Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3938/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qərarın ləğvi və ünvanlı sosial yardımın dayandırıldığı gündən bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ailəsinə verilən Ünvanlı Dövlət Sosial Yardımın təyin edilməsindən imtina edilməsi və 1 il müddətinə sosial yardım almaq hüququnun məhdudlaşdırılması haqqında cavabdehin qərarının ləğv edilməsi və sosial yardımının dayandırıldığı gündən bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi aztəminatlı olduğu üçün onlara ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, 3 azyaşlı övladı var və qazancı dolanışıq üçün kifayət etmir. Lakin bir gün əvvəl telefonuna gələn mesajla xəbər tutmuşdur ki, onlara verilən ünvanlı sosial yardım dayandırılıb. Səbəbini aydınlaşdırdıqda isə məlum olmuşdur ki, guya həyat yoldaşının adında maşın var. Halbuki yoldaşının adına maşın yoxdur, 10 ildən artıq müddət bundan əvvəl adına etibarnamə olub və ləğv edilib. Ailənin istifadəsində maşın yoxdur. Həmçinin avtomaşınlar barədə cavabdeh müvafiq informasiya sistemi ilə onsuz da məlumat əldə edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ərinin avtomobili yoxdur, 4-5 il əvvəl atasının maşınını sürüb. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə X2 və X3 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizəbəyənnamədə qeyd olunmuş məlumatlara əsasən ailəyə xx.xx.2023-cü il tarixdən aylıq 497,35 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı "ərizəbəyənnamə"də ailə üzvlərinin mülkiyyətində və ya istifadəsində hər hansı nəqliyyat vasitəsinin olmasını bildirməmişdir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16 /2-98437/2023 nömrəli arayışa əsasən iddiaçının əri X1 etibarnamə ilə istifadəsində üç ayrı nəqliyyat vasitəsinin olduğu aşkar edilmişdir. Müvafiq cədvəldə sözügedən nəqliyyat vasitələrinin qeydiyyat nişanı, markası və modeli, həmçinin kim tərəfindən hansı müddətlərə istifadəyə verilməsi haqqında ətaflı məlumatlar əks olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən ailəyə təyin edilmiş ünvanlı sosial yardımın ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu müvafiq bildirişindən görünür ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixli, **********20603 nömrəli müraciətinin təmin edilməsimdən imtina edilmişdir. -işə əlavə edilmiş Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 016-601 nömrəli arayışından görünür ki, Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsinin Nəqliyyat Vasitələrinin Qeydiyyatı sisteminə əsasən Şəmkir rayonu Könüllü kəndində qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X1 mülkiyyətində avtonəqliyyat vasitəsi qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında və 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aidiyyəti müraciətinə əsasən ailəsinə xx.xx.2023-cü il tarixdən aylıq 497,35 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindan daxil olmuş məlumata əsasən iddiaçının əri X1 etibarnamə ilə istifadəsində üç ayrı nəqliyyat vasitəsinin olduğu aşkar edildiyindən ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsipləri, təyin olunmasının hüquqi əsasları və bu sahədə yaranan digər münasibətlər “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. -3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3-cü maddəsinə əsasən bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının :- -1.1. bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. -3.1. bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. -4.3. bəndinə əsasən Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. -4.4. bəndinə əsasən Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Məhkəmə cavabdehin ünvanlı sosial yardımın alınması üçün iddiaçının müraciətindən imtina edilməsinə dair bildirişinə münasibətdə qeyd edir ki, nəqliyyat vasitəsinin etibarnamə əsasında şəxsin istifadəsində olması “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə zidd deyil, çünki sözügedən Qaydalarda şəxsin ailə tərkibi, əmlakı və gəliri haqqında məlumat verilməsi tələb olunur, etibarnamə əsasında istifadə olunan əmlak isə mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin əmlakı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi hər-hansı əşyanın şəxsin əmlakı hesab edilməsi həmin əşyanın şəxsin adına dövlət qeydiyyatı ilə şərtləndirilmişdir. Odur ki, hazırki iş üzrə iddiaçının ərinin istifadəsində etibarnamə əsasında avtonəqliyyat vasitəsinin olması həmin əşyanın sonuncunun əmlakı kimi qiymətləndirilməsinə əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun :- -10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. -10.2-ci maddəsinə əsasən Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin ünvanlı sosial yardımın alınması üçün iddiaçının müraciətindən imtina edilməsinə dair bildirişi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmamışdır. Odur ki, cavabdehin ünvanlı sosial yardımın alınması üçün iddiaçının müraciətindən imtina edilməsinə dair de4cd31b8bfa4bb5be1143a95d785c4b nömrəli bildirişi ləğv edilməli və iddiaçının ailəsinin ünvanlı dövlət sosial yardımının dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ünvanlı sosial yardımın alınması üçün İddiaçı müraciətindən imtina edilməsinə dair de4cd31b8bfa4bb5be1143a95d785c4b nömrəli bildiriş-qərar ləğv edilsin və ünvanlı dövlət sosial yardımının dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3938/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3938/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver