Məhkəmə qərarları › İş №2-1(114)-3934/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3934/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3934/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir Rayon Məhkəməsinin 2(076)- 39/2010-saylı 16 fevral 2010-cu il tarixli qətnaməsi ilə mülkiyyətimə verilmiş Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən mərhum anası Zərnişan Kazımovadan miras qalmış torpaq sahəsinin qətnamə üzrə ona aid tanınmış 5/12 hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində qeydə alınması və bu barədə mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(076)-39/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı mərhum atası X1 qanun üzrə, mərhum anası X3 vəsiyyəti üzrə vərəsəsi tanınması, Torpağın mülkiyyətə verilməsinə dair JN-039 A saylı şəhadətnamə üzrə mərhum X2 miras qalmış Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəliyinin müəyyən edilməsi, İddiaçı həmin ümumi birgə mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsinin miras qalan ½ hissəsini qəbul etməsi faktının müəyyən edilməsi və ümumi həyətyanı sahənin mirasa aid 5/12 hissəsinin onun mülkiyyətinə verilməsi, iddia tələbinin miras evə tanınma, miras evin qəbul edilməsi faktının müəyyən edilməsi və miras evə mülkiyyət hüququ verilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-726/2024 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, İddiaçı cavabdehlər X4 və X5 qarşı “miras əmlaka vərəsəliyin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma və mirasın mülkiyyətə verilməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(076)-39/2010 nömrəli icra sənədinin icra edilməsi üçün icraya yönəldilməsi qərara alınmışdır.

3. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2025ci il tarixli 3-21-3-40/2-K-0002-35/25 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına həmin qeydiyyatın aparılması üçün əsas olan, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs (vərəsə) tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxılacaqdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-39/2010saylı 16 fevral 2010-cu il tarixli qətnaməsi ilə mülkiyyətinə verilmiş Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən mərhum anası Zərnişan Kazımovadan miras qalmış torpaq sahəsinin qətnamə üzrə ona aid tanınmış 5/12 hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində qeydə alınması və bu barədə mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 39/2010-saylı xx.xx.2010-cü il tarixli qətnaməsi ilə onun Şəmkir rayon Təzəkənd kəndi ərazisində mərhum anası X3 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınmışdır. Həmçinin, həmin qətnamə ilə mərhum anasının mülkiyyətində olmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-039 saylı şəhadətnamə üzrə Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik müəyyən edilmişdir. Sözügedən qətnamə ilə ümumi birgə mülkiyyətdə olan 0.07 ha həyatyanı torpaq sahəsinin mirasa aid 5/12 hissəsinin onun mülkiyyətinə verilməsi qət edilmişdir. Beləliklə, anasından miras qalmış torpaq sahəsinin qətnamə üzrə ona düşən və mülkiyyətinə verilməsi qət olunan 5/12 hissənin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün iş üzrə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizədə qoşmada torpağa dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi və qətnamənin surətləri əlavə olunmuşdur. Qeyd olunan ərizəsində cavabdehə bildirmişdir ki, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüquqularının qeydiyyata alınması və buna müvafiq çıxarış alınması indiyədək həyata keçirilməmişdir. Baxmayaraq ki, həmin iş üzrə cavabdeh qurum vaxtilə 2010-cu ildə 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Hətta Şəmkir Rayon Məhkəməsi tərəfindən həmin qətnamənin icra olunması ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmənin göstərişinə əməl olunmamışdır. Odur ki, qətnamə üzrə payına düşən və mülkiyyətinə verilməsi qət olunan torpaq sahəsinə dair mülkiyytə hüquqlarının dövlət qeydiyyatına alınmasını və bu barədə müvafiq çıxarış verilməsini cavabdeh qurumdan xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı ona xx.xx.2025-ci il tarixli məktubu ilə imtina verərək hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan və eyni zamanda torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tələb etmişdir. Hesab edir ki, cavabdehin imtina məktubunda qeyd olunan hallar əsassızdır. Ona görə ki, onun qeyd olunan torpaq üzərində hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınıb. Hazırki iş üzrə cavabdeh, qeyd olunan məhkəmə prosesində vaxtilə 3-cü şəxs qismində iştirak etmişdir və işin hallarına dair məlumatı var idi. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin məhkəmə prosesinə 3-cü şəxs qismində vaxtilə cəlb edildiyi həmin 2(076)-39/2010 saylı Şəmkir Rayon Məhkəməsində (sədrlik edən: Elçin Xasməmmədov) gedən mülki məhkəmə icraatı zamanı iş üzrə tərəfindən iddiaçı olaraq məhkəməyə təqdim edilmiş bütün lazım olan sənədlər əsasında məhkəmə işi araşdıraraq sonda torpaq üzərində miras əmlaka pay hüququnu 5/12 hissədə tanımış və həmin hissədə torpağın mülkiyyətinə verilməsini qət etmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Bu o deməkdir ki, məhkəmə aktı ilə torpaq sahəsinin mülkiyyətinə verilməsi qət olunan hissədə torpaq üzərində mülkiyyət hüququ mütləqdir və məhkəmənin həmin qətnaməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında AR Qanununa əsasən cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. AR Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Lakin, nədənsə iş üzrə cavabdeh qurum qanuni qüvvəyə minmiş qətnamə əsasında mülkiyyətinə verilməsi qət olunmuş torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq istəmir. Bu səbəbdən hesab edir ki, cavabdeh bu hərəkəti qanunsuzdur (hüquqlarını qeydiyyata almamaqla) və onun eyni zamanda mülkiyyət hüquqları pozulmuşdur. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

9. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(076)-39/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı mərhum atası X1 qanun üzrə, mərhum anası X3 vəsiyyəti üzrə vərəsəsi tanınması, Torpağın mülkiyyətə verilməsinə dair JN-039 A saylı şəhadətnamə üzrə mərhum X2 miras qalmış Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəliyinin müəyyən edilməsi, İddiaçı həmin ümumi birgə mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsinin miras qalan ½ hissəsini qəbul etməsi faktının müəyyən edilməsi və ümumi həyətyanı sahənin mirasa aid 5/12 hissəsinin onun mülkiyyətinə verilməsi, iddia tələbinin miras evə tanınma, miras evin qəbul edilməsi faktının müəyyən edilməsi və miras evə mülkiyyət hüququ verilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)- 726/2024 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, İddiaçı cavabdehlər X4 və X5 qarşı “miras əmlaka vərəsəliyin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma və mirasın mülkiyyətə verilməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(076)-39/2010 nömrəli icra sənədinin icra edilməsi üçün icraya yönəldilməsi qərara alınmışdır.

13. İddia tələbinin məzmunundan və iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallardan görünür ki, X6 hazırkı iddianı qaldırmaqda hüquqi marağı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(076)-39/2010 nömrəli qətnaməsinin tam və düzgün şəkildə icra edilməsinə yönəlmişdir və bunu müstəqil inzibati iddia qaydasında mübahisələndirir.

14. Hansı ki, bu halda, iddiaçı öz marağını inzibati məhkəmə icraatında yeni iddia açmaqla deyil, məhkəmə qərarının icrası qaydasında mübahisələndirməli, başqa sözlə, məhkəmə qərarının məcburi icra tədbirləri vasitəsilə icra edilməsinə dair ərizə ilə müraciət etməlidir.

15. Əks hal eyni məsələ (mübahisə) üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir.

16. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar