdırılmış, layihəsi tərtib edilmişdir. İddiaçının müraciətinə əsasən Azərbacan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının iclas protokolu əsasında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin smeta dəyəri olan 129.500 manat məbləğində vəsait İddiaçı ödənilmişdir.

24. İddiaçı ona ödənilən 129.500 manat məbləğində vəsaitin fərdi yaşayış evinin tikintisi üçün kifayət etmədiyini, yəni aldığı vəsaitlə evin tikintisini başa çatdıra bilmədiyini, bunun səbəbi kimi isə tikinti layihəsində evinin birinci mərtəbəsinin kürsü kimi qeyd edilməklə, ona müvafiq məbləğin hesablanadığını əsas gətirərək, hazırkı tələbində ünvan 1 ünvanında yerləşən evə dair tərtib edilmiş tikinti lahiyəsinə düzəliş edilərək kürsü mərtəbəsinin ayrıca olaraq birinci mərtəbə kimi qeyd edilməsi və həmin birinci mərtəbəyə dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

25. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona məxsus olmuş evin 2 mərtəbəli olduğunu, lakin işçi qrup tərəfindən evə baxış keçirilərkən 1-ci mərtəbənin kürsü kimi yazıldığını göstərsə də, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda da evin 1 mərtəbəli olduğu qeyd edilmişdir.

26. Digər tərəfdən, Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində dağıdılmış, zərər çəkmiş, habelə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasının təmini məqsədilə, ünvan 1 ünvanında İddiaçı məxsus dağıdılmış evin tikinti layihəsi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən resurs metodu ilə tərtib olunmuş lokal smetalar üzrə müəyyənləşdirilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq ekspertiza rəyi ilə təsdiq edilmişdir.

27. ünvan 1 ünvanında İddiaçı məxsus evə dəyən ziyanın qarşılığında müvafiq ekspertiza rəyi ilə təsdiq edilmiş, eyni zamanda həyətində yerləşən yardımçı tikililərə dəyən ziyan üçün işçi qrupu tərəfindən tərtib edilmiş qüsur aktına əsasən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən yardımçı tikililər üçün hesablanmış iş həcmləri və qiymət cədvəlində təsbit edilmiş ümumi məbləğ çərçivəsində (üstəlik xərclər, plan yığımı və layihə xərcləri istisna olmaqla) Dövlət Komissiyasının xx.xx.2021-ci il tarixli 9 nömrəli protokolunun 2.2-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı 1 Saylı Gəncə şəhər 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəydiyini, komitə tərəfindən evinin tikintisi üçün 129500 (bir yüz iyirmi doqquz min beş yüz) manat vəsaitin ona ödəniləcəyi təqdirdə gələcəkdə dövlət qurumları qarşısında əlavə hər hansı tələbinin olmayacağını bildirmişdir.

28. Bundan sonra xx.xx.2023-cü il tarixli 429 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı 129500 (bir yüz iyirmi doqquz min beş yüz) manat kompensasiya ödənilmişdir.

29. Göründüyü kimi, iddiaçının özünün razılığı ilə ona məxsus evə dəymiş ziyanın qarşılığında ona 129500 (bir yüz iyirmi doqquz min beş yüz) manat kompensasiya ödənilmişdir.

30. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir. Ona görə də iddia mümkün sayılmamalıdır.

31. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

33. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar