Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3931/2024 27.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi ilə, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə inzibati işə baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qızı X3 Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfində ödənişsiz əsasla təhsil alması və məktəbə qeydiyyat üçün onlardan əvvəlcədən alınmış 2 aylıq təhsil haqqının (yüz manat) geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, 1996-cı ildə orta məktəbi, 2000-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, 2016-cı ilədək Azərbaycan Silahlı Qüvvələrində peşəkar zabit kimi xidmət etmişdir. Xidməti ərzində mayor hərbi rütbəsinə qədər yüksəlmiş və 5 medalla təltif olunmuş, hazırda ehtiyatda olan baş zabit kimi Müdafiə Nazirliyinin Gəncədəki Avtomobil Təmiri Zavodunda sex rəisi vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. Qızı - X1 şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfinə qəbul olmaq üçün xx.xx.2024-cü ildə Cavabdeh tərəfindən Gəncə şəhər Uşaq İncəsənət Məktəbində keçirilən qəbul imtahanında iştirak etmiş, imtahan nəticələrinə dair verilən elektron bildirişdə qızının 67,6 bal topladığı və qəbul olunmadığı bildirilmiş, lakin imtahanın ümumi nəticələri, qəbul yerlərinin sayı və qəbul olanların hansı balı toplaması ilə bağlı heç bir məlumat təqdim olunmamışdır. O, bu kimi məqamlara aydınlıq gətirilməsi və imtahan nəticələrinin yenidən qiymətləndirilməsi üçün Mədənəniyyət Nazirliyinə elektron qaydada apellyasiya şikayəti vermisdir. Bundan sonra, apellyasiya şikayətinin araşdırılması üçün Cavabdehnə dəvət edilmiş, həyat yoldaşı X6 iştirakı ilə keçirilən görüşdə imtahan vaxtı aparılmış videoqeydiyyat görüntülərinə baxılmış və övladının qəbul edilməməsi ilə bağlı qərar qüvvədə saxlanılmışdır. Bundan sonra onlar xx.xx.2024-cü il taridə yenidən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin **********-410 nömrəli qaynar xətt nömrəsinə müraciət etmişlər. Müraciətə cavab verən və özünü Lalə xanım kimi təqdim edən əməkdaş onun övladının ancaq ödənişli qrupa yerləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Onlar başqa çıxış yol qalmadığı və vaxt məhdudiyyəti olduğu üçün bu qərarla razılaşmışlar. Daha sonra o, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən musiqi məktəblərində ödənişli qrupların açılmasının qanunvericilik bazası ilə maraqlanmış, bu zaman məlum olmuşdur ki, bu cür məktəblərin fəaliyyətinin tənzimlənməsi üçün əsas hüquqi sənəd olan AR Mədəniyyət Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 8.2-ci bəndində bu məktəblərin dövlət büdcəsindən maliyyələşdiyi qeyd olunur. Bununla yanaşı, sözügedən sənədin 3.10-cu bəndində ödənişli siniflərin təşkilindən danışılır, ancaq dövlət büdcəsindən maliyyələşən müəssisədə ödənişli siniflərin yaradılmasının hansı normativ hüquqi akta əsaslandığı qeyd olunmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia qaldırmaqda hüquqi marağı qızı X3 Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfində ödənişsiz əsasla təhsil alması və məktəbə qeydiyyat üçün onlardan əvvəlcədən alınmış 2 aylıq təhsil haqqının (yüz manat) geri qaytarılmasına nail olmaqdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağından göründüyü kimi, qızı X3 Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinə qeydiyyatı üçün əvvəlcədən ödədiyi məbləğ (yüz manat) həmin məktəbin hesabına ödənilmişdir. Bundan başqa iddiaçı həmin məktəbdə qızının ödənişsiz əsaslarla təhsil almasını istəyir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehi düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsinin 4.10-cu bəndinə əsasən, ödənişli təhsil üzrə Məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılır. Ödənişli təhsil üzrə təhsil haqqının məbləği İdarə tərəfindən müəyyən edilir. Zərurət yaranarsa və ya Məktəb rəhbərliyinin mülahizəsinə görə təhsil haqqını Məktəb direktoru daxili əmrlə artıra, Məktəbin maddi imkanları yol verdiyi halda azalda və ya şagirdi təhsil haqqından azad edə bilər. Ödənişli təhsil üzrə təhsil haqqı hər tədris ilinin 10 ayı üçün müəyyən olunmuş qaydada ödənilir. Sentyabr, oktyabr, noyabr aylarının 15-dək Məktəbə qəbul olan uşaq, yeniyetmə və gənclər həmin ayın təhsil haqqını tam ödəyir. Ayın 15-dən sonra qəbul olanlar isə həmin ay üçün təhsil haqqının 50%-ni ödəyir. Tədris ili başlandıqdan sonra Məktəbə ödənişli təhsil üzrə qəbul olan uşaq, yeniyetmə və gənclər təhsil haqqını qəbul olunduğu aydan etibarən tədris ilinin sonunadək müvafiq aylar üzrə müəyyən olunmuş qaydada ödəyir. Təhsil haqqı təhsil alan tərəfindən müvafiq bank hesablarına köçürülmə yolu ilə ödənilir. Təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığı ilə bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş edilməzsə şagird direktorun əmri ilə Məktəbdən xaric edilə bilər. Hər yeni tədris ilinin əvvəlində təhsil haqqı birinci və sonuncu aylar üçün ödənilir. Təhsil haqqı üçün ödənilmiş vəsait geri qaytarılmır. Nümunəvi Əsasnaməsinin 8.7-ci bəndinə əsasən, məktəb, ödənişli təhsil üzrə daxil olan vəsaitdən əmək haqqı, qanunla müəyyən edilmiş sosial və digər ayırmalar və xərclər ödənildikdən sonra əldə olunan gəlirin qanunamüvafiq qaydada təyinatı və tələbatı üzrə xərclənməsi işində sərbəstdir. Əldə olunan gəlir ödənişli təhsilin inkişafına, maddi-texniki bazanın yüksəldilməsinə və qanunamüvafiq qaydada digər təyinatlar üzrə istifadə oluna bilər. Ödənişli təhsil və digər fəaliyyət sahələri ilə bağlı ortaya çıxan hər hansı bir məsələ qanunamüvafiq qaydada həll olunur. Göründüyü kimi, hazırki iddia tələbi üzrə Cavabdeh deyil, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi olmalıdır. Belə olan halda Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi inzibati orqan olmadığından işə inzibati məhkəmədə deyil, müvafiq rayon(şəhər) məhkəməsində mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilməli olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd olunmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı qızının Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfində ödənişsiz əsasla təhsil alması və məktəbə qeydiyyat üçün onlardan əvvəlcədən alınmış 2 aylıq təhsil haqqının (yüz manat) geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı qızının Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfində ödənişsiz əsasla təhsil alması və məktəbə qeydiyyat üçün onlardan əvvəlcədən alınmış 2 aylıq təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-3931/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3931/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver