Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-394/2022 21.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Rayon Qeydiyyat Şöbəsinə qarşı oğlu X4 10.01.2006-cı il tarixli 04 saylı doğum akt qeydində Əhmədov soyadının dəyişdirilərək, Məhəbbətli kimi qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçılar) cavabdeh Şəmkir Rayon Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.01.2006-cı il tarixdə anadan olmuş oğlu X4 doğum akt qeydində Əhmədov soyadının dəyişdirilərək, Məhəbbətli kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 23.01.2005-ci il tarixdə anadan olmuş oğlu X3 doğum haqqında akt qeydində Əhmədov kimi, doğum haqqında şəhadətnamədə isə Məhəbbətli yazılmışdır. Buna görə də X7 şəxsiyyət vəsiqəsi ala bilmir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 03.12.2021-ci il tarixli, 05/Q-5595 nömrəli məktubla bildirmişdir ki, bu, onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmələri tövsiyyə olunur. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini X4 doğumu haqqında qeydin təsdiqlənmiş surəti; iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş kserosurəti; X5 məxsus 10.01.2006-cı il tarixdə verilmiş, AZ-l 716199 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş kserosurəti; cavabdehin 03.12.2021-ci il tarixli 05/Q-5595 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, X8 23.01.2005-ci il tarixdə doğulmuş, bu barədə Şəmkir Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında 10.01.2006-cı il tarixdə 4 nömrə ilə qeyd aparılmışdır. İddiaçı Şəmkir Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək X4 doğum akt qeydində Əhmədov kimi qeyd olunmuş soyadının düzəldilərək, Məhəbbətli kimi qeyd edilməsini xahiş etmişdir. Cavabdeh 03.12.2021-ci il tarixli iddiaçıya ünvanladığı 05/Q-5595 nömrəli imtina məktubunda uşağın soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçı övladı X1 öz soyadına, yaxud atası X2 uyğun deyil, “Məhəbbətli” kimi dəyişdirilməsini arzu edir ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının oğlunun soyadının dəyişdirilməsi qanunamüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir Rayon Qeydiyyat Şöbəsinə qarşı oğlu X4 10.01.2006-cı il tarixli 04 saylı doğum akt qeydində Əhmədov soyadının dəyişdirilərək, Məhəbbətli kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-394/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-394/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver