Məhkəmə qərarları › İş №2-1(114)-3927/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3927/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3927/2024 23.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun işə bərpa olunması üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1969-cu il 14 sentyabr tarixində Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, 1995-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirmiş, Bərdə rayon Telman Qurbanov adına Xan Qaraqoyunlu kənd tam orta məktəbində işləmişdir. O, ilk öncə öz ixtisası üzrə 3 il dərs tədris etmiş, daha sonra qeyri-əsas dərs, Həyat bilgisi və Fiziki tərbiyə dərslərini tədris etmişdir. O, hər iki valideynini itirmiş, ailə həyatı dağılmışdır. Tək-tənha yaşayır, həyatının mənası olan müəllim ixtisasını icra etmişdir. Yaşamaq üçün əlində olan yeganə məqsəd budur. İşlədiyi məktəbdə 7 saatlıq dərs tədris edir, 264 manat maaş almışdır. İşinə arxayın olaraq ehtiyacı olduğu üçün 25 dekabr 2023-cü il tarixdə Kapital Bankdan 4800 manat məbləğində 36 aylıq ödəmə müddəti ilə kredit götürmüşdür. Maaşı ilə həm kreditini ödəyirmiş. O, xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak etmişdir. O, imtahanı Bərdə rayonu 3 nömrəli məktəbdə ikinci şans imtahanında iştirak edərkən imtahan verdiyi kompyuterdə yaranan texniki problemlər ucbatından verə bilməmiş və kəsilmişdir. Belə ki, 1 saat deyilmiş ki, o imtahan suallarını cavablayırmış, birdən ekranda imtahanın bitdiyi qeyd olunmuşdur. O, nəzarətçini çağırıb şikayətini bildirmiş, texniki problemi həll etmişlər, lakin bir az keçməmiş problem yenidən ortaya çıxmışdır. Ona verilən imtahan vaxtı kompyuterlə savaşmaqla keçdiyi üçün nəticədə keçid balı olan 30 balı belə toplaya bilməmiş, cəmi 25 bal toplamışdır. Halbuki o, öz üzərində işləmiş, imtahana yaxşıca hazırlaşmışdı. Onun imtahandan keçməməyi savadsızlığından deyil, kompyuterdə yaranan texniki problemlər ucbatından olmuşdur. İmtahandan keçmədiyi üçün 27 iyun 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işinə xitam verilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən yeganə qazanc yeri işlədiyi müəssisə olan şəxslərin işdən azad edilməsi qadağandır. Qeyd edilənləri əsas gətirən iddiaçı onun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ araşdırılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə üzrə iddiaçının tələbi onun əmək müqaviləsinin ləğv edilməsinə əsas olmuş 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəllər işlədiyi müəllim vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Ona görə də, “Dövlət qulluğu haqqında” Qanuna əsasən, iddiaçı dövlət qulluqçusu olmadığından onun tələbləri inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyildir. Müvafiq olaraq həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İddiaçıya izah olunmalıdır ki, o, məsələyə dair müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar