Məhkəmə qərarları › İş №2-1(114)-393/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-393/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-393/2020 29.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə qarşı tibbi müayinədən keçmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, müharibə əlilliyi almaq məqsədilə X3 müayinədən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Göygöl RPŞ-nin xx.xx.1994-cü il tarixli 24 nömrəli əmri ilə xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə və xx.xx.1994-cü il tarixli 29 nömrəli əmri ilə xx.xx.1994-xx.xx.1994-cü illərdə erməni işğalçılarına qarşı Murovdağ ərazisində gedən döyüşlərdə iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış, alın və sol qaş üstü nayihəsinin və sol diz qapağının sıyrılmış qəlpə yaraları, qapalı kəllə beyin travması beyin sirkələnməsi travmaları almışdır. xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə akademik Z.Məmmədov adına Gəncə şəhər X4 xəstəxanasının travmatalogiya şöbəsində stasionar müalicə almışdır. Hazırda Qarabağ əlilliyi almaq üçün onun tibbi həkim komissiyasından keçməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qəlpə yaralarını minamyot mərmisinin partlaması nəticəsində almış, mərmilərin partlaması nəticəsində başına daş-qaya parçaları düşmüşdür. Həmin xəsarətləri 7-8 nəfər döyüş yoldaşları ilə birlikdə almış, onlardan da bir neçəsi həmin vaxt xəsarət almışlar, eləcə də həmin şəxslər onun xəsarət alması ilə bağlı şahidlik edə bilərlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Baş Əməliyyat və X1 xx.xx.2016-cı il tarixli 012-39149Q-3216 nömrəli arxiv arayışının məzmunundan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Göygöl rayon Polis şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, Göygöl RPŞ-nin xx.xx.1994-cü il tarixli 24 nömrəli əmri ilə (xx.xx.1994-xx.xx.1994) və xx.xx.1994-cü il tarixli 29 nömrəli əmri ilə (xx.xx.1994-xx.xx.1994) erməni işğalçılarına qarşı Murovdağ ərazisində gedən döyüşlərdə iştirak etmişdir. -akademik Z.Məmmədov adına Gəncə şəhər X4 xəstəxanası tərəfindən xx.xx.2007ci il tarixdə verilmiş xəstənin tibbi kartasından çıxarışın məzmunundan görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə xəstəxanasının travmatalogiya şöbəsində stasionar müalicə almışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 02950302Q-32191 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarının 7.3 bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən İddiaçı xəsarətinin səbəbli əlaqəsi barədə qərar çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarının 7.3 bəndinə əsaslanaraq iddiaçının xəsarətinin səbəbli əlaqəsinin müəyyənləşdirilməsinin müvafiq arayış olmadığına görə mümkün olmadığını bildirsə də həmin qərarın 7.4 bəndində müvafiq şahid ifadələri ilə həmin məsələnin həlli yolu öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.3 bəndində qeyd olunmuşdur ki, Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Həmçinin həmin Əsasnamənin 7.4 bəndində göstərilmişdir ki,hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. -Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Bundan başqa həmin Əsasnamənin 7.5-ci bəndində qeyd olunmuşdur ki, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Beləliklə məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab etməklə üzərinə mövcud qanunvericiliyin tələbinə əsaslanaraq iddiaçının şəhadətləndirilməsi öhdəliyinin qoyulması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3 maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı aldığı xəsarətlərin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə müvafiq komisiyasından müayinədən keçirilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar